Ekspertiza obyektin olduğu yerdə də keçirilə biləcək

Ekspertlər tədqiqatı obyektin yerləşdiyi ərazidə apara biləcək. Azərbaycanda məhkəmə ekspertizasının yalnız məhkəmə iclasında və ya ekspertiza idarəsində deyil, zərurət olduqda tədqiqat obyektinin yerləşdiyi yerdə də aparılması təklif olunur.
Polise.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında gündəliyə daxil edilib.
Mülki Prosessual Məcəlləyə ediləcək dəyişikliklərə əsasən, tədqiqat üçün materialların məhkəmə iclasına və ya ekspertiza idarəsinə gətirilməsi mümkün olmadıqda və ya bu, çətinlik yaratdıqda ekspertiza məhkəmə iclasından kənar – tədqiqat obyektinin olduğu yerdə keçirilə biləcək.
Bu zaman məhkəmə ekspertin, tədqiqata cəlb edilmiş mütəxəssisin və işdə iştirak edən şəxslərin obyektin yerləşdiyi əraziyə daxil olmasını və tədqiqatın aparılmasını təmin edəcək.
Eyni zamanda, işdə iştirak edən şəxslərin obyektin olduğu yerdə tədqiqatda iştirak etməməsi ekspertizanın dayandırılması və ya təkrarlanması üçün əsas sayılmayacaq.
Oxşar mexanizmin cinayət-prosessual və inzibati icraat sahələrində də tətbiqi nəzərdə tutulur. Layihəyə əsasən, hadisə yerində və ya tədqiqat obyektinin yerləşdiyi ərazidə ekspertin və digər proses iştirakçılarının fəaliyyəti üçün zəruri şərait təmin ediləcək.



