Ziya Məmmədovun yolu hasarlayan qardaşı oğlu tikdiyini sökdü

Biləcəri qəsəbəsində sakinlərin məhəlləsini hasarlayan Ziya Məmmədovun qardaşı oğlu və 4 qonşusu geri addım atmağa məcbur olublar. İcra hakimiyyətinin əməkdaşları onların özbaşınalığının qarşısını alaraq hasarı söküblər.

Bir neçə saat əvvəl Biləcəri qəsəbəsinin Yəhya Hüseynov küçəsində yaşayan sakinlər Musavat.com-a müraciət edərək məhəllələrinin hasara alındığını bildirirdilər.

Sakinlər qeyd edirdi ki, bu ağır karantin günlərində azyaşlı uşaqların yeganə əyləncə yeri olan küçə, 4 qonşu tərəfindən hasarlanır.

Hasarı çəkənlərin məqsədi qapılarının açıldığı küçəyə hər iki tərəfdən qapı qoymaq və digər şəxslərin hərəkətinin qarşısını almaqdır.

Küçənin hasarlanması təşəbbüsü sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovun ailəsinə məxsusdur. Nəriman Məmmədovun oğlu Fuad Məmmədovun 4 qonşusu ilə birlikdə məhəlləni hasarlamağa başlaması xəbərini dərc etdikdən sonra hadisə yerinə yollandıq.
Artıq biz hadisə yerinə çatanda hasarların söküldüyünü, bir neçə fəhlənin arabalarla sökülmüş hasardan qalan daşları daşıdığının şahidi olduq. Məhəllədə qonşular iki cəbhəyə bölünmüş vəziyyətdə idi. Hasarı çəkən 4 qonşu və bundan narazı olan digərləri.

İlk olaraq Nəriman Məmmədova məxsus villanın qarşısında dayanan şəxslərə yaxınlaşdıq. Məlum oldu ki, onlar hasarı çəkdirən qonşulardır. Həmin şəxslər Nəriman Məmmədova məxsus evi lentə aldığımıza görə bizə irad bildirdilər. Sonra özünü Xanım kimi təqdim edən məhəllə sakini olan qadın bildirdi ki, hasarın çəkilməsi fikri onundur. Bizi inandırmağa çalışırdı və qonşusu- Nəriman Məmmədova məxsus villanın qapısını döyməyimizi istəmirdi.

Xanım xanım deyir ki, hasarı çəkdirməkdə haqlıdırlar. Onun sözlərinə görə hasarlanan küçəyə qapısı açılan 4 qonşu yaranmış vəziyyətdən narazıdır. Çünki məhəllədə narkomanlar var. Onun sözlərinə görə həmin narkomanlardan biri onun həyətinə oğurluğa da girib.

Digər qonşuların şikayətindən xəbərdar olan Xanım xanım deyir ki, həmin şəxslər övladlarının pampersini dəyişəndə onların küçəsinə atırmış.

Hasarın çəkilməsi təşəbbüsünü dəstəkləyən digər qonşular danışmaq istəmədikləri üçün Nəriman Məmmədova məxsus evə yaxınlaşmaq istəyirik. Bu zaman təxminən 40-45 yaşlarında bir şəxs buna ehtiyac olmadığını, sensasiya yaratmaq xətrinə çəkiliş etməməyimizi məsləhət görür. Lakin həmin şəxsə bu hadisənin sensasiya yox, özbaşınalıq olduğunu- məhəllənin niyə hasarlandığının səbəbini soruşduğumuzu izah edirik.

Elə bu söhbət əsnasında və bundan əvvəl də həmin şəxsin məhz Ziya Məmmədovun qardaşı oğlu Fuad Məmmədov olduğunu bilirik, lakin özünü təqdim etmək və məsələ haqda danışmaq istəmir.

Lakin bizə Qarabağın işğal altında olduğunu öz ağlı ilə izah etməyə çalışır. Deyir ki, guya Qarabağ ona görə işğaldan azad edilmir ki, biz başqalarının evini çəkir, bu cür hadisələri sensasiyaya çeviririk.
Fuad Məmmədova yersiz fikirlərinə və şərhlərinə görə cavabını veririk. İzah edirik ki, ucuz sensasiya və şou qonşunun yolunu hasarlamaq və bu qanunsuz hərəkətin arxasında gizlənmək üçün Qarabağ mövzusunu dilə gətirməkdir.

Hasarı çəkən qonşulardan hasarı niyə sökdüklərini də soruşuruq. Xanım xanım deyir ki, icra hakimiyyətinin əməkdaşları gələrək hasarı sökdürüb və daşların yığışdırılmasını tələb ediblər. Bu tikinti üçün müvafiq icazələrinin olub-olmamasını da soruşduq.

Xanım xanım cavab verir ki, hasarı tikmək üçün icazələri var imiş.

Daha sonra Fuad Məmmədovun yaşadığı qapıya yaxınlaşırıq. Bu zaman Fuad Məmmədov olduğunu bildiyimiz şəxs bizə heç nə demir və bir fəhlə yaxınlaşaraq həyətə baxdığını, evdə heç kimin olmadığını deyir.

Lakin qapının zənginə evdən cavab verilir. Bir az gözləsək də evdən heç kim qapını açmır.
Hasarın çəkilməsinə etiraz edən və məsələni ictimailəşdirən sakinlərdən Günay Hüseyn deyir ki, narazılıqlarını bildirsələr də Fuad Məmmədov tərəfindən təhqir ediliblər. Onun sözlərinə görə hasarın çəkilməsi qonşuların hərəkətini məhdudlaşdırmaqla yanaşı uşaqların oynadığı yeganə küçəni də bağlamaqdır.

Digər sakinlər də mikrofona danışmaq istəməsələr də vəziyyətdən narazı olduqlarını deyirlər. Sonda hasarın sökülməsinə görə məsələni ictimailəşdirən tərəflərə təşəkkür edirlər.

Qeyd edək ki, Fuad Məmmədov uzun müddət daxili işlər orqanlarında çalışıb. Daxili İşlər Nazirliyinin (DİN) Səfərbərlik və Mülki Müdafiə İdarəsinin rəisi olan F.Məmmədov nazir Vilayət Eyvazovun əmri ilə təqaüdə göndərilib.

Mənbə
musavat.com
Hamısını Göstər

Related Articles

Back to top button