Ərdoğanın Ermənistan açıqlaması – paketdə nələr var…

Türkiyə prezidentinin mesajlarından ortaya çıxan nəticə: bu, həm də Qarabağa Azərbaycan-Türkiyə-Ermənistan üçlü münasibətlərinin gələcək yol xəritəsidir; Türkiyə ilə normal əlaqələr qurmaq üçün rəsmi İrəvan konstitusiya və gerbinə düzəliş etməlidir…

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan vaxtaşırı Ermənistana dalandan çıxması və yaşaması üçün mesajlar ünvanlayır, yol xəritəsi təklif və təqdim edir. Ancaq reallıq budur ki, hələlik ötənlərdən dərs çıxarmayan qarşı tərəf bir əsrdən çoxdur düşmən sayıb, kölgəsini qılıncladığı iki Türk dövlətinin humanizm prinsiplərinə, insanlığa böyük nümunə olan addımını dəyərləndirə bilmir.

Buna da heç şübhə yoxdur ki, ermənilər enində-sonunda reallığı anlayıb, Türkiyəyə və Azərbaycana biət edəcəklər, çünki başqa yolları yoxdur. Əslində tək-tük erməni uçurumun başında olduqlarını anlayır, ancaq ölkədəki revanşist, xəstə düşüncəli, terrorçu mahiyyətli qüvvələrin dominant olması şəraitində belə səslər hələ ki eşidilməz olub.

R.T.Ərdoğan bugünlərdə növbəti dəfə ciddi mesaj verdi. Sitat: “Fikir ayrılıqları olsa da, bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət də daxil olmaqla etimad əsasında yaxşı qonşuluq münasibətlərinin inkişafı üçün səmimi səy göstərmək məsuliyyətli bir hərəkət olardı. Yaxın tarix düşmənçilik mənbəyi olmamalıdır. Davamlı sülh və bir yerdə yaşamaq üçün konstruktiv addımlar atılmalıdır. Birtərəfli ittihamlar yerinə, gələcəyə baxan, realist yanaşmalar üstünlük təşkil etməlidir. Bu istiqamətdə hərəkət etməyə hazır olduğunu bəyan edən Ermənistan hökuməti ilə münasibətlərimizi tədricən normallaşdırmaq üçün çalışa bilərik”.

Türkiyə prezidenti Bosniya və Herseqovina və Monteneqroya səfərindən sonra jurnalistlərin suallarını cavablandırarkən belə bir tarixi açıqlama ilə çıxış edib. Ərdoğan daha sonra deyib ki, hazırda sülhü və sabitliyi daimi etməli, iqtisadi inkişaf və regional əməkdaşlıq üçün şərait yaradılmalıdır: “Azərbaycan da oxşar anlayışla Ermənistanla hərtərəfli sülh sazişi üçün danışıqlara başlamağı təklif edir. Üçtərəfli bəyannamədə razılaşdırıldığı kimi, bütün bölgəni birləşdirməklə Cənubi Qafqazı dəyişdirən yeni imkanlar formalaşacaq. Bu tarixi fürsətdən yaxşı istifadə etmək istəyən bütün tərəflərlə işləməyə hazırıq. 5 və ya 6 platforma tövsiyəmiz var. Bu platformaya Türkiyə, Azərbaycan, Rusiya, İran və Ermənistan daxildir. Hətta dedik ki, bura Gürcüstanı da daxil etməliyik. Platforma bu şəkildə qəbul olunsaydı, düşünürəm ki, bölgə daha rahat olardı. Çünki bölgədə dəmir yolu və avtomobil yollarının çəkilməsinə ehtiyac var. Belə bir addım atmaqla bölgədəki problemləri aradan qaldıracağıq. Bunları cənab Putinlə müzakirə edərkən razılaşdıq. Eyni şəkildə İlham Əliyevlə razılaşdıq. Bu arada İranda prezident dəyişikliyi oldu. Bu barədə İranın yeni prezidenti ilə də danışa bilərik”. Beləliklə, R.T.Əroğan bölgənin taleyini dəyişdirəcək Türkiyə, Azərbaycan, Rusiya, İran, Ermənistan və Gürcüstanın daxil olduğu nəzəri platformaya bir daha toxunub.

