Ceyhun Bayramov: Azərbaycan TDT çərçivəsində əməkdaşlığın gücləndirilməsinə sadiqdir

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 13-cü iclasında çıxış edib.

Polise.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Nazir bildirib ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) sədrliyi dövründə əsas prioritetlər əməkdaşlığın inkişafı, ortaq tarixi və mədəni irsin qorunması, xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi, iqtisadi və nəqliyyat bağlantılarının genişləndirilməsi, eləcə də təşkilatın beynəlxalq mövqeyinin gücləndirilməsidir.

Bu istiqamətlər 2025-ci ilin oktyabrında Qəbələdə keçirilən TDT Sammitində bir daha təsdiqlənib.

Ceyhun Bayramov qlobal münaqişələr, beynəlxalq hüquqa təhdidlər və təhlükəsizlik sistemindəki problemlər fonunda qarşılıqlı etimadın, ortaq maraqların və həmrəyliyin vacibliyini vurğulayıb. O, siyasi dialoqun və təhlükəsizlik sahəsində koordinasiyanın dərinləşdirilməsinin və Bakıda Təhlükəsizlik şuraları katiblərinin görüşünün əhəmiyyətini qeyd edib.

Nazir 2027-ci il üçün birgə müdafiə sənayesi istehsalı və texnoloji tərəfdaşlıq üzrə yol xəritəsinin qəbulunu, eləcə də ticarət, investisiya, nəqliyyat, enerji, maliyyə, rəqəmsal inkişaf və innovasiya sahələrində əlaqələrin genişləndirilməsini diqqətə çatdırıb.

O, Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsi, Şuşada dini məsələlərə məsul dövlət qurumları rəhbərlərinin ilk görüşü və Bakıda müsəlman dini idarələri rəhbərlərinin yeddinci toplantısı kimi təşəbbüslərin humanitar-mədəni əlaqələrin inkişafına töhfə verdiyini bildirib.

C.Bayramov TDT-nin BMT Baş Assambleyasında müşahidəçi statusu əldə etməsi üçün Nyu-Yorkda aparılan diplomatik səyləri, eləcə də üçüncü ölkələr və beynəlxalq təşkilatlarla tərəfdaşlıq imkanlarını artıran TDT+ formatını da qeyd edib.

Nazir qərarların icrasının təmin olunmasının, milli qurumların fəal iştirakının və TDT Katibliyinin koordinasiya funksiyasının gücləndirilməsinin vacibliyini vurğulayıb.

O, Azərbaycanın təşkilatın səmərəliliyini artırmaq və əməkdaşlığı daha məhsuldar etmək istiqamətində səylərini davam etdirəcəyini bildirib.

Medial
Medial
Medial
Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button