Kiçik sahibkarlara 5 illik vergi güzəşti tətbiq ediləcək

Azərbaycanda ən azı iki il kiçik sahibkar kimi fəaliyyət göstərən vergi ödəyicilərinə müəyyən şərtlər daxilində gəlir və ya mənfəət vergisi üzrə beşillik güzəştin tətbiqi nəzərdə tutulur.
Polise.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin (DVX) sədri Orxan Nəzərli Milli Məclisdə keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
O qeyd edib ki, bu dəyişiklikdən təxminən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir:
“Bundan əlavə, ixrac fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri üçün əlavə vergi təşviqlərinin tətbiqi təklif olunur.
Təşviqlər malların ixracı ilə yanaşı, xidmət ixracını da əhatə edəcək. Bu addım yerli sahibkarlıq subyektlərinin xarici bazarlara çıxış imkanlarının genişləndirilməsinə və ixrac potensialının artırılmasına yönəlib.
Müsbət dəyişikliklərdən biri də vergi öhdəlikləri müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, gecikdirilmiş hər gün üçün hesablanan faiz dərəcəsinin iki dəfə azaldılmasının təklif edilməsidir.
Bununla yanaşı, maliyyə sanksiyalarının qısa müddətdə ödənilməsini stimullaşdırmaq məqsədilə əlavə təşviq mexanizmlərinin tətbiqi də nəzərdə tutulur”.
Polise.az



