Xalqa bağışlanmış ömürdən anlar: 2003-cü ilin iyun-dekabrı
AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini – xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.
X X X
3 iyun. Prezident Heydər Əliyev Böyük Britaniyanın Energetika və Sənaye nazirini qəbul etdi.
Türkiyənin Jandarm Qüvvələrinin baş komandanı Şener Eruygurun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.
4 iyun. ABŞ Dövlət Departamentinin Xəzərin enerji diplomatiyası üzrə müşaviri Stiven Mənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
7 iyun. Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyətini qəbul etdi.
11 iyun. Türkiyənin səhiyyə naziri Rəcəb Akdağı qəbul etdi.
14 iyun. ABŞ-ın Azərbaycandakı səfiri Ross Uilsonla görüşdü.
18 iyun. Yunanıstan xarici işlər nazirinin müavinini qəbul etdi.
4 iyul. Türkiyənin ədliyyə naziri Cəmil Çiçəklə görüşdü.
8 iyul. Avropa İttifaqının nümayəndə heyətini qəbul etdi.
Təhlükəsizlik Şurasının iclasını keçirdi.
“Gülhanə” Hərb Tibbi Akademiyasında tibbi müayinədən keçmək üçün Ankaraya yola düşdü.
4 avqust. Milli Məclisə müraciət göndərərək İlham Əliyevin Azərbaycan Respublikasının Baş naziri təyin edilməsi haqqında məsələnin müzakirəsini tövsiyə etdi.
6 avqust. Müalicə və müayinəsini davam etdirmək üçün Ankaradan ABŞ-ın Klivlend şəhərinə getdi.
1 oktyabr. Azərbaycan xalqına müraciət edərək prezident seçkilərində namizədliyini özünün siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bəyan etdi və seçkilərdə onun namizədliyini dəstəkləməyə çağırdı.
12 dekabr. Heydər Əliyev Bakı vaxtı ilə saat 19:00-da Klivlend klinikasında vəfat etdi.
14 dekabr. Heydər Əliyevin cənazəsi Bakıya gətirildi.
15 dekabr. Respublika Sarayında Heydər Əliyevlə ümumxalq vidalaşma mərasimi keçirildi.
Heydər Əlirza oğlu Əliyev Fəxri xiyabanda dəfn olundu.
X X X
Ulu Öndər həyatda olmasa da, mənən xalqı ilə birlikdədir
Heydər Əliyev xalqa bağışladığı ömrünün son aylarına, son günlərinə qədər doğma Vətənin gələcəyini, xalqının taleyini düşünürdü. Səhhətində ciddi problemlər yaşandığı bir vaxtda – 2003-cü il oktyabrın 1-də Klivlenddən Azərbaycan xalqına tarixi müraciəti bunun bariz sübutudur.
Ulu Öndər müraciətində qeyd edirdi ki, istər bir azərbaycanlı və vətəndaş, istərsə də prezident kimi, həyat amalı yalnız bütün varlığı qədər sevdiyi Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücünü və iradəsini müdrik və qədirbilən xalqından alıb. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqına arxalanıb. Ona dözüm və iradə verən, bütün uğurlarını təmin edən məhz bu amil olub.
Müraciətdə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində yaranmış problemlərə toxunulur, milli dövlətçiliyimizin dağıdılması cəhdlərinin qarşısının alınması, dövlət müstəqilliyinin dönməzliyinin təmin edilməsi, ictimai-siyasi sabitliyə nail olunması, respublika iqtisadiyyatının inkişaf yoluna çıxarılması, taleyüklü bir çox digər məsələlərin həlli tarixi nailiyyət kimi dəyərləndirilirdi. Heydər Əliyev əminliklə bildirirdi ki, Azərbaycanın pozulmuş ərazi bütövlüyü, qaçqın və köçkünlərin öz yurd-yuvasına qaytarılması problemi də mütləq öz həllini tapacaq.
