YAP ciddi sınaq və böyük dəyişiklik astanasında – Hakim partiyanı nə gözləyir?
Hakim Yeni Azərbaycan Partiyası (YAP) ciddi sınaq qarşısındadır. Partiya dəhlizlərində böhranın addım səsləri aydın eşidilir. Fəaliyyətdə olduğu 30 ilə yaxın dövrdə çox az dəyişikliyə uğrayan təşkilat, artıq dövrün tələbatlarına cavab verə bilmir. Böhran o həddə dərinləşib ki, hakim partiya hətta hakimiyyətin özünə mane olmağa başlayıb. İqtidar komandasında ötən ildən geniş vüsət alan kadr dəyişikliyi və struktur islahatlarının YAP-a da sirayət edəcəyi gözlənilsə də, hələlik bu, baş verməyib. Ehtimal ki, burada görüləsi işlərin həddindən çoxluğu onunla fərqli zamanda məşğul olmağı zəruri edib.
Akademik Ramiz Mehdiyevin toy qalmaqalı bu zamanın yetişdiyini göstərdi. Partiyanın əsas simalarından biri, YAP İcra katibinin müavini Siyavuş Novruzovun qanunlara, dövlətə, cəmiyyətə hörmətsizlik edərək “düz eləyib toyda iştirak eləmişəm”, bir gün keçməmiş “Ramiz Mehdiyev bizi aldatdı” tipli açıqlamaları təşkilata ağır zərbə vurdu. Bu məsuliyyətsizlik S.Novruzovun YAP-dakı karyerasını bitirsə də, hakim partiyanın ictimai rəydəki zədələnmiş nüfuzuna da az zərbə olmadı.
Əlbəttə, YAP-dakı böhranın səbəbi bu hadisə deyil. Problemlər uzun illər ərzində toplanıb elə həddə gəlib ki, onları təkcə partiyanın vitrinində dəyişikliklər etməklə həll etmək mümkün deyil. Çünki;
– YAP siyasi rəqabət qabiliyyətini itirib;
– Hakimiyyətin kadr bankı rolunu oynaya bilmir;
– Parlaq fiqurların əksəriyyəti zamanla sıradan çıxıb və yenilənməyib;
– Daxili inkişaf mexanizmləri mövcud deyil, monoton idarəçilik ətalət yaradıb;
– Nəhayət, YAP gənclər üçün əhəmiyyətini itirib. Partiyanın qurucusu, mərhum Heydər Əliyevin irəli sürdüyü “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır!” şüarında qoyulan hədəflərdən uzaqlaşıb. YAP indi dünənin partiyasıdır, amma bu günün və gələcəyin təşkilatı ola bilmir.
Pandemiyanın yaratdığı sosial-iqtisadi, siyasi gərginlik hakimiyyətin çətinliklərini xeyli artırıb. Ölkənin gəlirləri kəskin aşağı düşüb, iqtisadiyyatın əsas sahələri dayanıb, işsizlik səviyyəsi kəskin yüksəlib, əhali yoxsullaşıb və nəticə etibarilə bütün bunlar hökumətə daxili təzyiq yaradır. İqtidar problemləri həll etmək üçün proqramlar, yol xəritələri qəbul etsə də, çatışmazlıqlar və görüləsi işlər çoxdur. Çatışmazlıqların başında isə hakimiyyətin komanda şəklində, vahid proqramla hərəkət edə bilməməsi dayanır. Əhali bu işin başında ancaq Prezidenti görür, nazirlər, bütövlükdə hökumət ikinci planda, olduqca solğun siluetdə nəzərə çarpırlar. Hakim partiya isə ümumiyyətlə üfüqdə də görünmür.
Ötən 6-7 ayda biz hakim partiyanın Milli Məclisdə hər-hansı fəallığını görmədik. Məsələn, partiyanın deputatları, iqtisadçıları qanunvericilik təşəbbüsü hüququndan çıxış edib nə anti-böhran təklifləri, nə də pandemiyaya qarşı mübarizə ilə bağlı bir sənəd ortaya qoymadılar. Müxalifətin sərt basqıları qarşısına çıxıb onların arqumentlərinə doğru-dürüst cavab verən də tapılmadı.
YAP bu gün rəqabət qabiliyyəti nümayiş etdirə bilmir. Seçkilərin nəticələrini hakim partiyanın aktivinə yazmaq mümkün deyil. Ötən parlament seçkilərində YAP seçki kampaniyası aparmadı, hətta namizədlərini güc-bəla ilə müəyyənləşdirə bildi. Daxili ziddiyətlər, çəkişmələr açıq müstəviyə çıxdı və məlum oldu ki, 30 il əvvəl rəhbər kürsüləri zəbt etmiş şəxslərin gəncləri irəli buraxmaq niyyətləri yoxdur. Bütün siyasi imkanları sıfırlanmış, korrupsiyaya və başqa natəmiz əməllərə bulaşmış, cəmiyyətin nifrət qaynağına çevrilmiş bəzi şəxslər yenə də deputat mandatı əldə etdilər. Şəxsi, qrup maraqları ön plana çıxdı, qarşıda hakimiyyəti gözləyən ciddi problemlər görməzdən gəlindi.
Bundan sonra nə baş verə bilər? YAP bu böhrandan çıxıb, nəhayət, siyasi idarəçilikdə öz yerini tuta biləcəkmi? Prezidentin partiyada genişmiqyaslı islahatlar çağırışına əməl ediləcəkmi?
Vəziyyət kifayət qədər mürəkkəbdir. İndiki situasiyada partiya iclasları çağırıb dəyişikliklər aparmaq effekt verə bilməz. Hakim partiya növbədənkənar qurultaya getməklə və buradan tamamilə yenilənərək çıxmaqla, yenidən cəmiyyətin siyasi həyatına qayıda bilər. Bu yeniliklər nədən ibarət ola bilər?
– Partiya adının rebrendiq edilərək dəyişdirilməsi;
– Problemlərin etiraf olunması, cəmiyyətə açıq, dürüst mesajlar verilməsi;
– İdarə Heyətinin, Siyasi Şuranın, İcra katibliyinin tamamilə dəyişdirilməsi;
– Bütün rəhbər strukturlara gənclərin irəli çəkilməsi;
– Nizamnamədə daxili demokratiyanı, siyasi rəqabəti təmin edən, stimullaşdıran dəyişikliklər edilməsi;
– Bəşəri dəyərlərə, demokratiyaya, vətəndaşların siyasi hüquqlarına, azad mediaya açıq hörmət ifadə edilməsi;
– İqtisadi islahatlarla bərabər ölkənin siyasi inkişafını təmin edəcək, milli barışıq, həmrəylik vəd edən konstitusion islahatlara çağırış edilməsi;
– Bütün siyasi qüvvələrin dialoqa, sivil mübarizəyə və azad siyasi rəqabətə dəvət edilməsi;
– Və yeni qaydalarla bələdiyyə və parlament seçkilərinin keçirilməsinə çağırış edilməsi ölkədə YAP-ın bazasında yeni güclü siyasi təşkilatın doğulmasını təmin edə bilər.
Bütün şərtlər ondan xəbər verir ki, ölkədə inzibati idarəçilik dövrü bitib, indi cəmiyyətdən ciddi dəstək alıb siyasi idarəçiliyə keçid zamanıdır.
Beləliklə, YAP-ın dəyişərək özünü siyasi rəqabətə hazırlaması zamanın tələbidir. Bunu qəbul edib islahtlara, dəyişikliyə start verilməsə, sonra gec ola bilər…