Ad günüm – Sabir Rüstəmxanlının şeirləri
Bu gün Xalq şairi Sabir Rüstəmxanlının doğum günüdür. Bu münasibətlə tanınmış şairi təbrik edir, onun bir neçə şeirini oxuculara təqdim edirik.
Ad günüm
Bəlkə min il yaşlı, on min il yaşlı
Sirli bir mahnının ardınca bu gün.
Dağlara gəlmişəm yalqız, kimsəsiz
Öz doğum günümü qutlamaq üçün!
Ürək oxuyanın işləri müşkül,
Gözlərdə göz alan dərinlik qalmır.
Onsuz da seyrəlir dost məclisləri,
Sözlərdə əvvəlki şirinlik qalmır.
Tənha zirvələrlə verim baş-başa,
Məni onlar atdı burdan həyata.
Görüm ucaların halı necədi,
Dözə bilirlərmi bu gedişata!..
Adımı köksünə həkk eləmişdim,
Bilmirəm ağrısı dərindədirmi?
Salam çinar qardaş, nəğməm darıxır,
Sənin mahnıların yerindədirmi?
Əgər yerindəsə bir ağız oxu
Ya da sağlıq söylə köklər eşqinə,
Sən də badəyə dön, ay əlçim bulud
Qaldırım başıma göylər eşqinə!
O göl qədəhini qaldır, qoca dağ,
Nuş elə, lap nəfəs kəsəsi olsun.
Mən ömrüm uzunu səni öymüşəm,
Sən də bir ağız de, əvəzi olsun!
Bu meşə, bu çəmən, bu bulaq, bu yol,
Köhnə dostlərımdı məclisimdə cəm.
Şəhərin səhəri ayıltdı məni
Şəkər bulaqlardan keflənəcəyəm!
Elə sehir var ki, bu ucalıqda
Ürəyi dəyişir, vaxtı çaşdırır.
Dağlar ad günümə hədiyyə kimi
Ruhumu yenidən cavanlaşdırır.
Ey qürbətin dağları
Dünyanın hər yerində üz tutduğum dağlardı,
Çayıyla, bulağıyla ilhamımdı… çağlardı,
Dağ olmasa kim məni bu yadlıqda saxlardı
Yolları, cığırları, izləri xoş görmüşük
Ey qürbətin dağları, sizləri xoş görmüşük!
Qürbət dedim, küsmədi… Bura da öz elimiz,
“Göy” adında göyləri – imanımız dinimiz.
Bu ad muzeylərində dipdiridir dilimiz
Tarix etibarında sözləri xoş görmüşük,
Ey qürbətin dağları, sizləri xoş görmüşük!
Mənə açdı qəlbini, yabançı gəlsə laldı,
Bu qədər uzaqlıqda bu doğmalıq xəyaldı,
Yollar çəkib aparır, qoy aparsın halaldı
Qayalar pəncəsində düzləri xoş görmüşük,
Ey qürbətin dağları, sizləri xoş görmüşük!
Zirvələrin hər biri – tarixin bir parçası,
Hansına əl uzatsam mənə ürək açası,
Salam, Tanrı dağında buz olmaqdan qaçan su,
Bulaq-bulaq çağlayan gözləri xoş görmüşük
Ey qürbətin dağları, sizləri xoş görmüşük!
Oyan, ey türkün oğlu, gör sərhəddin hardadı,
Bir ucalıq dünyan var zirvələri qardadı,
Təkcə qardaşların yox, dağların da dardadır,
Milyon sirrin açarı gözləri xoş görmüşük
Ey qürbətin dağları, sizləri xoş görmüşük!
Nə əbədi dözümdü, nə müqəddəs ucalıq,
Saç bu sayaq ağara, belə gələ qocalıq
Öz dilində danışsan pıçıltın da ucalar
Hər qayadan, hər daşdan səs gələr: “xoş görmüşük!”
Ey qürbətin dağları, sizləri xoş görmüşük!
Əli bənövşəli qadın
Saçları ağarmış, üzü qırışmış
yaşlı bir qadın
kötüyə dönmüş əlində
üçcə saplaq bənövşə
gedir yolla
yanından ötüb keçən
adamları görmədən.
İlgiləndirmir onu
“bu yaşda çiçək nə, sən nə?”
deyə bilərlər…
Eləcə bənövşəylə danışır
ya da bu sehirli mikrafonla
Tanrıya yerdən
reportaj verirmişcəsinə
tutub üzünə çiçəkləri
nəvə əlindən tutmuş kimi
Gedir
üzündə üç saplaq
qar altdan çıxmış
solğun bənövşənin təbəssümü.
Gedir – bəlkə də
bu çiçəklərə
ömrünün ən ağır etirafını edir,
ya dərdini açır
özü də bənövşə olduğu illərin.
Ya da duyaraq
yaxınlaşan sonunu
Tanrı dərgahına beləcə getmək istəyir,
əlində bənövşə
qarşılamaq istəyir onu…
Saçlarına taxsaydı
qar altdan çıxıb deyərdim –
yaz yaxınlaşır…
qızıl gül yaraşmazdı bəlkə,
bənövşə yaraşır.
Şeir məzarı
Günəşlə, işıqla, səhərlə birgə
Doğulur ömrümə hər gün bir şeir.
Bəlkə də göylərdən əl üzdüyündən,
Mənim ürəyimə sürgün bir şeir.
O daim tələsir, o daim yanır
İnanır nəyinsə bitəcəyinə.
Dilimdən qopantək bir yol başlayıb,
Əsl ünvanına yetəcəyinə.
Özüm də bilmirəm niyə doğuldum,
Bəlkə ilahidən bir səsdir ömrüm.
Bəlkə mən özüm də sürgün yeriyəm
Bülbül nəğmələrə qəfəsdir ömrüm.
Şeirin də taleyi bir sirrə bağlı,
Biri günahkardı, izləyəni var.
Bu boyda dünyada yer tapmır biri,
Birinin yüz evdə gözləyəni var.
Birinin firkimdə yetişdi sonu,
Biri deyilməmiş sonunu bəklər.
Biri də dilimin ucunda yanır,
Qorxur ki söyləsəm, öldürəcəklər.
Bizim başımıza nırx qoyanların,
Başının üstündə ucalır sözüm.
Ya da ki boğulur öz qəfəsində,
Dilimə gəlmədən qocalır sözüm.
Bir gün bağlananda zindan qapısı,
Mənim öz cəzam da yetəndə başa.
Yaza bilmədiyim şeirlərimə,
Bir məzar qazılsın qəbrimlə qoşa.