Yeni şura yaradıldı: Şeyx sədr seçildi

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Azərbaycanda fəaliyyətdə olan dini konfessiya rəhbərlərinin Məşvərət Şurasının təsis yığıncağı keçirilib.

QMİ-dən verilən məlumata görə, təsis yığıncağının iştirakçılarına Qafqaz Müsəlmanları İdarəsinin Sədri Şeyxülislam Allahşükür Paşazadə müraciət edərək bildirib ki, Azərbaycandakı multikultural və tolerant mühit, milli-mənəvi dəyərlərə göstərilən diqqət, qabaqcıl və müasir beynəlxalq standartlara cavab verən din-dövlət münasibətləri ölkəmizdə mövcud olan dini konfessiyaların aralarındakı əlaqələrin xarakterinə də ciddi təsir edib.

A.Paşazadə məlumat verib ki, təsis yığıncağında iştirak edən şəxslər ölkəmizdəki əsas dini konfessiyaların rəhbərləridir:

“Onların öz konfessiyalarını ölkə səviyyəsində etibarnaməsiz təmsil etmək hüquqları var. Həmin şəxslərin Məşvərət Şurasına üzv seçilmələri mövcud praktikaya və Məşvərət Şurasının hazırlanmış əsasnamə layihəsinin göstərişlərinə zidd olmazdı”.

Müzakirə və çıxışlardan sonra A.Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının yepiskopu Vladimir Fekete, Alban-udi xristian dini icmasının sədri Robert Mobili, Qafqaz Müsəlmanları İdarəsi sədrinin I müavini, müfti Salman Musayev Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların Məşvərət Şurasının üzvləri kimi təsdiq ediliblər.

Müəyyən edildi ki, Məşvərət Şurasının tərkibi açıqdır və şuranın Əsasnaməsini qəbul edən, Azərbaycanda fəaliyyət göstərən digər konfessiyaların da müəyyən edilmiş qaydada həmin Məşvərət Şurasına daxil olmaq üçün müraciətlərinə baxıla bilər.

Məşvərət Şurasının sədri vəzifəsinə A.Paşazadənin seçilməsi yekdilliklə qərar qəbul edilib. Onun məlumatı dinlənilib və Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların Məşvərət Şurasının Əsasnaməsinin layihəsi təkliflər nəzərə alınmaqla təsdiq edilib.

Hamısını Göstər

Related Articles

Back to top button