100 milyon insanı məhv edən bəla qapıda…
Bir zamanlar adını belə çəkəndə vahimələndiyimiz koronavirusu demək olar ki, yada salan yoxdur. Belə ki, son sutkada ölkədə COVID-19 əleyhinə vaksin vurulmayıb. 16 yeni yoluxma faktı qeydə alınıb, 93 nəfər müalicə olunaraq sağalıb, ölən yoxdur.
Bəs virusla bağlı vəziyyət necə dəyişə bilər? Pandemiya bu il bitə bilərmi?
Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, koronavirus pandemiyası hələ bitməyib:
“Karantin də təbii ki, davam edir. Sadəcə karantin qaydaları çox yumşaldığından biz o qədər hiss etmirik. Lakin pandemiya hələ davam edir. Pandemiyanın bu il bitməsi proqnozlaşdırılır, çünki o, artıq öz qürubuna, finişə doğru gedir. Bu il çox güman ki, bitəcək”.
A.Qeybulla son günlərdə yayılan virusdan da danışıb:
“Hazırda influenza – qripin mutasiya forması yayılıb. Bu, Avropa ölkələrində də yayılıb. Qrip hər il mutasiyaya uğrayaraq yeni formada peyda olur. Onun A, B və C forması var. Ən çox yayılan forması A-dir. Qripin 2000-dən çox mutasiya ştamı var. Qrip vaksinləri də hər il yenidən hazırlanır. Doğrudur, bu peyvəndlər məsələnin tam həlli deyil, amma immunitetin yaranmasında xeyli rolu var. Bu baxımdan da vaksinasiya məsləhətdir. İnfluenza virusu bəzən yuxarı tənəffüs yollarının katarı ilə – asqırma, öskürmə, burnun tutulması və s. formada, bəzən isə yüksək temperatur, bel, əzələ ağrıları kimi əlamətlərlə özünü göstərir. Hazırkı virus xeyli arealı əhatə edir. Amma nəzərə almaq lazımdır ki, qripin təhlükəli forması gözlənilir. Bu, “ispan qripi” (100 milyona qədər insanın ölümünə səbəb olub) şəklində özünü göstərəcək. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edib”.
Meymunçiçəyinə gəlincə, həkim qeyd edib ki, onu lokallaşdıra bildilər: “Bununla bağlı təhlükəli epidemioloji vəziyyət yoxdur”.