Kənd təsərrüfatı sahəsində vergi güzəştləri daha beş il müddətinə uzadılır

Kökəltmək məqsədilə idxal olunan heyvanların ƏDV-dən azad edilməsi nəzərdə tutulur.
Polise.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin (DVX) Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov Milli Məclisdə keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
O qeyd edib ki, dəyişiklik sahibkarların xərclərini azaltmaq, məhsulun qiymətinin artmasının qarşısını almaq və kənd təsərrüfatı biznesini dəstəkləmək məqsədi daşıyır.
“Fermer təsərrüfatları ilə keçirilən görüşlərdə qaldırılan məsələlərdən biri kökəltmək məqsədilə idxal olunan heyvanlarla bağlıdır. Hazırda idxal edilən heyvanların kökəldildikdən sonra kəsilərək satışa təqdim edilməsindən əldə olunan gəlirlər mənfəət vergisindən azad edilmir. Lakin növbəti dəyişikliklərdə fermer təsərrüfatlarının da kənd təsərrüfatı sahəsi üçün nəzərdə tutulan ümumi vergi güzəştlərindən yararlanması təklif olunur.
Eyni zamanda, kəsilmiş ətin satışı əlavə dəyər vergisindən azad olunduğuna görə, heyvanların idxalı zamanı ödənilən ƏDV məhsulun maya dəyərinə daxil edilir. Bu isə son nəticədə qiymətə təsir göstərən vergi yükü yaradır”, – deyə N.İmanov bildirib.
İdarə rəisi əlavə edib ki, kənd təsərrüfatı sahəsində istehsalçılara tətbiq olunan vergi güzəştlərinin daha beş il müddətinə uzadılması nəzərdə tutulur:
“Əlavə dəyər vergisi və sadələşdirilmiş vergi üzrə güzəştlər qüvvədə qalacaq”.
Polise.az



