Bu NATO ölkəsi Rusiyanın dərinliklərinə zərbə endirməyə hazırdır…-RƏSMİ

İsveç Rusiyanın mümkün hücumu halında yalnız öz ərazisini müdafiə etməklə kifayətlənməyəcək. Ölkənin Hərbi Hava Qüvvələri belə bir ssenaridə Rusiyanın dərinliklərində yerləşən hərbi hədəflərə zərbələr endirməyə hazırlaşır.
Polise.az “RusTVNet” nəşrinə istinadla xəbər verir ki, bu barədə İsveç Hərbi Hava Qüvvələrinin Hava Müharibəsi Mərkəzinin rəhbəri, polkovnik Karl Berqkvist danışıb.
Onun sözlərinə görə, İsveçin yeni hərbi konsepsiyası müdafiə ilə yanaşı, hücum əməliyyatlarını və düşmən ərazisinin dərinliklərində yerləşən hədəflərin məhv edilməsini də nəzərdə tutur.
Berqkvist vurğulayıb ki, söhbət qabaqlayıcı hücumdan deyil, mümkün təcavüz halında cavab zərbəsi imkanlarının yaradılmasından gedir. Məqsəd potensial düşməni İsveçə qarşı hərbi əməliyyata başlamaqdan çəkindirməkdir.
“Əgər İsveçə hücum edilərsə, döyüşlər yalnız İsveç ərazisində aparılmamalıdır”, – deyə polkovnik bildirib.
İsveç hərbçiləri Ukraynadakı müharibənin təcrübəsini də nəzərə alır. Yeni yanaşmaya əsasən, ölkənin hərbi aviasiyası düşmənin hava üstünlüyü əldə etməsinə imkan verməməli, eyni zamanda onun komanda məntəqələrinə, logistika mərkəzlərinə və hərbi aerodromlarına zərbə endirmək imkanına malik olmalıdır.
Bu məqsədlə İsveç uzaqmənzilli silah sistemlərinin əldə edilməsini də nəzərdən keçirir. Hərbçilərin tələbləri arasında uçuş məsafəsi 2 min kilometrədək olan qanadlı və ballistik raketlərin alınması məsələsi də yer alır. Qeyd edək ki, Stokholmdan Moskvaya məsafə 1200 km-dir.
Bundan başqa, İsveçin “JAS 39 Gripen” qırıcılarının uzaqmənzilli “Taurus KEPD 350” qanadlı raketləri ilə təchiz edilməsi imkanları müzakirə olunur. Bu raketlərin 500 kilometrdən artıq məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malik olduğu bildirilir.
Yeni strategiyada təyyarələrin daha çevik şəkildə yerləşdirilməsi, avtomobil yollarının uçuş-enmə zolağı kimi istifadəsi, hava hücumundan müdafiənin gücləndirilməsi və pilotsuz uçuş aparatlarından kəşfiyyat məqsədilə daha geniş istifadə edilməsi də nəzərdə tutulur.
İsveç 2024-cü ilin martında NATO-ya üzv olub. Ölkə alyansın kollektiv müdafiə sisteminə qoşulduqdan sonra hərbi strategiyasını NATO çərçivəsində mümkün münaqişələrə hazırlıq istiqamətində yeniləyir.
Qeyd edək ki, İsveç hərbçilərinin açıqladığı bu yanaşma Rusiyaya qarşı qabaqlayıcı hücum planının elan edilməsi kimi təqdim olunmur. Söhbət mümkün hücum zamanı qarşı tərəfin dərinliklərindəki hərbi hədəflərə zərbə endirmək imkanlarının yaradılmasından gedir.

Polise.az “TSN”-ə istinadla xatırladır ki, Finlandiya və İsveç Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr bu yaxınlarda Baltik dənizi üzərində beynəlxalq hava məkanında Rusiya hərbi təyyarələrindən ibarət eskadrilyanı ələ keçirib.
S.Laçın
Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button