Zakir Qaralovun şirkətinin məhkəmə işi ilə bağlı hakimdən açıqlama
Gömrük qaydaları əleyhinə inzibati xətaya yol verməyə görə məhkəməlik olan şirkət aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycanın gömrük ərazisindən kənara aparılmamasında və ya bu əraziyə qaytarılmamasında ittiham olunan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC barəsində iş Nərimanov Rayon Məhkəməsinə bu gün daxil olub.
Bu barədə Oxu.Az-a Nərimanov Rayon Məhkəməsinin prosesə baxacaq hakimi Gültəkin Əsədova proses barədə mətbuatda yayılan qeyri-dəqiq informasiyalara münasibət bildirərkən deyib.
Hakim Gültəkin Əsədova onu da əlavə edib ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə tərtib etdiyi inzibati material 1 iyun 2022 ci il tarixdə Nərimanov Rayon Məhkəməsinə daxil olub:
“İşdə olan gömrük bəyannaməsinə əsasən, malların dəyəri 5800 dollar təşkil edir. Qeyd olunan inzibati material üzrə məhkəmə iclası 13 iyun 2022-ci il tarixinə təyin edilib”.
Qeyd edək ki, yayılan məlumatlarda “Akkord” Şirkətlər Qrupunun hazırda 2 milyondan çox vergi borcu olduğu yazılır.