TDT-nin Zirvə toplantısında mühüm qərarlar

Türk Dövlətləri Təşkilatının yeni bayrağı qəbul edildi; Prezident İlham Əliyev: “Dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır”

5-6 noyabr 2024-cü il tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində TDT dövlət başçılarının XI Zirvə toplantısı keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 5-də Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak etmək üçün Qırğız Respublikasına səfərə gedib.

AZƏRTAC xəbər verir ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarov dövlətimizin başçısını qarşılayıb.

Zirvə toplantısı başlamazdan öncə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub. Görüşdə dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bir daha qeyd olunub. Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşünün türk dövlətləri arasında əməkdaşlığın güclənməsi işinə xidmət etdiyi vurğulanıb. Söhbət zamanı Azərbaycanda keçiriləcək COP29-un əhəmiyyəti bir daha qeyd edilib.

Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirilib, ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Prezidenti İlham Əliyev TDT dövlət başçılarının XI Zirvə toplantısında çıxış edib. Prezident İlham Əliyev qeyd edib ki, bu, son iki ildə Qırğızıstan Respublikasına üçüncü səfəridir: “Hər səfərdə Sadır Nurqojoyeviçin rəhbərliyi ilə ölkədə inkişafın şahidi oluram. Əldə edilmiş bütün uğurlar münasibətilə qardaş Qırğızıstanı təbrik edirəm.

Həmçinin Türk Dövlətləri Təşkilatına uğurlu sədrliyinə görə Qazaxıstanı təbrik edirəm”.

Prezident sonra qeyd edib ki, bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür: “Təşkilatımız bu dövr ərzində uğurlu inkişaf yolu keçib. İyul ayında Şuşa şəhərində keçirilmiş dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir”.

İlham Əliyev deyib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək: “Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyduğumuz hədəflərin həyata keçirilməsi üçün yetərli deyil. Ümid edirəm ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək.

Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib.

Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir.

Son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır.

2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir.

Hazırda Orta dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək.

Ötən ilin sentyabr ayında Azərbaycan öz suverenliyini tam bərpa etdi. Ermənistan 30 il davam edən işğal dövründə bu ərazilərdə 9 şəhərimizi və yüzlərlə kəndimizi tamamilə məhv edib. İşğaldan azad olunan ərazilərdə indi genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirilir, eyni zamanda Böyük Qayıdış Proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına geri dönürlər.

Fürsətdən istifadə edərək Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçılarına azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olan məktəbə və yaradıcılıq mərkəzinə, eləcə də tikiləcək məktəblərə görə bir daha təşəkkürümü bildirmək istərdim”.

Prezident İlham Əliyev çıxışının sonunda bildirib ki, Azərbaycan yaxın günlərdə COP29 iqlim konfransına ev sahibliyi edəcəkdir. Keçən ilin dekabrında 200-ə yaxın ölkə Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləmişdir. Bu, beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürüdür: “Əminəm ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr COP29 konfransının işində fəal iştirak edəcəklər”.

Digər dövlət başçılarının da çıxışlarından sonra sənədlər imzalanıb. Türk Dövlətləri Təşkilatının yeni bayrağı qəbul edilib. Bu barədə türk xalqlarını birləşdirən ortaq tarixi və mədəni dəyərləri nəzərə alaraq və çoxşaxəli əməkdaşlığın, qarşılıqlı tərəqqinin, birlik və həmrəyliyin gücləndirilməsinə sadiqliyini təsdiq edərək, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının 22 avqust 2012-ci il tarixində Bişkekdə keçirilmiş iclasının Memorandumuna əsasən, Dövlət Başçıları Şurası aşağıdakılar barədə qərar qəbul edib:

Türk Dövlətləri Təşkilatının bayrağı onun təsviri ilə birlikdə qəbul edilsin və bu qərara uyğun olaraq, digər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bayraqlarının rəng sxemlərinin Türk Dövlətləri Təşkilatının bayrağına uyğunlaşdırılmasına davam edilsin və bu təşkilatların yenilənmiş bayraqları qəbul edilsin.

Azərbaycan qardaş türk ölkələri ilə birgə yaratdığı Türk Dövlətləri Təşkilatını öz ailəsi qismində görür və böyük Türk dünyasına mənsub olduğunu qürurla nümayiş etdirir. Dövlətimizin başçısı 2024-cü il fevralın 14-də andiçmə mərasimində çıxışında demişdi ki, TDT bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir: “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

Dünyanın ikili standartlara əsaslanan siyasətinin davam etdiyi bir dövrdə Türk dünyasının birliyinin zəruriliyi özünü daha aydın şəkildə göstərir. Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra bu birliyin daha da möhkəmləndiyi diqqətdən kənarda qalmır. Dünya Türk dünyasının birliyinin şahidi oldu. Ümumilikdə türk dövlətləri arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Hazırda dünya bu birliyi işğaldan azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində aydın şəkildə görür.

Xalqımız da böyük Türk dünyasının önəmli bir parçası olaraq fundamental dəyərlərə malik zəngin türk sivilizasiyasından faydalanmaqla yanaşı, bu sivilizasiyaya öz töhfəsini verməkdən böyük qürur duyur. Azərbaycan TDT-yə üzv olan ölkələrlə qardaşlıq münasibətlərinə malikdir. Türk dövlətlərini birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər ölkələrimizin qarşılıqlı fəaliyyətinin əsasını təşkil edir.

