Ankaradan Bakıya mesaj: Ərdoğan gərginliyi şahmat gedişi ilə çözməyə çalışır

Siyasət də şahmat oyunu kimidir: ağıl və səbir qələbəni təmin edən əsas şərtlərdir, emosiyalara qapılan tez uduzar! Şahmatda fiqur o vaxt qurban verilər ki, ya yeni yollar açılsın, ya da daha əlverişli mövqeyə keçilsin.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hicab məsələsinə görə Azərbaycan hakimiyyətini sərt tənqid edən baş müşaviri Oktay Saralı istefaya göndərməsi də zəiflik və geriçəkilmə deyil, rəsmi Ankaranı gərginləşən Türkiyə-Azərbaycan münasibətlərində yeni yollara götürən və daha üstün bir mövqeyə keçirə biləcək ikinci əhəmiyyətli siyasi gedişdir.
Prezident Ərdoğanın birinci addımı münasibətlərin gərginləşdiyi və hər iki tərəfdən qarşılıqlı ittihamların dərinlışdiyi vaxt prezident Əliyevə ilk zəng vurması və onu oktyabrın 29-30-da Ankarada keçiriləcək TDT zirvəsinə şəxsən dəvət etməsi idi.
Deməli, ikinci addım – müşavirin istefaya göndərilməsi – birincinin davamıdır: Ərdoğan hər şey edir və edəcək ki, qəfil ortaya çıxmış “hicab əməliyyatı” və ardınca da “heç kəs burnunu bizim işlərimizə soxmasın” kimi olduqca sərt, itələyici ritorikayla başlamış Türkiyəylə məsafəli davranmaq siyasəti davam etməsin, münasibətlər pozularaq geridönməz xarakter almasın!
Çünki Ərdoğan təkcə Azərbaycan – Türkiyə münasibətlərində yox, həm də Rusiya – Azərbaycan, ABŞ – Azərbaycan, İsrail – Azərbaycan, İran – Azərbaycan, Ermənistan – Azərbaycan münasibətlərində hal-hazırda nəyin baş verdiyini, nələrin planlaşdırıldığını və Azərbaycanın da üzərində hansı ağır yükün, məsuliyyətin olduğunu elə çətin geopolitik seçim qarşısında qalmış Azərbaycan prezidenti İlham Əliyev qədər bilən çox informasiyalı və təcrübəli dövlət başçısıdır.
Üstəlik, o dövlət başçısıdır ki, Azərbaycanın taleyinin ən həlledici anında bütün komandasıyla birgə yanımızda olub, 44 günlük Vətən Savaşında qələbə qazanmağımızda müstəsna dərəcədə rol oynayıb – hər hansı məbləğ, pul-para bu zəhmətin, xidmətin və qələbənin qarşılığı ola bilməz! 200 illik bir problemdən qurtuluşumuzun, azadlığımızın və son 50 ildə bir xristian ölkə üzərində qalib gələn ilk müsəlman dövlət olmağımızın qürurunu, sevincini və üstünlüyünü heç bir maddi sərvət əvəzləyə bilməz və bu, heç dilə də gətirilməməlidir!
Deməli, məsələ heç də, Azərbaycan mediasının iddia etdiyi kimi, pulda-parada deyil, gələcəyin birgə dizaynında ortaya çıxmış fundamental baxış fərqlərində, kəskin düşüncə ziddiyyətlərində, strateji yanaşmadadır!
Hazırda Türkiyə tərəfində ciddi narahatlıq var ki, Azərbaycan hakimiyyəti son 1 ay ərzində yaşananları bəhanə edərək, ondan daha da uzaqlaşma xətti seçə, TDT-nin 29 – 30 oktyabrdakı Ankara zirvəsi pozula və ya sönük keçə, Rusiya – Çin – İsrailə münasibətdə ortaq qərar ala bilməyən bu qurumun daxilinə çat düşə, beləcə, Türkiyənin TDT üzərindən planlaşdırılan xüsusən hərbi-siyasi layihələri puça çıxa bilər.
Çünki yeni dünya düzəninin, daha dəqiqi, dünyanın yeni təsir zonalarına bölüşdürülməsinin təməllərinin atılması üçün noyabrın 18 – 19-da Çində keçirilməsi planlaşdırılan Tramp – Si – Putin görüşünə qədər Aralıq dənizi – Cənubi Qafqaz – Mərkəzi Asiya xətti boyunca qurulan TDT-nin də hansı gücün yanında yer aldığını nümayiş etdirmək çox vacibdir.
Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə bu ilin 7 avqustunda “Məkkə”, 21 oktyabrında isə Qətər, Pakistan və İndoneziya ilə “Bədr” müdafiə sazişlərini imzalamaqla, faktiki olaraq, sünni müsəlman dünyasının lideri olduğunu ortaya qoyub, ciddi-cəhdlə şiə İranın da bu ittifaqlara cəlb edilməsinə çalışır və bununla da yeni nizamda bütün İslam coğrafiyasının əsas özək dövləti ola biləcəyini göstərir.
Belə bir ərəfədə, əsas etibarilə müsəlman türklərdən ibarət TDT-ni (həm də MDB təmsilçilərini) öz yanına almağı bacarması onu ABŞ, Çin və Rusiya ilə gözlənilən sövdələşmədə daha da güclü edə bilər.
İndi baxaq, görək, Ankarada TDT zirvəsi necə keçəcək: bu qurum, həqiqətən, dildə, fikirdə, işdə birliyin olmasına çalışacaq, yoxsa “SSRİ şineli”ndə qalmağa üstünlük verəcək?!
Elxan Şükürlü
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button