Xatırladaq ki, ilk dəfə bölgədə sülhün və əminamanlığın əbədi bərqərar olmasına rəvac verəcək ideya Qarabağ zəfərindən sonra, elə R.T.Ərdoğanın da qatıldığı qələbə paradındakı dilə gətirilmişdi. Dövlət başçısı 6-lıq formatında əməkdaşlıqda Ermənistanın da iştirakını mümkün saymışdı, lakin yetər ki, bu ölkə xəstə iddialarından birdəfəlik əl çəksin, tarixi şablonlardan imtina etsin, qonşularına qarşı xəstə düşüncələrindən uzaqlaşsın. Lakin hətta parlament seçkilərindən sonra da Ermənistanın rəhbərliyinin sərgilədiyi davranış hələ ki nikbinliyə əsas vermir. Elə buna görə də Azərbaycan Prezidenti rəsmi İrəvana və onun havadarlarına bir müddət öncə növbəti dəfə dəmir yumruq xəbərdarlığını etməli oldu. Amma R.T.Ərdoğanın son açıqlamaları təsadüfə bənzəmir, sanki Azərbaycanın da iştirakı ilə hansısa proses gedir və iki qardaş ölkə düşməni masa arxasında da tam təslim etmək ərəfəsindədir. Dövlət başçımızın sülh müqaviləsinin hansı halda imzalana biləcəyi ilə bağlı bir müddət əvvəl dedikləri də unudulmamalıdır. Azərbaycan Ordusunun son aylar düşmənə verdiyi qətiyyətli cavab ondan xəbər verir ki, dövlətimiz “qamçı və kökə” siyasətinə üstünlük verir. Təcrübə göstərdi ki, yalnız masa ətrafında danışıqlar düşmənə dərs olmur…   

Ceyhun Məmmədov medalla təltif edilib

Ceyhun Məmmədov: “Ermənistan odla oynamasın!”

Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, Vətən müharibəsində qələbə ilə Azərbaycan bölgədə yeni reallıq yaradıb: “Bu reallıq fonunda birgə əməkdaşlıq üçün yeni imkanlar yaranıb. Hazırda Azərbaycan və Türkiyə bölgənin inkişafını düşünərək, eyni zamanda gələcəyə baxaraq əllərini Ermənistana yenidən uzadıblar. Onu da qeyd edək ki, həm Azərbaycan, həm də Türkiyə dəfələrlə Ermənistana müxtəlif əməkdaşlıq formatı və modelləri təklif ediblər. Onlardan biri də 6 ölkənin iştirakı yeni əməkdaşlıq platformasının yaradılmasıdır. Bu əməkdaşlıqla Ermənistan hazırkı ağır iqtisadi durumdan və blokadadan çıxmaq üçün imkan əldə edəcək. Bölgə ölkələri arasında əməkdaşlıq daha da güclənəcək, bölgəyə sülh və əmin-amanlıq gələcək”. C.Məmmədov da hesab edir ki, Ermənistan buna də hələ tam hazır deyil: “Davamlı olaraq atəşkəsin pozulması, ard-arda bir-birinə zidd bəyanatların verilməsi bu fikri bir daha təsdiq edir. Ancaq Ermənistan onu da anlamalıdır ki, bununla heç nəyə nail ola bilməyəcək. Bir də həm Türkiyənin, həm də Azərbaycanın səbrinin həddi-hüdudu var. Ermənistanın havadarları varsa, Azərbaycanın da Türkiyə və Pakistan kimi strateji müttəfiqləri, ortada Şuşa Bəyannaməsi var. Odur ki, Ermənistan odla oynamasın! Nə qədər ki, qapılar bağlanmayıb, İrəvan bu şansdan istifadə etsin!” Deputat hesab edir ki, Ermənistanın bir yolu var, o da bölgə ölkələri ilə sıx əməkdaşlıq: “Digər nöqteyi-nəzərdən 6-lı formatı təmsil edən ölkələrin böyük əksəriyyətinin arasında yüksək əməkdaşlıq var. Ermənistan da qoşulsa yaxşı olardı. Ancaq Ermənistan olmadan da bu əməkdaşlıq var və olacaq. Hələ ki itirən Ermənistandır. Ermənistan eyni səhvləri təkrarlamamalıdır. Vətən müharibəsində qələbə 30 ilə yaxın müddətdə Ermənistanın həyata keçirdiyi siyasətin kökündən yanlış olduğunu göstərdi”.

Qafar Çaxmaqlı: “Azərbaycanlılara Ermənistanda muxtariyyət verilməlidir” - VİDEO

Qafar Çaxmaqlı: “Ermənistan referendum keçirməli, konstitusiyasını dəyişməlidir!”

İrəvan Türk Cümhuriyyətinin başqanı, politoloq Qafar Çaxmaqlı bildirdi ki, Türkiyə prezidenti Bakıdakı Qələbə paradında bölgənin gələcək taleyini, sülh və əmin-amanlıq şəraitində yaşamanın və inkişafın formatını təklif etmişdi: “Bölgənin 6 ölkəsi bu formata daxil edilmişdi. O vaxtdan indiyədək Ermənistan ciddi bir reaksiya verməyib. Bunun da səbəbləri var. Əsas səbəblərdən biri Ermənistanın Türkiyə və Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bağlı tərəddüdüdür. Çünki Ermənistan 1991-ci ildə elan etdiyi Müstəqillik Bəyannaməsində həm Türkiyəyə, həm də Azərbaycana ərazi iddiası irəli sürüb və bu, bu dövlətin konstitusiyasında da əksini tapıb. İndi Ermənistanın konstitusiyası dəyişməlidir! Bunun üçün isə refetendum keçirilməlidir. İndiki durumda Paşinyan referenduma getsə, həddən çox şovinistləşmiş erməni cəmiyyəti yeni bir xaosa sürüklənə bilər”. Q.Çaxmaqlı qeyd etdi ki, Ərdoğan Ermənistanla münasibətlərin mərhələ-mərhələ həllini təklif edir: “Bu da Ermənistan rəhbərliyinə inamsızlığın ifadəsidir. Gürcüstan və İranla da bağlı problemlər var. Belə görünür ki, Ərdoğanın təklif etdiyi format cazibəli olsa da onu həyata keçirmək vaxt ala bilər. Amma bu problemləri arxa plana keçirib, bölgədə kommunikasiya xətlərinin açılması işinə başlamaq olar. Bu, daha çox Ermənistana lazımdır, Rusiyanın da maraqlarına zidd deyil. Bu nəzəri platforma o zaman işləyə bilər ki, dövlətlər iqtisadi amili başqa siyasi maraqlardan önə keçirsinlər, Ermənistan isə danışıqlar prosesində əvvəlki ideologoyasından vaz keçdiyini bəyan etsin”.

