Bu gün yazıçı Anarın doğum günüdür
Anarı qınamayın!
Adı tarixə həkk olunan yazıçılar haqqında nələr yazılmır!?
Hətta Məhəmməd Füzuli,Səməd Vurğun haqqında da bir vaxt yazardılar, yəqin hələ yazacaqlar.
Səmavi Kitablara şəkk gətirənlər də olub və olacaq.Amma daha Səmavi Kitablar nazil olmur!
Nə dahi Füzulini ,nə də böyük Səməd Vurğunu 9 ay bətnində daşıyıb doğan analar da hələ ki, yoxdur…
Bunlar Həyatın “möcüzəsidir”,- deyərdim və belə subyektiv yanaşmalar hələ çox olacaq…
Qənaətimə görə yazıçıların qurultayında milli azadlıq hərəkatının öncüllərindən olan, xalq şairi və millət vəkili Sabir Rüstəmxanlının dərin fəlsəfi təzadlarla zəngin çıxışını dinləyib və yaxud oxuyandan sonra hər şey aydın olacaqdı…
Dünya ədəbiyyatının tanınmış simalarından olan Mixail Şoloxov, Dostoyevski və Lev Tolstoydan sonra Rusiyanın ən böyük qələm ustalarından biri olmuşdur.
Sələflərindən fərqli olaraq Şoloxov həyatı və qələmi ilə yaşadığı dövrün ideologiyasına xidmət göstərmiş, o dövrün(bəlkə bu dövrün də)ədəbi ideologiyasının formalaşmasında və təbliğində önəmli yer tuta bilmişdir…
O,Rostovda vergi kursunu bitirdikdən sonra Bukanovski stansiyasında satış inspektoru vəzifəsində çalışarkən
mənimsəmə faktı ilə cinayət təqibinə məruz qalır və nəticəsindən asılı olaraq ona 1922-ci ildə ölüm hökmü elan edilir.Amma yaşının az olmasına və təcrübəsizliyinə görə o,
məsuliyyətdən azad olunmuşdu.Bu, sovet sosial ədalətinin bariz nümunəsiydi.
Özünün yazdığı kimi,”İki gün güllələnəcəyimi gözləyirdim.Amma gəldilər və məni buraxdılar”.
“Rusiya tarixi üçün mühüm bir dövrdə Don kazakları haqqında eposu mükəmməlliyi və bədii təsir gücünə görə” İsveç Kral Akademiyası 1965-ci ildə, Şoloxov 60 yaşında ikən “Sakit Don”u Nobel mükafatına layiq görmüşdü.
O,”Sakit Don”u 20 yaşında -15 il ərzində yazmağa başlamışdı…
Ali savadı, kifayət qədər ədəbi təcrübəsi və mütaliəsi olmayan bir yazıçı sovet ədəbiyyatında romançılığı yeni ədəbi müstəviyə qaldıra bilmışdı.Amma Onu ədəbi oğurluqda-plagiatlıqda günahlandırırdılar.Bu böyük əsərin müəllifinin Fyodor Kryukov olduğunu iddia edənlər də çox idi.
Rus ədəbiyyatının digər tanınmış Nobelçisi Soljenitsin də “Sakit Don”u plagiat adlandırırdı.
Həyatın qəribə ibrətləri var.1970-ci ildə Soljenitsin Nobel mükafatına layiq görüləndə Şoloxov da dinc durmadı,həmkarını”sovet həqiqətlərini təhrif etməkdə və qeyri peşəkarlıqda suçladı.
Lakin sonralar Şoloxovu az qala ömrünün sonuna qədər müşayət edəcək bu haqsızlığa son qoyuldu.Fin slavyanşünası və riyaziyyatçısı Qyer Xetsun kompyuter müqayisələri və təhlilləri ilə”Sakit Don”un müəllif tərəfindən-qələmindən süzüldüyünü Şoloxovun əl yazmaları ilə sübut etdi.
M.Şoloxovu ucalıqda saxlayan və haqqında bu gün də müzakirə olunan məsələlərdən biri də onun Nobel mükafatı alarkən İsveç kralı vı Adolf Qustava təzim etməməsidir.”Biz kazaklar yalnız, xalqdan başqa heç kimin qarşısında təzim etmirik
“,-deyib krala baş əyməməklə sovet siyasi iradəsini nümayiş etdirmişdi.
Zamanında Qabriel Markes də Nobel mükafatının təqdimat mərasimində frak geyməkdən imtina edərək,adi ağ kostyumla mərasimə qatılmaqla adını tarixə yazmışdı.
Allah xatirinə məndən inciməyin!
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar da əsərləri ilə adını ədəbiyyat tarixinə yazan yazıçılardan biridir.İllər ötüb keçəcək və Anarın ünvanına kövrək cavanların “kövrək” və əsası olmayan iradları qum üzərində yazılan sözlər tək silinib gedəcək!
Tanrı hər birimizi hissə qapılmaqdan uzaq etsin,
böyüklərə hörmət və ehtiram,kiçiklərə isə rəhm və mərhəmət əta etsin!
P.S.Yazını ötən il Azərbaycan yazıçılarının son qurultayından sonra qələmə almışdım.
Polise.az xəbər verir ki, yazıçının 85 yaşı tamam olur. Böyük yazıçını doğum günü münasibətilə təbrik edir,Tanrıdan Ona sağlam ömür arzulayırıq.