Zəngəzur dəhlizi beynəlxalq korporasiyaların nəzarəti ilə açıla bilərmi? – Şərtlər bəlli oldu

Zəngəzur dəhlizi ilə yanaşı, regional kommunikasiya xəttlərinin açılması 2020-ci ilin 10 noyabrında Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanmış üçtərəfli Bəyanatda əksini tapıb. Razılaşmada Zəngəzurdan keçəcək kommunikasiya xəttlərinə Rusiyanın nəzarət edəcəyi qeyd edilib. Daha sonra Ermənistan Rusiyanın nəzarəti ilə kommunikasiya xəttlərinin açılmasına qarşı olduğunu bəyan edib. Baş nazir Nikol Paşinyan iddia edir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəmir yolu və enerji xətlərinin açılması sərhəddən keçərkən, gömrük və digər nəzarət funksiyaları qarşılıqlı prinsip əsasında beynəlxalq ixtisaslaşmış təşkilata həvalə edilə bilər. Görünən odur ki, Ermənistan tərəfi Zəngəzur dəhlizinə hansısa beynəlxalq korporasiyanın nəzarət etməsində maraqlıdır.
Mövzu ilə bağlı Teleqraf-a açıqlamasında Milli Məclisin sədr müavini Ziyafət Əsgərov Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistanın üzərinə götürdüyü öhdəlikləri xatırladıb.
“Üçtərəfli bəyanatın 9-cu bəndində Ermənistanın öhdəlikləri qeyd edilib. Ona görə də bu öhdəliklər icra olunmalıdır. Vaxt uzatmağın məntiqi sonluğu yoxdur. İrəvan Zəngəzurdan keçəcək dəhlizin açılması üçün imkan və şərait yaratmalıdır”, – o qeyd edib.
Vitse-spiker hesab edir ki, Ermənistanın Zəngəzur dəhlizinin açılması ilə bağlı üçüncü tərəfin, yəni hansısa beynəlxalq korporasiyanın burada iştirakı başadüşülən deyil: “Məqsəd yenə də prosesi uzatmaqdan ibarətdir. Sülh müqaviləsinin imzalanması, Zəngəzur dəhlizinin açılması, mina xəritələrinin təhvil verilməsində Ermənistan manipuliyasiya ilə məşğuldur. Əslində, Ermənistan bununla özünü girova çevirir. Maraqlıdır divar qurtarandan sonra hara gedəcəklər? İrəvan qonşuları ilə vəziyyəti düzəltmək əvəzinə perspektivi olmayan işlərlə məşğuldur. Əvvəl-axır Paşinyan Azərbaycanın dediyi məsələləri qəbul edəcək. Bunu nə qədər tez etsələr, Ermənistan üçün faydalı olacaq”.
Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadəyə görə, Ermənistan növbəti hiyləyə əl atır.
“Bu Paşinyanın növbəti oyunudur. Sülhpərvər kimi görünməyə çalışır və reallıqda prosesi pozmaqla məşğuldur. Üzərinə götürdüyü öhdəlikləri icra etməkdən imtina edir. Həmçinin bir güc mərkəzindən digərinin yanına qaçmaqla hamıya “hə” deyib əslində heç nə etmir”, – deputat bildirib.
Asim Mollazadə hesab edir ki, Ermənistan üzərinə düşən öhdəlikləri sürətlə icra etməlidir: “Hər gün yeni bəyanatlarla əsas məsələlərdən diqqəti yayındırmaq cəhdi Paşinyanın oyun tərzidir. Zəngəzur dəhlizi ətrafında manipuliyasiya edir. Üçüncü qüvvəni bölgəyə gətirmək, hansısa korporasiyanın nəzarəti ilə dəhlizin açılmasına nail olmaq erməni tərəfinin ağalarının göstərişinə uyğun gedişdir”.
Politoloq Qabil Hüseynli Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı ziddiyyətli mövqeyinə diqqət çəkib.
“O dünənə qədər deyirdi ki, “Zəngəzur dəhlizinin açılması Ermənistanın suverenliyinə toxunmamalıdır”. İndi isə dəhlizə nəzarətin hansısa beynəlxalq korporasiya tərəfindən həyata keçirilməsi iddia edilir. Bu növbəti hiyləgərlikdir. Üçüncü tərəf kimi burada ən yaxşı tərəfdaş Türkiyə ola bilər. Türkiyənin hansısa ixtisaslaşmış şirkəti Zəngəzura nəzarət, dəmir və avtomobil yollarının təmiri və bərpasını həyata keçirməsi mümkündür”, – o qeyd edib.
Politoloq əlavə edib ki, Zəngəzur dəhlizinin işə düşməsi regionda yeni bir reallıq yaradacaq: “Azərbaycan Naxçıvana birbaşa gediş-gəliş əldə etməklə yanaşı, erməni tərəfi üçün də əlavə imkanlar yaranacaq. Bununla da bölgədə əməkdaşlıq və qarşılıqlı inam formalaşacaq. Nəhayət, Ermənistan tərəfi bunu dərk etməlidir. Əslində, bu kommunikasiya xəttinin açılması Azərbaycandan daha çox Ermənistana fayda verəcək”.
Polise.az