Zaqatalada qanunsuz küçə ticarəti ilə bağlı profilaktiki tədbirlər keçirilib
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz küçə
ticarətinin qarşısının alınması məqsədilə şəhərin müxtəlif ərazilərində, o cümlədən
mərkəzi hissəsində nəzarət-profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Polise.az-a
verilən məlumata görə, keçirilən tədbirlər zamanı səkilərdə piyadaların hərəkətini
çətinləşdirən, natəmizlik yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar
aşkarlanıb. Polis əməkdaşları həmin şəxslərlə maarifləndirici söhbətlər
apararaq yalnız müəyyən edilən yerlərdə bu fəaliyyətlə məşğul olmalarının
vacibliyini onların diqqətinə çatdırıblar.
Aparılan profilaktiki söhbətlərə və edilən xəbərdarlıqlara məhəl
qoymayaraq qanunsuz fəaliyyətini davam etdirən şəxslər barəsində isə
İnzibati Xətalar Məcəlləsinin 454-cü (Qanunsuz küçə ticarəti, yəni müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların
satılmasına və ya işlərin görülməsinə görə) maddəsi ilə protokol tərtib olunub.