Azərbaycana qarşı təxribat törədənlə bağlı yeni faktlar-1900 dollar…

Ermənistan vətəndaşının cinayətini sübut edən kamera görüntüləri var, amma o hələ susur

Tiflisdə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin büstünün zədələnməsi ilə bağlı işdə yeni detallar ortaya çıxıb. Musavat.com Ermənistan və Gürcüstan mediasına istinadən xəbər verir ki, qonşu ölkənin hüquq-mühafizə orqanlarının saxladığı şəxsin Ermənistan vətəndaşı olduğu rəsmən təsdiqlənib. O, hazırda paytaxtdakı 8 saylı penitensiar müəssisədə saxlanılır və məhkəmənin qərarı ilə barəsində 55 günlük həbs qətimkan tədbiri seçilib.
Məsələ ilk baxışdan vandalizm faktı kimi görünsə də, Azərbaycan üçün hadisənin simvolik və siyasi əhəmiyyəti daha genişdir. Çünki söhbət Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olan Heydər Əliyevin Tiflisin mərkəzində yerləşən abidəsindən gedir.
Gürcüstan Daxili İşlər Nazirliyi hadisə ilə bağlı Cinayət Məcəlləsinin 187-ci maddəsinin birinci hissəsi üzrə araşdırma aparır. Maddə özgə əmlakının qəsdən zədələnməsi və ya məhv edilməsinə görə məsuliyyət nəzərdə tutur və təqsir sübuta yetirilərsə, bir ildən beş ilədək həbs də tətbiq oluna bilər.
Saxlanılan şəxsin 40 yaşdan yuxarı Ermənistan vətəndaşı olduğu, sentyabrın 20-də Gürcüstana turist kimi gəldiyi bildirilir. İstintaqın versiyasına görə, o, sentyabrın 21-nə keçən gecə büstə zərər vurub, daha sonra isə Gürcüstanı tərk etməyə çalışarkən saxlanılıb. Vəkil Teona Peradzenin sözlərinə görə, təxribatçı hazırda susmaq hüququndan istifadə edir. Peradze qeyd edib ki, müdafiə tərəfi məhkəməyəqədər həbs qərarının ləğvi üçün vəsatət qaldırıb və alternativ olaraq 5000 lari (təxminən 1900 dollar) girov pulu, iş üzrə yekun qərar çıxarılana qədər pasportunun müsadirə edilməsi və Gürcüstandan çıxışına qadağa qoyulmasını təklif edib. Lakin vəsatət rədd edilib. Vəkil həmçinin bildirib ki, müstəntiq Ermənistan vətəndaşının saxlanılması barədə Ermənistan səfirliyinə məlumat verib. Peradze saxlanılan şəxsin ailəsini Ermənistanda şəxsən tapıb və saxlanıldığı gün onlarla əlaqə saxlayıb. “Ailə Ermənistandadır. Onun Gürcüstanda heç kimi yoxdur”, – Peradze qeyd edib. Onun sözlərinə görə, İ.A.-nın geyimə və digər zəruri əşyalara ehtiyacı var.
İşin Azərbaycan baxımından diqqətçəkən məqamlarından biri də budur ki, istintaq materiallarında hadisəni əks etdirən müşahidə kameralarının görüntülərinin olduğu bildirilir.Ermənistan vətəndaşının vəkili bu görüntülərdə abidəni zədələyən şəxsin göründüyünü açıqlayıb.

Picture background

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev isə istintaq yekunlaşmadan hadisənin motivi ilə bağlı nəticə çıxarmamağa çağırıb. Diplomat bildirib ki, Gürcüstanın Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər aidiyyəti qurumları araşdırmanı davam etdirir və hüquqi nəticəni gözləmək lazımdır.
Tiflisdəki büst 2007-ci il mayın 12-də Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın o zamankı prezidenti Mixail Saakaşvilinin iştirakı ilə açılıb. Abidənin yerləşdiyi məkan Azərbaycan-Gürcüstan münasibətlərinin rəmzi elementlərindən biridir. Azərbaycanın mövqeyindən əsas gözlənti isə əlbəttə ki, hadisənin hərtərəfli və şəffaf araşdırılması, əgər təqsir məhkəmə tərəfindən sübuta yetirilərsə, şəxsin Gürcüstan qanunvericiliyinə uyğun məsuliyyətə cəlb edilməsidir.

İstənilən halda, bu təxribat xarakterli hərəkətlər iki qonşu və strateji tərəfdaş ölkə arasında qarşılıqlı etimadı zədələmək, ictimai rəydə gərginlik yaratmaq və Bakı ilə Tiflis arasındakı münasibətlərə kölgə salmaq cəhdi kimi qiymətləndirilə bilər. Ermənistan vətəndaşının hadisə ilə bağlı saxlanılması isə bu kontekstdə əlavə suallar doğurur. Müvafiq qurumların əsas vəzifəsi təxribatın arxasında hansı motivin dayandığını və hər hansı təşkilatlanmış əlaqənin olub-olmadığını tam aydınlaşdırmaqdır.

Musavat.com

 

 

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button