İcma sədri: “Yaxın gələcəkdə Zəngəzura, Göyçəyə, İrəvana qayıdacağıq”
“Yaxın gələcəkdə Zəngəzura, Göyçəyə, İrəvana qayıdacağıq”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı, “Qərbi Azərbaycan İcması”nın sədri Əziz Ələkbərli parlamentin bu gün keçirilən plenar iclasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan və dünya ictimaiyyəti bir neçə gün əvvəl Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin növbəti qətiyyətli, gələcəyə hədəflənmiş tarixi addımının şahidi oldu: “44 günlük Vətən müharibəsində Qarabağ və Şərqi Zəngəzurda tarixi ədaləti bərpa edən Azərbaycan bu ədaləti Qarabağ münaqişəsinin təsir zonasına daxil olan Qərbi Azərbaycan ərazisində də bərpa etmək əzmini açıq şəkildə bəyan etdi. Biz Qərbi Azərbaycan İcması olaraq, verdiyi dəstəyə və tarixi torpaqlarımız uğrunda mübarizəmizə yaratdığı hərtərəfli şəraitə görə dövlət başçısına bir daha dərin təşəkkürümüzü bildiririk”.
Deputat xatırladıb ki, Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyətinin bazasında bu il avqustun 3-də yaradılıb: “İcmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar fəaliyyət göstərir. Bu strukturlarda 400-dən artıq mütəxəssis, ziyalı, elm adamı toplaşıb. İcmanın sədri, iki sədr müavini, Ağsaqqallar Şurasının sədri, Qadınlar Şurasının sədri, Ziyalılar Şurasının sədr müavini, Gənclər Birliyinin sədri və sədr müavini, Nəzarət-Təftiş Komissiyasının sədr müavini deputatlardır. Qərbi Azərbaycan İcmasının məqsədi erməni terrorizmi nəticəsində son iki əsrdə etnik mənsubiyyətinə görə indiki Ermənistan ərazisindən deportasiya olun¬muş, nəticədə əsas hüquq və azadlıqları tapdalanmış, zorakılığa və məhrumiyyətlərə məruz qalmış azərbaycanlıların və onların varislərinin hüquqlarının beynəlxalq müstəvidə bərpası, etnik azərbaycanlılara qarşı törədilən tarixi cinayətlər haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu cinayətləri törətmiş erməni millətçilərinin və Ermənistan SSR-in indiki varisi olan Ermənistan Respublikasının beynəlxalq müstəvidə məsuliyyətə cəlb edilməsinə nail olmaqdan ibarətdir. Əsas hədəfimiz qaçqınlarımızın öz dədə-baba ocaqlarına qayıtmaq hüququnun təmin olunmasıdır. İnanıram ki, 44 günlük müharibədə nümayiş etdirdiyimiz milli həmrəyliyi tarixi torpaqlarımız uğrunda mübarizədə də nümayiş etdirəcək və yaxın gələcəkdə Zəngəzura, Göyçəyə, İrəvana qayıdacağıq”.