Sitat: 1990–1993-cü illərdə respublikamızda yaranmış siyasi və hakimiyyət böhranından, idarəsizlik və qarmaqarışıqlıqdan istifadə edən Ermənistan ordusu Azərbaycanın torpaqlarını işğal etdi, bir milyondan çox soydaşımızı qaçqın və köçkün vəziyyətinə saldı. Daxildə ölkə vətəndaşları bir-birinə qarşı silahlı toqquşmaya, qarşıdurmaya təhrik edildi, dövlətimizi və dövlətçiliyimizi məhv etməyə, dağıtmağa nə qədər səylər göstərildi. Biz bütün bunların qarşısını aldıq. Lakin xaos və anarxiya dövründə Azərbaycanın pozulmuş ərazi bütövlüyünü, qaçqın və köçkünlərin öz yurd-yuvasına qaytarılması problemini hələ də həll edə bilməmişik. Mən əminəm ki, biz bu məsələni də mütləq həll edəcəyik. Buna baxmayaraq, bu illərdə xalqımız və dövlətimiz üçün taleyüklü əhəmiyyət kəsb edən məsələləri həll edə bilmişik. İlk növbədə, dövlətçiliyimizin əsasını təşkil edən ictimai-siyasi sabitliyə nail olmuş, milli birlik və qanunların aliliyinə söykənən vətəndaş cəmiyyətinin təməlini qoymuşuq. İkincisi, hər bir dövlətin, onun yaşamasının qayəsini təşkil edən ölkə iqtisadiyyatını yenidən qurmuşuq, inkişaf yoluna çıxarmışıq. Üçüncüsü, Azərbaycan xalqının istək və arzularının ifadəsi olan, özünün bütün müvafiq təsisatlarına malik güclü, demokratik dövlətimizi qura bilmişik, onun müstəqilliyinin dönməzliyini təmin etmişik. Yalnız milli birliyə, ictimai-siyasi sabitliyə malik, iqtisadiyyatı dinamik inkişaf edən, güclü dövlət təsisatları olan, demokratik və vətəndaş cəmiyyətinə əsaslanan müstəqil dövlətlə hər şeyi, o cümlədən ərazi bütövlüyü və digər məsələləri həll etmək olar. Əminəm ki, bu məhz belə də olacaq”.
Ümummilli Lider həyatının 60 ilini xalqının bu günü və sabahı ilə yaşamışdı. Xalqa və Vətənə həsr olunmuş bu mənalı ömrün son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçmişdi. Lakin hələ tamamlanmamış, axıra çatdıra bilmədiyi planları vardı. Son vaxtlar səhhətində yaranan problemlər başladığı bütün işləri tamamlamağa imkan vermirdi. 2003-cü ilin prezident seçkilərində iştirak etmək üçün onun da namizədliyi irəli sürülmüşdü. Yüz minlərlə insan seçki kampaniyasına qoşularaq Heydər Əliyevin təbliğatını aparırdı.
Bu və digər məqamların yer aldığı müraciətində Ulu Öndər onun namizədliyini irəli sürən və dəstəkləyən insanlara, bütün Azərbaycan xalqına dərin təşəkkürünü bildirərək namizədliyini özünün siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bəyan etdi. Əmin olduğunu bildirdi ki, onun axıra çatdıra bilmədiyi taleyüklü planları, işləri İlham Əliyev başa çatdıracaq.
Sitat: Üzümü sizə – həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Belə də oldu. Ötən 20 il Ulu Öndərin öz inamında nə qədər haqlı olduğunu təsdiqlədi. Eyni zamanda, onun təsdiqi oldu ki, cismani yoxluğuna baxmayaraq, Heydər Əliyev mənən öz xalqı ilə birlikdədir.
Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin tamamlaya bilmədiyi işləri məntiqi sonluğuna çatdırdı
2003-cü ilin oktyabrında müdrik xalqımız yenə düzgün seçim edərək hakimiyyət sükanı arxasına Ulu Öndərin siyasi varisi İlham Əliyevi gətirdi, taleyini ona etibar etdi.
Prezident İlham Əliyev Ümummilli Liderin yaratdığı möhkəm təməl üzərində qüdrətli, dünyada sözü keçən yeni bir Azərbaycan qurdu. Vaxtilə xəyal kimi görünən arzuları reallığa çevirdi, Ulu Öndərin tamamlamağa imkan tapmadığı işləri məntiqi sonluğuna çatdırdı.
Dünya tarixinə nəzər salsaq görərik ki, bəzi dövlətlərin bir əsrdə keçdiyi yolu Azərbaycan 20 ildə keçib. Bu, Ulu Öndərimizin həmişəyaşar ideyaları, Prezident İlham Əliyevin nəticəyə hesablanmış qərarları, dünyadakı mövcud reallıqlara adekvat siyasəti, çevik diplomatik gedişləri sayəsində mümkün olub.
