Zəngəzur dəhlizi hansı mexanizmlə işləyəcək? Sadələşmiş variant təklif olunur

“Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycanın şərtləri beynəlxalq hüquqa əsaslanır. Ölkənin əsas hissəsindən digər bölgəsinə keçid amili var. Bu müəyyənləşmiş qaydalarla tənzimlənir. Rəsmi Bakı Ermənistanla aparılan sülh danışıqlarından da bu mövzunu çıxarıb və ayrıca müzakirəyə təqdim edib. Amma Azərbaycan dəhliz anlayışından imtina etməyib”.

Bu sözləri Teleqraf-a politoloq Qabil Hüseynli Zəngəzur dəhlizi ətrafında artan müzakirələrə münasibət bildirərkən deyib.

Politoloq ərazinin, yəni Zəngəzur dəhlizinin keçdiyi bölgənin keçmiş sovet dövründə Azərbaycandan qanunsuz olaraq alınaraq Ermənistana verildiyini bildirib: “De-yure bu gün o ərazilərə Ermənistan nəzarət edir. Sözsüz ki, Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra aktiv şəkildə gündəmə gətirdiyi və açılmasını tələb etdiyi Zəngəzur dəhlizi anlayışı Ermənistan tərəfindən qəbul edilməlidir. Çünki sərnişinlərin və yüklərin heç bir yoxlanış olmadan Azərbaycanın bir bölgəsindən digər hissəsinə keçidi təmin olunmalıdır”.

Qabil Hüseynli Ermənistanın keçidin dəhliz prinsipi ilə açılmasına razı olsa da, suverenlik məsələsini gündəmə gətirdiyini söyləyib: “İndi erməni rəsmiləri dəhlizin daha sadələşmiş formada açılmasından danışır. Müasir texnologiyaların tətbiqi ilə yoxlanışın aparılması anlayışlarından danışlır. Praktika bu cür nümunələr var. Sərnişinlərin keçidi ilə bağlı problemlər olmasa da, yük qatarlarının yoxlanılmasının məhz bu qaydalarla həyata keçirilməsindən danışılır. Ümumilikdə dəhlizin hansı mexanizmlər əsasında açılması zaman etibarı ilə öz həllini tapacaq”.

Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Zəngəzur dəhlizi və digər mövzulara aid Ermənistan tərəfinin qeyri-ciddi mövqeyinə diqqət çəkib.

O, Baş nazir Nikol Paşinyanın sülh, dəhliz, kommunikasiya, sərhəd məsələlərinə aid açıqlamlarının başa düşülən olmadığını deyib: “Paşinyan bir-birini təkzib edən açıqlamalar verməklə məşğuldur. Ona görə də çox vaxt dediklərini sonradan özü də anlamır. Ola bilsin ki, sabah o başqa bir mövzudan danışacaq”.

Deputat əlavə edib ki, Ermənistan tərəfi Azərbaycanın sülh razılaşması ilə bağlı qarşıya qoyduğu bütün tələbləri icra etməlidir. Konstitusiyadan Azərbaycana qarşı ərazi iddialarının çıxarılması və ATƏT-in Minsk Qrupundan imtina ilə bağlı rəsmi İrəvan konkret mövqe sərgiləməlidir.

Asim Mollazadə bu günlərdə İranın Ermənistanla birgə Zəngəzurda keçirdiyi hərbi təlimlərin də tamamilə başqa məqsədə xidmət etdiyini vurğulayıb: “Bir müddət öncə İran parlamentində ermənilərlə “qardaş”, “müttəfiq” ölkələr olduğu ilə bağlı bəyanat verilmişdi. Tək bu bölgədə deyil digər regionlarda, Orta Şərqdə, Livanda, Suriyada birlikdə hərəkət edirlər. Bu da yeni anlayış deyil. İran və Ermənistan özlərini bir-birinə “qardaş” hesab edir”.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button