Vüqar Səfərli öz ifadəsi ilə “trol ordusu” iddialarını gündəmə qaytardı

Hüquqşünas: “Saxta hesabdan normal bir fikir yazılırsa, burada hər hansı bir hüquqi məsuliyyət yaranmır”; YAP-çı deputat: “Həmin trollar baxır hansı məqsədlə saxlanılıb…”

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdəki icraçı direktoru Vüqar Səfərli istintaqda Əli Həsənov və Ramiz Mehdiyevə qarşı ifadə verib. Hazırda həbsdə olan və 25 milyon manata yaxın pulun mənimsənilməsində ittiham edilən Vüqar Səfərli istintaqa ifadəsində icra etdiyi əməllərlə bağlı tapşırıqları Prezidentin sabiq köməkçisi Əli Həsənovdan aldığını deyib və əlavə edib ki, sonuncu da bunların Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin göstərişi olduğunu bildirib.

Yada salaq ki, Vüqar Səfərli ifadəsində 2009-cu ildə onlara verilən ofisin əlverişsiz olduğunu deyib. İfadəsində qeyd edib ki, daha sonra Əli Həsənovla görüşərək bu barədə danışıb: “Kuratorumuz Əli Həsənovun otağında onunla danışanda o, özünə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 23L ünvanında yerləşən binada yer təklif etdi. Həmin bina əvvəllər ”Azərmətbuatyayımı” ASC-nin balansında olub. “Azərmətbuatyayımı” ASC-ni təsis edən müəssisə isə “Kaspi Az” MMC-dir. Həmin MMC-nin təsisçisi, yəni sahibi kuratorumuz Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevadır. Mən Əli Həsənovun təklif etdiyi bina ilə tanış olduqda Fondun fəaliyyəti üçün münasib yer olduğunu gördüm. Həmin binanın Əli Həsənovun ailəsinə məxsus olduğuna görə yox, şəraiti və yerləşmə yeri münasib olduğuna görə üçüncü mərtəbədə yerləşən 371 kvadratmetr sahəni rəsmi müqavilə ilə icarəyə götürdüm. 2019-cu ildə ilkin bağlanmış icarə müqaviləsinə dəyişiklik edilərək əvvəllər həmin binada yerləşən “Bilik Fondu”ndan boşalan ikinci mərtəbədəki 421 kvadratmetrlik sahəni də icarəyə götürdük. Həmin müqaviləni Əli Həsənovun oğlu Şamxal Həsənovla bağladım. Çünki həmin bina rəsmi qaydada Şamxal Həsənovun adına keçirilmişdi. Əlavə 421 kvadratmetrlik sahənin icarəyə götürülməsini mənə Əli Həsənov tapşırdı. Hətta məsələdən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin də məlumatlı olduğunu dedi və göstəriş verdi ki, Ramiz Mehdiyevin adına bu barədə məktub ünvanlayım. Əli Həsənovun dediyinə görə, həmin yeri icarəyə götürülən sahədə internet bloqerləri oturaraq fəaliyyət göstərməli idi. Həqiqətən də bir neçə bloqer həmin otaqlarda oturaraq qeyri-rəsmi formada fəaliyyət göstərirdilər”.

“Bəli, Əli Həsənovun yönəltdiyi ”trol ordusu”nun ən fəal əsgərlərindən biri də mənəm”

Əslində Əli Həsənovun trol ordusu saxlaması xəbəri yeni deyil. 2019-cu ilin dekabrında Əməkdar jurnalist Azər Həsrət şəxsi profilində Əli Həsənovun idarə etdiyi “trol ordusu”nun ən fəal əsgərlərindən olduğunu etiraf edib. Sitat: “Yəqin kimlərsə bu yazımı Əli Həsənovun işdən azad edilməsini mübahisə mövzusuna çevirmək cəhdim kimi qələmə verəcək. Elədirmi? Bu sualın cavabını lap sonda verəcəm. Hələliksə, görün, nə deyirəm. Bəzən olur ki, etiraf anı gəlir. Uzun müddət müzakirələr olur, kimlərsə nəyisə etiraf etməkdən qorxur, çəkinir. Başqa biriləri də çəkinmədən etiraf edir. Biz ikincilərdənik. Etiraf etməkdən çəkinmərik. Bu dəfə də elədir. O məlum və məşhur ”trol” məsələsilə bağlı etirafım olacaq. Bəli, Əli Həsənovun yönəltdiyi “trol ordusu”nun ən fəal əsgərlərindən biri də mənəm. Etiraf edirəm bunu. Boynuma alıram. O “trol”lardan biri, bir çox hallarda birincisi mənəm: Azər Həsrət”.