Azərbaycanın son 20 ildə qazandığı uğurların zirvəsində Qarabağ Zəfəri dayanır. Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək xalqımızın yurd həsrətinə son qoydu, Azərbaycanı qalib ölkəyə çevirdi. Çoxəsrlik tariximizdə bənzəri olmayan Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olundu.
Azərbaycan Prezidenti müharibədə olduğu kimi, quruculuq işində də sonsuz qətiyyət və əzmkarlıq nümayiş etdirir. İşğaldan azad edilmiş ərazilərdə zəruri infrastruktur obyektləri ilə paralel olaraq, yaşayış kompleksləri, məktəb binaları tikilib istifadəyə verilir, yenilərinin təməli qoyulur, sənaye parkları yaradılır. Bütün bunlar Böyük Qayıdışın geniş perspektivindən xəbər verir. İndiyədək yüzlərlə ailə doğma yurda qayıdıb, azad olunmuş ərazilərə yaxın üç ildə 140 min insanın köçürülməsi nəzərdə tutulur.
Son 20 il Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən davamlı islahatlarla da səciyyəvidir. Ölkə həyatının bütün sahələrini əhatə edən, inqilabi xarakter daşıyan islahatlar strategiyası Azərbaycanı tanınmaz dərəcədə dəyişdirib, modernləşdirib, idarəetmədə yeni konfiqurasiya yaradıb.
Azərbaycan bu gün dünyanın iqtisadi cəhətdən dinamik inkişaf edən ölkələri sırasında yer alır. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” ilə başlanğıcı qoyulan bu inkişaf yolu sonrakı dövrdə Xəzər dənizini Aralıq dənizini birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft-boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Asiya və Avropa arasında yük daşımaları üçün mühüm qovşaq olan Bakı-Tbilisi-Qars dəmir yolu, Avropanın enerji xəritəsini dəyişən Cənub Qaz dəhlizi layihələri ilə davam edib. Təşəbbüskarı bilavasitə Prezident İlham Əliyev olan bu nəhəng transmilli energetika və nəqliyyat layihələri Azərbaycanı dünya iqtisadiyyatında mühüm oyunçuya çevirib.
Xarici siyasətə gəlincə, ölkəmizin beynəlxalq arenada mövqelərinin möhkəmlənməsi istiqamətində göstərilən səylər öz bəhrəsini verib. Müasir dünya siyasətinin incəliklərinə dərindən bələd olan Prezident İlham Əliyevin çevik diplomatik gedişləri nəticəsində 2011-ci ildə Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. Bu da öz növbəsində Azərbaycanın pozulmuş ərazi bütövlüyü məsələsini beynəlxalq gündəliyinə çıxarmaq imkanını daha da genişləndirdi.
Eyni zamanda, BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına uğurlu sədrlik və Prezident İlham Əliyevin bu çərçivədəki qlobal təşəbbüsləri həm respublikamızın, həm də Hərəkatın beynəlxalq nüfuzunun yüksəlməsinə vəsilə oldu. Qoşulmama Hərəkatı ölkələrinin Azərbaycanın ədalətli və haqlı mövqeyinə dəstəyi ölkəmizə qarşı bəzi ədalətsiz qərarların qarşısının alınmasında mühüm rol oynadı.
Ulu Öndərin ən böyük arzularından biri Türk dünyasının bir araya gəlməsi, vahid mövqe və platformadan çıxış etməsi idi. Bu ideyanı irəlilədən Azərbaycan Prezidenti Türk dövlətlərinin daha sıx birləşməsi üçün davamlı səylər göstərir, öncüllük nümayiş etdirir. Həmçinin qardaş Türkiyə ilə münasibətlər dərinləşərək strateji müttəfiqlik səviyyəsinə yüksəlib.
Bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Çünki işğal altındakı torpaqlarımız azadlığına qovuşub. Azərbaycan onun arzuladığı səviyyəyə yüksəlib. Xalqımız əmindir ki, bu zəfərlərin davamı gələcək, Ulu Öndərin parlaq ideyalarının işığında yeni-yeni uğur zirvələri fəth ediləcək.