Dövlətimizin başçısının TDT-yə üzv ölkələrin inteqrasiyasına və inkişafına töhfələri hər birimizə yaxşı məlumdur. TDT-yə üzv dövlətlər Prezident İlham Əliyevin bu istiqamətdəki fikirlərini bölüşür, eyni zamanda təşkilatın daha da inkişaf etməsi və nüfuzlu beynəlxalq quruma çevrilməsi üçün səy göstərirlər. Azərbaycanın bu təşkilatla bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar və təşəbbüslər TDT-nin gələcək inkişaf trayektoriyasının nədən ibarət olacağına istiqamət verən mayak rolunu oynayır.

Azərbaycanın Türk dünyası ölkələrinin birliyinə daha bir töhfəsi isə Orta dəhliz layihəsidir. Orta dəhlizi dəyər zənciri də adlandırmaq mümkündür. Lakin bu dəhlizin üstünlükləri və əhatə coğrafiyası Türk Dövlətləri Təşkilatının əsas əlaqələndiricisi kimi çıxış etməyə zəmin yaradır. 

Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Münasibətlərimiz dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Azərbaycan Prezidenti İlham Əliyev daim türkdilli ölkələrlə əlaqələrin inkişafına böyük önəm verir.

todaypress.az | İlham Əliyev TDT-nin Dövlət Başçılarının 11-ci Zirvə Görüşündə çıxış etdi - YENİLƏNDİ - FOTO

Prezident İlham Əliyev iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündəki çıxışında qeyd etmişdi: “Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da Türk dünyasının birliyi amallarına sadiq qalacaq”.

Şuşada keçirilmiş həmin zirvə görüşü Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığa ciddi təkan verib və təşkilatın funksionallığını keyfiyyətcə yeni müstəviyə yüksəldib. Bu cür tədbirlər türk ölkələrinin liderləri arasında kommunikasiyaların daha da gücləndirilməsi, gündəmin aktual məsələləri ətrafında birgə müzakirə imkanlarının genişləndirilməsi, birliyimizin möhkəmləndirilməsi məqsədinə xidmət edir. Tədbirdə çox mühüm qərarlar qəbul olunub. Məhz bu baxımdan Şuşada keçirilmiş qeyri-rəsmi zirvə görüşünü Türk dünyası üçün tarixi sammit də adlandıra bilərik. Həmin tədbir çərçivəsində Qarabağ Bəyannaməsi imzalanıb. Bu mühüm sənəd də türk birliyinin daha da möhkəmləndirilməsi, TDT-nin beynəlxalq nüfuzunun gücləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.

Bişkekdə TDT xarici işlər nazirlərinin görüşü başlayıb - TurkicWorld

Cari ilin sentyabrında Latın qrafikalı, 34 hərfdən ibarət Ortaq Türk Əlifbasının qəbul edilməsi türk xalqlarının linqvistik mirasını qorumaqla yanaşı, onlar arasında qarşılıqlı anlaşmanı, eləcə də əməkdaşlığı daha da inkişaf etdirəcək. Həmin ortaq əlifbanın qəbulu türk xalqları arasında qarşılıqlı anlaşmanın və əməkdaşlığın daha da inkişafına töhfə vermək məqsədi daşıyır. Qəbul edilən əlifba ilə türk xalqları elmdən iqtisadiyyata, siyasətdən humanitara qədər bir çox sahələrdə daha da yaxınlaşacaq, onların birlikdə hərəkət etmək qabiliyyəti artacaq.

TDT-nin 11-ci Zirvə görüşü isə “Türk Dünyasını Gücləndirmək: İqtisadi İnteqrasiya, Davamlı İnkişaf, Rəqəmsal Gələcək və hamı üçün Təhlükəsizlik” şüarı altında keçirildi. Təşkilata üzv ölkələr yenidən bir araya gələrək, sonuncu zirvə görüşündən keçən dövr ərzində görülmüş işlər və əldə olunmuş nailiyyətləri qiymətləndirdilər, təşkilatın inkişaf etdirilməsi və fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıldı. Zirvə görüşündə TDT-də müşahidəçi üzv statusuna malik ölkələrin də dövlət və hökumət başçıları iştirak etdilər. TDT-nin 11-ci Zirvə görüşündə dövlət başçıları müxtəlif sahələr üzrə əsas məsələlərə dair qərarlar qəbul etdilər. Üzv və müşahidəçi dövlətlər arasında çoxtərəfli əməkdaşlığın əsas aspektləri nəzərdən keçirildi. Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə görüşünün Bəyannaməsi imzalandı, TDT-nin bayrağı qəbul edildi. TDT-yə sədrlik Qazaxıstandan Qırğızıstana keçdi. Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə görüşü üzv dövlətlər arasında sıx əməkdaşlıq əlaqələrini və inteqrasiyanı daha da gücləndirməyi hədəfləməklə, bu ölkələrə aid ən vacib məsələlərin müzakirəsi üçün mühüm platforma rolunu oynayacaq.  / “Yeni Müsavat” /

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button