“Həmin müqaviləni Əli Həsənovun oğlu Şamxal Həsənovla bağladım”
Azər Həsrət deputatlığa namizəd oldu

Daha sonra Azər Həsrət özünün “trol fəaliyyətini” aşağıdaki səbəblərlə izah edir: “Hər şeydən öncə qeyd edim ki, bütün yazı-pozularım o ”troluq” fəaliyyəti çərçivəsində olmayıb. Bir çox yazılarım, çıxışlarım şəxsi təşəbbüsüm olub. Özəlliklə də baş verməkdə olan ictimai-siyasi proseslərə, Azərbaycan Prezidentinin, Birinci vitse-prezidentin üzərinə gələnlərə verdiyim reaksiyalar anidən – şəxsi qərarımla olub. Yaxud da Azərbaycan dövlətinə yan baxan hər kəsin – istər dış, istər iç ünsürlərin qarşısına çıxmağı özümə borc bilmişəm, bu yöndə əlimdən gələni edib zərbələri öz üzərimə çəkmişəm. Həm də ümumilikdə hakimiyyətin üzərinə gələn bəlli radikal ünsürlərin də qarşısına çıxmağı özüm üçün bir vəzifə sanmışam, daim bunu etmişəm. Hətta bir çox hallarda ortada yeyib qıraqda dolananlar yaxasını kənara çəkərkən şəxsən mən heç bir dəvət, xahiş, tapşırıq gözləmədən hərəkətə keçmişəm… Əli Həsənovun “trol”u olaraq daim TV kanallarında çıxışlar etmiş, şərh və təhlillər yazaraq cəmiyyəti bilgiləndirməyə çalışmışam”.

Azər Həsrətin həmin çıxışından 1 ay əvvəl, 2019-cu ilin noyabrında Əli Həsənov BBC Azərbaycanca-ya müsahibəsində “trol ordusu” saxlaması haqda suala belə cavab vermişdi: “Tamamilə yalandır. Əvvəla Azərbaycan mediasındakı bugünkü vəziyyət Azərbaycan cəmiyyətinin inkişafına adekvatdır. Azərbaycanda media azadlığı, söz azadlığı var, fikir plüarizmi mövcuddur. Bunu heç kim inkar edə bilməz. Bunu yazanların özü əgər belə yaza bilirsə, bu, o deməkdir ki, fikir plüarizmi var. O ki qaldı hansısa trollar ordusuna, guya o trollar ordusuna mən rəhbərlik edirəm, mənim getməyimlə o trollar ordusunun fəaliyyəti dayanacaq, bu da tamamilə yalan və böhtandır. Azərbaycanda heç bir trol ordusu yoxdur”.

2020-ci ildə Feysbuk-un rəsmi saytında sentyabr və oktyabr aylarının ilk günlərində dünya boyunca bloklanan saxta hesab şəbəkələri barədə hesabat dərc edilib. Hesabatın Azərbaycana aid hissəsində deyilir ki, Feysbuk ölkəyə bağlı 589 hesab, 7906 səhifə və 447 Instagram hesabını “əlaqələndirilmiş saxta davranışa” görə bağlayıb.

Bəs Vüqar Səfərlinin ifadəsi Əli Həsənovla yanaşı Ramiz Mehdiyevin də məhkəmədə dindirilməsi üçün əsas yaradırmı?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, məhkəmə istintaqının tam və hərtərəfli aparılması iş üzrə son nəticədə ədalətli qərar çıxarmağa imkan verir: “Çox təəssüf ki, son illər Azərbaycan məhkəmələrində daha çox tələm-tələsik qərar verilməsi, hökm çıxarılmasının şahidi oluruq. Məhkəmələrdə işin birbaşa nəticəsinə təsir edəcək ifadələr dinlənilmir, sübut-dəlillər araşdırılmır. Hakimlər tez bir zamanda işi yekunlaşdırıb qərar, hökm çıxarmağa tələsirlər. Halbuki Cinayət Prosessual Məcəlləsinin tələbinə görə, məhkəmə araşdırmasının obyektivliyini təmin etmək hakimin vəzifəsidir. Yəni Vüqar Səfərli deyirsə ki, bu məsələdə Əli Həsənovla və Ramiz Mehdiyevdən göstərişlər alıb, bu halda hər iki şəxs məhkəməyə şahid qismində dəvət olunub dindirilməlidirlər.  Aydınlaşdırılmalıdır ki, onlar Vüqar Səfərliyə belə bir göstəriş veriblərmi? Veriblərsə, həmin göstərişin qanuni və ya qanunsuz olması məsələsi müzakirə, araşdırma predmeti ola bilər”.

