Hicab pərdədir, dava hizb davasıdır– ölkəni başqa dövlətin (b)ostanı etmək istəyirlər

Avropa ölkələri dünyəvilik və klerikalizm mübahisəsini 100+ il bundan əvvəl həll edib, bütün daşları yerinə oturdub və polemikanı bitiiriblər.
Daha heç bir Avropa ölkəsində “dünyəvilik, yoxsa klerikallıq” sualı qoyulmur və bunun üzərində mübahisə aparılmır.
Vatikandan başqa hamısı sekulyar dövlətdir., hamısında din dövlətdən, məktəb kilsədən birdəfəlik ayrılıb və dinin cəmiyyət üzərində dominantlığı yoxdur.
Müsəlman şərqində isə elə deyil. Burada “islam respublikaları”nın artması müşahidə olunur. 1979-cu ildə yaranan “islam respublikası”nın ardınca Əfqanıstan da “islam əmirliyi” oldu. Pakistan 1956-ci ildən, Mavritaniya isə 1958-ci islam respublikalarıdır.
Bir də adlarında “islam” sözü olmayan dini dövlətlər – krallıqlar, əmirliklər və sultanlıqlar var: Səudiyyə Ərəbistanı, İordaniya, Mərakeş, Bəhreyn, Oman, Qətər, Küveyt, BƏƏ, Bruney və Malayziya federal monarxiyası. Ümumilikdə dunyanın 53 ölkəsində müsəlmanlar əhalinin əksəriyyətini təşkil edir, 28 ölkədə isə islam dövlət dini statusu daşıyır.
Bu ölkələrdə din dövlətdən ayrı deyil, dini dəyərlər cəmiyyət həyatının əsasıdır, dövlətin sosial-siyasi və mədəni həyatında dini qurumların rolu həlledicidir, sosio-teoloji ideyalar dominantdır.
Keçmiş SSRİ-də, daha dəqiqi, Rusiyada kilsənin dövlətdən, məktəbin kilsədən ayrılması haqqında fərman Xalq Komissarları Şurası tərəfindən 20 yanvar (2 fevral) 1918-ci ildə qəbul edilib. Bu fərman dövlət hakimiyyətinin dünyəvi təbiətini müəyyən edib, vicdan və din azadlığı elan olunub, dini təşkilatlar hər hansı mülkiyyət hüququndan və hüquqi şəxs hüquqlarından məhrum edilib.
Onu da qeyd edək ki, müttəfiq sovet respublikalarının (SSRİ-yə daxil olan federal subyektlər) içində dinin dominant olduğu yeganə respublika Ermənistan idi. Bu ölkədə kilsənin mülkiyyəti və həlledici söz hüququ vardı, hazırda baş nazir Paşinyan dini dövlətdən ayırmaq, kilsənin rolunu azaltmaq üçün səy göstərir.
Azərbaycan müstəqillik qazananda (1918) da, dövlət müstəqilliyini bərpa edəndə də dünyəviliyə sadiq qalıb, teokratik dövlət quruluşu modelindən imtina edib.
Neçə vaxtdır ölkəmizdə dini zəmində baş verən gərginliklərin əsas səbəbi dünyəvilik və klerikalizm ziddiyyətindən doğur. Lap açığı budur: ölkəmizdə teokratik rejim, “islam respublikası” qurmaq istəyən, daha dəqiqi, onu artıq mövcud olan islam respublikasının ostanlarından, əyalətlərindən birinə çevrimək istəyənlər var.
Hicab, azan, dini ayinlər və sair məsələlərlə bağlı mübahisələrin, söz güləşdirmələrin hamısı bundan qaynaqlanır. Hizb (dini partiya) davası gedir, dini məscid və camelərdən çıxararaq siyasi alətə çevirmək, cəmiyyət həyatının əsasına, dövlət idarəçiliyinin fonuna qoymaq istəyirlər və bu, sekulyar həyat tərzini üstün tutanların müqaviməti ilə üzləşir.
Onlar ən adi şeyləri dini azadlıqların boğulması kimi qələmə verib hay-küy salırlar. Halbuki başqa dövlətin xüsusi xidmət orqanlarına casusluq etməyin, özünü həmin dövlətin əmrə müntəzir əsgəri kimi aparmağın dinə, məzhəbə dəxli yoxdur. Bu, sadəcə olaraq, öz dövlərinə, vətəninə xəyanət etməkdir və cəzası da bəllidir.
Ölkədə minlərlə mömin var ki, ibadətlərini edir, dini ayinlərin icrasından qalmırlar və onlara hər hansı bir qadağa tətbiq edən yoxdur. Ancaq sosial şəbəkələrdə aşırı dini təbliğat apararkən onlara qarşı çıxanları söyüb təhqir etmək, hədələyib qorxutmaq, bu yolla həmin platformalarda psixoloji terror mühiti yaratmaq istəyənlərin inzibati və hüquqi məsuliyyətə cəlb edilməsi tam normaldır. Bunun da vicdan azadlığına dəxli yoxdur. Vicdanı olan mömin söyüş söyməz.
Bir Azərbaycan deyil, postsovet ölkələrindən Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistan da bənzər problemlə üz-üzədirlər. Onlar da xarici ölkələrdən gələn təriqətçilərin, ekstremist qüvvələrin ölkədə dini rejim bərqərar etmək, sekulyar dövlət idarəetməsini dəyişdirmək səyləri ilə mübarizə aparırlar.
Türkmənistan bu məsələni sərt inzibati metodlarla tənzimləyib, ölkəyə yalnız isti ölkələrdən uçub gələn köçəri quşlar girə bilər.
Özbəkistan xarici dini missionerlərin gəliş-gedişini tam nəzarətə götürüb, yerli din xadimlərinin fəaliyyətinə geniş şərait yaradıb və onlarla xarici ekstremist təşkilatların əlaqəsini sıfıra endirib.
Eyni şey Qazaxıstanda da edilib. Tacikstan özünü Əfqanıstandakı teokratik rejimin təsirindən mətanətlə qoruyur. Qırğızıstan da öz sekulyarizmini klerikal qüvvələrə güzəşt etmək niyyətində deyil.
Normal olmayan odur ki, bir sıra güclü və oturuşmuş müsəlman dövlətləri postsovet məkanının müsəlmanlar yaşayan respublikalarına münbit məkan kimi baxır, onların dövlət quruluşlarını dəyişərək özlərindən asılı vəziyyətə sala biləcəklərini düşünürlər. Bu, özlüyündə ekspansiya niyyəti və imperiya ambisiyasıdır.
Bir sözlə, öz dövlət suverenliyini, xalqının milli mədəniyyətini qorumaq istəyən ölkələr dindən siyasətdə sui-istifadə edən qüvvələrin dağıdıcı fəaliyyətinin qarşısını vaxtında almalıdırlar.



