Zorakılığına məruz qalan şəxslərə hərtərəfli yardım göstərilməlidir
Göyçay Rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikasının məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icra vəziyyəti barədə tədbir keçirilib.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədr müavini Sədaqət Qəhrəmanova, AQUPDK-nın məişət zorakılığının qarşısının alınması üzrə sektor müdiri Vəfa Ələkbərova və baş məsləhətçi Tural Hüseynzadə, İsmayıllı, Şamaxı, Qobustan, Ağsu, Ucar, Ağdaş və Göyçay rayon icra hakimiyyətləri başçılarının müavinləri, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının məsul şəxsləri iştirak ediblər.
Polise.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla anıblar. Sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini, Göyçay rayonuna səfərlərini əks etdirən fotosərgi ilə tanışlıq olub.
Tədbiri açan Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova bildirib ki, ölkəmizdə ailə mühitinin qorunub saxlanılması, məişət zorakılığı hallarının qarşısının alınması, qadınların aktiv fəaliyyətə cəlb olunması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Son illər ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində davamlı islahatlar aparılır.
Z.Zeynalova Azərbaycan Respublikasının həyata keçirdiyi təsirli tədbirlərə baxmayaraq, dünyanın bir çox ölkələrində olduğu kimi, ölkəmizdə də məişət zorakılığı probleminin gündəm olaraq qaldığını vurğulayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova “Azərbaycan Respublikasının məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı görülmüş işləri tədbir iştirakçılarının diqqətinə çatdırıb və bu sahədə maarifləndirmə tədbirlərinin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıb. Məişət zorakılığının qarşısının alınması istiqamətində görülən işlərin səmərəliliyini artırmaq üçün qabaqlayıcı tədbirlərin gücləndirilməsinin, zorakılıqdan zərər çəkmiş şəxslərə təxirəsalınmaz və hərtərəfli yardım göstərilməsinin önəmini qeyd edib.
AQUPDK-nın əməkdaşı Tural Hüseynzadə “Məişət zorakılığı üzrə monitorinq qruplarının fəaliyyətinin təhlili və hüquqi müstəvidə görülməli olan tədbirlər” mövzusunda geniş təqdimatla çıxış edib.
Sonda Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının üzvləri ilə yekun müzakirələr aparılıb.
Polise.az