Vüqar Səfərlinin məhkəməsi bu tarixdə KEÇİRİLƏCƏK

“O zaman müvafiq maddə ilə cinayət işi başlana bilər”

Hüquqşünas Vüqar Səfərlinin trol saxlamaqla bağlı fikirlərinə də münasibət bildirib: “Vüqar Səfərlinin ifadəsindən belə aydın olur ki, Əli Həsənovun oğlunun icarəyə verdiyi ünvanda onun göstərişinə əsasən internet bloqerlər yerləşib, qeyri-rəsmi fəaliyyət göstəriblər. Belə anlaşılır ki, həmin internet bloqerlər sosial şəbəkələrdə Əli Həsənov və Ramiz Mehdiyevin ünvanına tənqid yazanlara qarşı fəaliyyət göstəriblər, onlara Prezident Administrasiyasından hazır cavablar, məqalələr göndərilib, həmin internet bloqerlər də özlərinin hesabları üzərindən paylaşıb onları müdafiə ediblər.

Burada bir neçə məqam aydınlaşdırılmalıdır:

Həmin internet bloqerlər kimlər olub;

Həmin internet bloqerlərə ödənilən vəsaitin mənbəyi dövlət büdcəsi olubmu?

Olubsa, həmin vəsaitin bloqerlərə ödənməsini kim tapşırıb?

Əli Həsənovla Ramiz Mehdiyevin xeyrinə çalışan bu şəxslərin internet resursları üzərindən göstərdikləri fəaliyyət qanunidirmi?”

Belə götürəndə saxta hesabdan normal bir fikir yazılırsa, burada hər hansı bir hüquqi məsuliyyət yaranmır. Amma əgər anonim hesablarla konkret kimsə hədəfə alınırsa və onun şərəf və ləyaqətini nalayiq formada alçaldır və yaxud da qanunla qadağan olunmuş informasiyalar yayırsa, o zaman müvafiq maddə ilə cinayət işi başlana bilər”.

Vüqar Səfərli milyonlarla vəsaiti Əli Həsənovla əlbir olub talayırdı” -  Sabiq deputat | KONKRET

Trolu İnformasiya Təhlükəsizliyi Departamenti axtarıb tapa bilir!

Hüquqşünas saxta hesab sahiblərinin müəyyən edilməsinin mümkün olduğunu vurğulayıb: “Cinayət işi başlanarsa, bu halda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində İnformasiya Təhlükəsizliyi Departamenti həmin hesabın sahibini müəyyənləşdirə bilir. Bu hesab hansı nöqtədən, hansı İP-dən qoşulur, bu kimi texniki parametrləri müəyyən edə bilir və həmin şəxsin tapılması mümkündür. Əgər şəxs ölkə xaricindədirsə və böhtan və təhqirdən əlavə hər hansı cinayətə, məsələn, ölümlə hədələməyə yol verərsə, cinayət işi çərçivəsində onun müəyyən edilməsi və məsuliyyətə cəlb olunması tələb oluna bilər”.

Hüquqşünas deyir ki, internetdə bloq sahibi olub orada fikirləri bölüşmək, əlbəttə ki, qanuni fəaliyyətdir və buna görə kimsə təqsirləndirilə bilməz: “Amma internet üzərindən bir və bir neçə şəxsin maraqlarından çıxış edərək digər istifadəçiləri təhqir etmək, aşağılamaq cinayət məsuliyyəti yaradır. Bunu vəzifəli şəxslərin təhriki ilə ediblərsə, bu məsələ də araşdırılmalı, hüquqi qiymət verilməlidir. Həmin internet bloqer cinayəti kimin təhriki, maraqları çərçivəsində edibsə, həmin şəxsin də məsuliyət məsələsi müzakirə olunub hüquqi qiymət verilə bilər”.

Sevinc Hüseynova — Vikipediya

Sevinc Hüseynova

“Yeni Müsavat” əməkdaşı məsələ ilə bağlı YAP-çı deputat Sevinc Hüseynovanın da fikirlərini öyrənib. Deputat deyib ki, internet bloqerlərin, trolların saxlanılmasının qanuni və ya qanunsuz olması araşdırılmalıdır: “Həmin trollar baxır hansı məqsədlə saxlanılıb. Ölkədə qanun nəyə icazə verirsə, o fəaliyyət olar. Hər kəs qanun qarşısında məsuliyyət daşıyır. Kimisə dəvət edib internetdə kimlərəsə qarşı istifadə etmək baxır hansı məqsədlə olub, indiki halda məhkəmənin qərarını gözləmək lazımdır. Hazırda iş aparılır, işin yekununda fikir bildirmək olar”.

Mənbə
musavat.com
Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş

Close
Back to top button
Close