Urmiyada gərginlik: Türklərlə kürdlər arasında qarşıdurma planı kimlərə sərf edir?

Güneydə Azərbaycan türklərinin kürdlərin ərazi iddialarına qarşı başlatdığı etiraz aksiyaları davam edir. Bu etirazlar yalnız yerli əhali arasında deyil, həm də bölgənin geosiyasi vəziyyətindəki dəyişiklikləri əks etdirir. Bəs Urmiyada türklərlə kürdləri üz-üzə qoymaqda məqsəd nədir? ABŞ-İran münasibətlərinin kəskinləşdiyi dövrdə belə bir etirazın olması kimlərə sərf edir?

Bu barədə Moderator.az-a danışan Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi ekspert Mübariz Göyüşlü deyir ki, İran çoxmillətli bir ölkədir və burada türklər, kürdlər, farslar, bəluclar, ərəblər və digər millətlərin nümayəndələri yaşayırlar:
“Belə bir dövlətdə etnik qruplar arasında hər hansı bir gərginliyin, qarşıdurmanın olması mümkün ehtimaldır. Adətən millətlərarası gərginliyi də kənardan müəyyən qüvvələr qızışdıraraq, İranda gərgin atmosferi saxlamağa çalışırlar. Məqsəd İran dövlətini zəiflətmək, parçalamaq, onun regional və qlobal təsirlərini məhdudlaşdırmaqdır. Eyni zamanda , türklərlə kürdlər arasında bir qarşıdurma yaratmaq o qüvvələrin planlarına daxil ola bilər. Türklərlə kürdlər arasında ədavət salmaq metodu yeni deyil. Etnik qruplar arasında qarşıdurma yaratmaq planı uzun illərdir tətbiq olunur və bu yalnız İranda deyil, həmçinin Türkiyədə, İraqda və Suriyada da müşahidə edilən bir tendensiyadır. Lakin İranda da bu proseslər daha geniş bir şəkildə cəryan edir. Belə etirazların, qarşıdurmaların olması çox risklidir, çünki bu cür qarşıdurmalar genişlənə bilər və dövlətə çox ciddi şəkildə təsir edə bilər və İran dövlətçiliyini sarsıda bilər. İranın təhlükəsizliyinə ciddi təhdid yaradan bu planı xaricdə Qərb ölkələrinin institutları və ya onlar tərəfindən idarə olunan qüvvələr hazırlaya bilər. Bu, çox təhlükəli bir məsələdir. ABŞ-İran münasibətlərinin kəskinləşdiyi bir dövrdə, belə etirazların olması, İran dövlətinin regional siyasətindən narazı qüvvələrə, o cümlədən ABŞ, İsrail və bəzi Qərb ölkələrinə sərf edir. Əslində, bu, bir alovun üstünə benzin tökmək kimidir. Bu mənada millətlərarası, etnik münaqişənin olması çox risklidir və təhlükəli nəticələr doğura bilər”.
Polise.az