Zakir Həsənovun Türkiyə səfərindən gözləntilər – Ekspert şərhi
“Regionda baş vermiş son hadisələr – Tovuz rayonunda Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribat törətməsi, sərhədləri pozması, dinc əhalini atəşə tutması Azərbaycanın strateji müttəfiqi olan Türkiyəni təbii ki, narahat edir. Eyni zamanda, Türkiyənin regiona olan geosiyasi, həm də geoiqtisadi maraqlarını nəzərə alsaq, bu, tamamilə normal görünür. Əsasən də, enerji təhlükəsizliyinin təmin edilməsi baxımından, Türkiyənin atdığı addımlar çox önəmlidir”.
Bunu “MediaPost”a açıqlamasında Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyəyə səfərini şərh edərkən politoloq Ramid Hüseynov deyib.
Politoloqun sözlərinə görə, Ermənistanın son təxribatından dərhal sonra Türkiyə prezidentinin və Xarici İşlər nazirinin bəyanat verməsi, Azərbaycana hər cür dəstək göstərməyə hazır olduqlarını ifadə etmələri, habelə Türkiyə silahlı qüvvələrinin bölmələrinin regiona gəlmələri, birgə hərbi təlimlər həyata keçirmələri hər iki tərəf üçün əhəmiyyətlidir:
“Türkiyə özünün regiondakı əsas müttəfiqi olan Azərbaycana dəstək göstərməsi ilə həm də regiondakı maraqlarını hər hansı bir formada güzəştə getmək niyyətində olmadığını da göstərmiş oldu. Türkiyədə səfərdə olan Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun və Müdafiə naziri Zakir Həsənovun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilməsi və daha yaxından müzakirələr aparması Türkiyənin regionun təhlükəsizliyində, sabitliyin təmin olunmasında narahatlığının ciddiliyini bir daha göstərir. Şübhəsiz ki, bu görüşlər iki tərəfli əlaqələrin daha da dərinləşməsinə, hərbi-siyasi münasibətlərin inkişafına, birgə hərbi təlimlərin, hərbi əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək”.
R. Hüseynov bildirib ki, Türkiyənin Azərbaycana hərbi-siyasi dəstəyi bizə qarşı yönəlmiş digər siyasi qüvvələrin də öz hərəkətlərinə diqqət etmələrinə zərurət yaradacaq:
“Düşünürəm ki, Türkiyənin artan nüfuzu və onun güclənməkdə olan beynəlxalq imici fonunda göstərdiyi bu hərbi-siyasi dəstəyi Azərbaycana qarşı yönəlmiş digər siyasi qüvvələrin də öz hərəkətlərinə diqqət etmələrinə zərurət yaratmış olacaq”.
Qeyd edək ki, 12 avqust tarixində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə tərəfinin dəvəti ilə Ankara şəhərinə işgüzar səfərə gedib.