Azərbaycan Gorus-Qafan magistralını iki gün bağlı saxlamaqla Ermənisandakı revanşistləri növbəti dəfə ciddi düşünməyə vadar etmiş oldu. Bu yolun bağlanmasından sonra bəzi erməni ekspertlər etiraf etdilər ki, onların taleyi Azərbaycandan asılıdır və nə yolla olursa-olsun, rəsmi Bakı ilə dil tapmaq lazımdır. Ermənistan parlamentinin keçmiş deputatı Arman Abovyan ölkəsində baş verən proseslərdən danışarkən Paşinyan hakimiyyətinin yürütdüyü siyasətin təhlükələrindən danışıb. Bildirib ki, Ermənistan Zəngəzurda delimitasiyanın birinci mərhələsini ört-basdır edib və artıq Zəngəzurun bir hissəsi rəsmi olaraq Azərbaycan ərazisi hesab edilir. “Söhbət dövlətlərarası Gorus-Qafan yolundan gedir. Bu ərazilər SSRİ xəritələrinə əsaslanaraq Azərbaycan torpaqları kimi təqdim edilir”.

Erməni ekspertin sözlərinə görə, Azərbaycan artıq nümayiş etdirdi ki, Ermənistanın cənub hissəsini ölkənin digər əraziləri ilə ayırmaq imkanına malikdir: “Həmçinin İran-Ermənistan logistik əlaqələrini də bağlamağa qadir olduğunu sübuta yetirdi”. Aboyan qeyd edib ki, Ermənistan hakimiyyəti bizi Türkiyə ilə diplomatik əlaqələrin qurulmasına hazırlayır. Sitat: “Lakin Türkiyənin Ermənistanla sərhədləri açmağa hansı şərtlərlə razı olacağı haqda heç bir məlumat verilmir və bu gizli saxlanılır. İndi təsəvvür edin ki, Türkiyə-Azərbaycan qoşunları eyni vaxtda respublikanın cənub və şimal yollarını bağlamaq qərarına gələndə nə  baş verəcək. Beləliklə, görünən odur ki, hazırkı hakimiyyət ölkəni parçalamağa və məhv olmağa sürükləyir”.

Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan isə “Azərbaycanlıların bağladığı yolun hissələrini Ermənistanın suveren ərazisi hesab edir, ya yox” sualına belə cavab vermişdi: “Mən bu cür məsələlər üzrə mütəxəssis deyiləm, razılaşmaların nə olduğunu görmək lazımdır. Bu yolun bəzi hissələrinin sovet vaxtı Azərbaycan ərazisində olduğunu özünüz çox yaxşı bilirsiniz və niyə belə suallar verirsiniz?”

Belə görünür ki, ermənilər getdikcə ağıllanmağa başlayırlar, təbii ki, başlarının üstündə dəmir yumruq olduğu şəraitdə. Ermənistanın baş naziri Nikol Paşinyan hökumətinin 5 illik planını açıqlayarkən xarici siyasətdə qonşuları ilə yaxın əməkdaşlığı inkişaf etdirəcəklərini bildirmişdi. Sonra bir televiziya kanalında ön şərtlər olmadan Türkiyə ilə əlaqələri normallaşdırmağa hazır olduğunu dilə gətirmişdi, “Ermənistanla Türkiyə arasında diplomatik əlaqələrin olmaması, sərhədlərin bağlı qalması regional sabitlik və barışa mənfi təsir edir” söyləmişdi. Təbii ki, “avazı yaxşı gələn”lərə inanmaq olmaz. Rəsmi İrəvan Azərbaycan və Türkiyəyə qarşı saxta iddialarından əl götürməlidir, əgər bölgədə varlığını qorumaq, qonşuların qapılarını rahat dömək istəyirsə. Dilində “artsax”, gerbində Ağrı, konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları olanlarla normal əlaqələr qurmaq real görünmür. Əvvəlcə özlərinə və sözlərinə düzəliş etsinlər… 

Hamısını Göstər

Related Articles

Back to top button