Türklərə qadağa, kürdlərə dəstək – İranın ikiüzlü siyasəti

“İranın siyasətində türk xalqına qarşı ayrı-seçkilik daha çox nəzərə çarpır. Türklər silahlı mübarizə aparmadığı halda, İranda fəaliyyət göstərən qeyri-qanuni silahlı kürd təşkilatlarına müəyyən dövrlərdə daha çox güzəştlər göstərilir. Bu, bir tərəfdən türklərin sivil yolla haqlarını müdafiə etməsi, digər tərəfdən isə İrandakı bəzi digər etnik qrupların silahlı təşkilatlar yaratması ilə təzad yaradır”
Bunu Moderator.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib.
Politoloqun sözlərinə görə, İranda yaşayan bəluclar da öz silahlı qruplaşmalarına sahibdirlər və İranın ərazisindən ayrılmaq istəyirlər. Lakin Tehran rejiminin türklərə qarşı olan siyasəti daha sərtdir:
“Bu, İranda türklərə qarşı ayrı-seçkiliyin daha dərin bir səviyyəyə çatdığını göstərir. Məsələn, İran hökuməti kürdlərin milli bayramlarını qeyd etməsinə icazə verir, amma türklərin Novruz bayramı kimi mühüm milli bayramları qeyd etməsini əngəlləyir. Məsələn, İsrailin və ya Böyük Britaniyanın baş naziri eyni cür bir bəyannamə versəydi, bu, heç kim tərəfindən tənqid edilməzdi. Çünki başqa xalqların mədəniyyətləri və bayramları çox zaman geniş şəkildə qəbul edilir və təbliğ edilir. Əgər bir xalqın mədəniyyətinə aid bir əlamətdar gün başqa xalqlar tərəfindən qeyd olunarsa, bu, mütləq şəkildə tənqid olunmamalıdır. Lakin, eyni yanaşmanı İranın daxilində tətbiq etmək, xüsusilə türk mədəniyyəti ilə bağlı, çox fərqli reaksiyalar yaradır. Hətta, iranlı kinolarda belə, kürd mədəniyyətinə aid bəzi nüanslara yer verilir, lakin bir dəfə də olsun türk mədəniyyəti və adətləri haqqında hər hansı bir şey göstərilmir. Bu da türklərə qarşı təbliğatın nə qədər çox olduğunu və ayrı-seçkiliyin hökm sürdüyünü göstərir.
Türklər, İranın dövlət quruluşunda və tarixində mühüm rol oynamış, bu torpaqlarda əsrlər boyu hökmranlıq etmiş xalqdır. Lakin, hazırda fars millətçiliyinin üstünlüyü ilə, türklərin tarixi və mədəniyyəti görməzdən gəlinir. Bu, öz növbəsində, İranda yaşayan türklərin haqlarının tapdanmasına gətirib çıxarır. İranın tarixində türklərin oynadığı rolu gözardı edərək, yalnız fars mədəniyyətini təbliğ etmək, ölkənin bir çox etnik qruplarının arasında gərginlik və ayrı-seçkiliyə səbəb olur. Urmiya şəhərində türklərin sıxışdırılması, yerli türklərin ərazilərində kürdlərin yerləşdirilməsi və əhali nisbətinin dəyişdirilməsi də bu diskriminasiyanın bir hissəsidir. Bu vəziyyət İran prezidentinin bəzi çıxışlarında da özünü göstərir. Məsələn, İran prezidenti türk dilində bir şeir oxuduqda, buna göstərilən münasibət tamamilə fərqlidir. Əgər həmin şeir erməni və ya fars dilində oxunsaydı, bunun fərqli bir reaksiya alacağı şübhəsizdir. Bu, İrandakı türkofobiyanın nə qədər dərinləşdiyini və bunun ciddi bir təhlükə yaradığını göstərir. Bu, artıq bir patoloji türkofobiya vəziyyətinə çevrilib”.
Polise.az