Paraleqal institutu yaradılır: pulsuz ilkin hüquqi yardım göstərəcəklər

“Pulsuz hüquqi yardım haqqında” qanun layihəsində Azərbaycanda paraleqal institutunun yaradılması nəzərdə tutulur.

Layihəyə görə, paraleqal ali təhsilli, Vəkillər Kollegiyasının üzvü olmayan və dövlət büdcəsinin vəsaiti hesabına ilkin hüquqi yardım göstərən şəxs olacaq. Paraleqal statusu əldə etmək istəyən şəxslər Vəkillər Kollegiyasına müraciət etməli, xüsusi hazırlıq təlimini uğurla başa vuraraq sertifikat almalıdırlar.

Polise.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında gündəliyə daxil edilib.

Paraleqallar vətəndaşlara normativ hüquqi aktlar, hüquq və vəzifələr, məhkəmədənkənar və məhkəmə qaydasında hüquqların həyata keçirilməsi və hüquq müdafiə üsulları barədə məlumat verə biləcəklər. Onlar həmçinin ərizə, şikayət və digər sənədlərin hazırlanmasına kömək göstərəcəklər.

Layihədə paraleqallar üçün müəyyən məhdudiyyətlər də nəzərdə tutulur. Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məcburi tibbi xarakterli tədbirlərlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan, habelə ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxslər paraleqal ola bilməyəcəklər.

Paraleqallar fəaliyyətlərini vəkil qurumları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillərlə bağladıqları mülki hüquqi müqavilə əsasında həyata keçirəcəklər.

Layihəyə əsasən, paraleqalların təlimi və göstərdikləri ilkin hüquqi yardımın haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button