Azərbaycanla Pakistanın hərbi sahədə əməkdaşlığının perspektivləri müzakirə edilib
Mayın 30-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində bu ölkənin Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, baş qərargah rəisi Asim Munir ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Polise.az-a bildirilib ki, görüş əsnasında iki ölkə arasında müdafiə və hərbi sahədə əməkdaşlığın perspektivləri, habelə müdafiə sənayesi sahəsində iki ölkənin ixtisaslaşmış qurumları arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
Ceyhun Bayramov Azərbaycan və qardaş Pakistan arasında hərbi-texniki sahədə əməkdaşlıq üçün qarşılıqlı səfərlərin və sıx təmasların vacibliyini vurğulayıb.
İki ölkənin Silahlı Qüvvələri arasında qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılması, habelə müvafiq qoşun növləri arasında təcrübə mübadiləsinin həyata keçirilməsi üçün ikitərəfli, habelə Azərbaycan-Türkiyə-Pakistan formatında üçtərəfli hərbi təlimlərin əhəmiyyəti qeyd edilib.
Nazir həmsöhbətini, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi və normallaşma prosesi, habelə Azərbaycanın 4 kəndinin qaytarılması və sərhədin müəyyən hissəsinin delimitasiyası prosesində əldə edilən son razılaşmalar barədə məlumatlandırıb.
Görüş zamanı digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Polise.az