Xankəndinə şübhəli zənglər və bölgəni ruslaşdırmaq planı
Rusiyanın dəyişən tavrına nəzərən bəlkə də yaxın aylarda “nə oldu Paşinyan?” əvəzinə, bu dəfə “nə oldu, yoldaş Putin?” soruşmaq lazım gələcək…
Ermənistanla sərhəddə və Qarabağda artan gərginlik fonunda Xankəndidə siyasi hərəkətlilik var. Belə ki, Azərbaycan ərazilərinə qayıtmış, Allahın indi də su ilə imtahana çəkdiyi köçmən ermənilərin ağıldan kəm rəhbərliyi separatçı bölgələrlə əlaqələrini artırıblar.
Özünü hələ də “xarici işlər naziri” adlandıran David Babayan son bir neçə gündə tanınmamış Dnestryanı bölgənin və Cənubi Osetiya-Alaniya adlandırılan “respublikanın” “xarici siyasət idarələrinin” başçıları ilə telefonla danışıb. Erməni mediası yazır ki, tərəflər əməkdaşlığı daha da genişləndirməyin və dərinləşdirməyin, qarşılıqlı maraq doğuran məsələlər üzrə mütəmadi müzakirələrin aparılmasının vacibliyini vurğulayıblar.
Təxminən bir ay əvvəl həmin bu Babayan ümidsiz danışaraq, Qarabağ ermənilərinin “reanimasiya şöbəsində” olduğunu, sonda isə, “ya həlak olacağıq, ya da hamımız buradan gedəcəyik”, demişdi. Son günlər isə verdiyi müsahibələrdə xeyli arxayınlaşmış kimi görünən Babayanın iki separatçı “cırtdan” bölgənin rəhbərləri ilə təmaslar qurması təsadüfi deyil. Rusiya sülhməramlılarının arxasında gizlənərək mövqelərimizi atəşə tutan, dünənədək ümidsizliyə qapanmış Babayan və onun kimilərinin indi “şirə dönmələrinin” səbəbi də aydındır. Rusiyanın nəfəsini, Qərbin dəstəyini hiss edən kimi yenə buynuzları gicişdi, sığındıqları kölgəni özlərinin olduğunu zənn etdilər. Qarabağda ilk separatçılıq hərəkatı məhz bu cür “xırda işlərdən” başlamışdı, sonra böyüdü və qarşısıalınmaz prosesə çevrildi, ermənilər Rusiyanın dəstəyi ilə torpaqlarımızı işğal etdilər.
Rusiyanın dəyişən tavrına nəzərən bəlkə də yaxın aylarda “nə oldu Paşinyan?” əvəzinə, bu dəfə “nə oldu, yoldaş Putin?” soruşmaq lazım gələcək. Prezident İlham Əliyevin “CNN-Türk”ə son müsahibəsində Rusiya və rusiyalı sülhməramlılarla bağlı dedikləri rəsmi Bakının hələ də təmkinli mövqe tutduğuna işarə idi. Amma mənim diqqətimi bir cümlə daha çox cəlb etdi. Prezident Ermənistanın silahlandırılması barədə danışarkən “Rusiya bizim qonşumuz, Ermənistanın strateji müttəfiqidir” fikrini işlətdi. Nəticə çıxarmaya tələsməyək, amma bu ifadəni yadda saxlayaq…
Xankəndi ermənilərinin separatçı bölgələrlə əlaqələri yeni deyil, müharibədən əvvəlki illərdə də qondarma “dqr”i separatçıların toplantılarında görmək mümkün idi. Amma indiki təmaslara mütləq fərqli yanaşmaq lazımdır. İşğal zonası xeyli daralıb, ermənilərin fəxr edəsi nə müharibə xatirələri var, nə əvvəlki ərazilər. Amma indi Qarabağda da Dnestryanı və Cənubi Osetiyada olduğu kimi Rusiya sülhməramlıları var. Yadınızdadırsa, sülhməramlılar köçmən erməniləri Laçın dəhlizindən keçirməklə Qarabağa daşıyanda Xankəndində qəribə söz-söhbətlər yayılmışdı. Ermənilər deyirdilər ki, sülhməramlılar onları təkcə himayə etməyəcək, həm də onlara Rusiya pasportları veriləcək. Çünki Ukraynanın şərqi də daxil, Rusiyanın rəsmi və ya qeyri-rəsmi ordu bilrləşmələrinin olduğu yerlərdə bu “praktikadan” geniş istifadə edilir.
Xankəndi ermənilərinin qanunsuz fəaliyyət göstərən rəhbərliyinin Dnestryanı və Cənubi Osetiya bölgələri ilə təmasları Moskvanın şübhəli planlarından xəbər verir. Qarabağın Rusiya ilə sərhədi yoxdur, bu səbəbdən köçmən ermənilərin məskunlaşdığı ərazilərimizdə ruslaşdırma siyasəti aparmaq bir qədər çətin olacaq. Amma bir neçə ay əvvəl Xankəndindəki qondarma “parlament” rus dilini bölgədə ikinci dil elan etdi. Necə ki, Cənubi Osetiya və Dnestryanı da bu, ikinci dil çoxdan “qanuniləşdirilib”.
“Ermənilər Rusiya vətəndaşlığını istəyirlər, biz də veririk” deyərək, Moskva bölgəni “ruslaşdıra” və tam nəzarəti altına ala bilər. Bu səbəbdən də ilk mərhələdə ermənilərin separatçı bölgələrlə əlaqələrini möhkəmlətməyə ehtiyac var. Bu “cırtdanları” özlərindən və Rusiyaya yarınan Latın Amerikasının üçüncü sort ölkələrindən başqa tanıyan yoxdur. Amma bunların bir-birini “tanıması”, Qarabağ ermənilərinin aktiv olaraq “cırtdanlara” əlaqələrini genişləndirməsi, hətta Xankəndində olmasa da, məsələn, elə Moskvada “sammit” keçirmələri, yeni planlar hazırlamaları mümkündür. O səbəbdən Xankəndinə edilən zənglərə diqqət yetirməmiz lazım, bu siyasi oyunbazlıqları gündəmə gətirərək etiraz etməliyik. Həm Moskva, həm İrəvan ən azı bu təhlükəli planlardan xəbərdar olduğumuzu bilməlidirlər.
…“Div” Rusiyanın “cırtdanlara” həmişə ehtiyacı olub. Amma nağıl qəhrəmanı cırtdanın bir gün divi aldadaraq suda boğduğunu yəqin ki, eşitməyiblər…
Nazim SABİROĞLU