Xarici İşlər nazirinin müavini: “İstintaqa çağırılmamışam”

“Mən istintaqa çağırılmamışam. Ümumiyyətlə, nə bu gün, nə də bundan əvvəl heç bir orqana dəvət edilməmişəm və heç bir ifadə verməmişəm”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov deyib.

R.Həsənov bildirib ki, mediada onun DTX-də istintaqa çağırılması və fəaliyyətinin araşdırılması ilə bağlı yayılmış məlumat həqiqəti əks etdirmir: “Ümumiyyətlə, mənim fəaliyyət sahəm tamam başqadır. Mətbuat bu cür məlumatları tirajlayarkən dəqiqləşdirmə aparmalıdır. Bu, tamamilə yanlış məlumatdır və mətbuatın dəqiqləşdirmədən belə xəbərləri yazmasına təəssüf edirəm”.

Qeyd edək ki, “Musavat.com” Xarici İşlər nazirinin iki müavininin bu gün DTX-də saatlarla istintaq altında olması barədə xəbər yayıb. Xəbərdə qeyd olunub ki, Xarici İşlər nazirinin müavinləri Ramiz Həsənov və Nadir Hüseynov XİN-də baş verən pozuntularla bağlı DTX-yə çağırılıb və saatlarla ifadə veriblər.

Məlumata görə, aparılan istintaq hərəkətlərinin nəticəsi olaraq yaxın günlərdə Xarici İşlər Nazirliyinin ali rəhbərliyinə aid vəzifəli şəxslərin həbsi gözlənilir.

Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidmətinin Xarici İşlər Nazirliyində bu il iyulun 3-də keçirdiyi əməliyyat nəticəsində nazirliyin İşlər İdarəsinin müdiri Fərhad Mollazadə və Konsulluq İdarəsinin rəisi Faiq Bağırov da daxil olmaqla bir neçə əməkdaşı saxlanılıb. Daha sonra saxlanılanlar barəsində məhkəmə həbs qətimkan tədbiri seçib.

Bu hadisələrdən bir qədər sonra Prezident İlham Əliyevin sərəncamı ilə Xarici İşlər naziri Elmar Məmmədyarov vəzifəsindən azad edilib.

Mənbə
apa.az
Hamısını Göstər

Related Articles

Back to top button