Ermənistan Ramil Səfərov iddiasından geri çəkildi: Səfirliklər açılır
Ermənistan və Macarıstan diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər.
Bu barədə Ermənistan və Macarıstan XİN rəhbərləri birgə bəyanatla çıxış edib.
“2022-ci il dekabrın 1-də Lodzda ATƏT-in Nazirlər Şurasının iclası çərçivəsində Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan və Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyaarto arasında görüş keçirilib. Hər iki tərəf erməni və macar xalqları arasında dərin tarixi və mədəni əlaqələrin, eləcə də ortaq xristian irsinin olması fikri ilə razılaşıb. Diplomatlar Ermənistan Respublikası ilə Macarıstan arasında münasibətlərin yaxşılaşdırılmasının vacibliyini vurğulayıb.
Onlar qarşılıqlı etimada və beynəlxalq hüquqa hörmətə əsaslanan münasibətlərində yeni səhifə açmaq niyyətlərini ifadə edərək, diplomatik münasibətləri tam bərpa etmək barədə razılığa gəliblər. Yaxın günlərdə lazımi diplomatik və inzibati prosedurlara başlanılacaq.
Qeyd edək ki, Ermənistan və Macarıstan arasında diplomatik əlaqələr 2012-ci ildə Ermənistan Milli Təhlükəsizlik Şurasının qərarı ilə dayandırılıb. Buna səbəb 2004-cü ildə Budapeştdə Azərbaycan bayrağını təhqir edən erməni leytenant Qurgen Marqaryanı öldürdüyünə görə Macarıstanda cəza çəkən Azərbaycan ordusunun zabiti Ramil Səfərovun ekstradisiyası olub.