Azərbaycanda peyvəndləmə niyə ləngiyir?

İnfeksionist: “Bu proses könüllü olduğundan, dövlət heç kimi məcbur etmir, müraciət edənlərin sayı isə azdır”

Ənənəvi olaraq hər gün açıqlanan COVİD-19-a yoluxma statistikası indi bir çoxları üçün adiləşib. Halbuki Azərbaycanda koronavirusa ilk yoluxma faktının aşkarlanması böyük narahatlıqla qarşılanmışdı. Həmin hadisədən düz 1 il ötür. O vaxtdan bu yana çox şey dəyişib. Bu təhlükəli virusla mübarizə həyatımızın demək olar ki, bir hissəsinə çevrilib.

Xatırladaq ki, 2020-ci ilin fevral ayının 28-də İrandan ölkəmizə gələn Rusiya vətəndaşında koronavirusun qeydə alındığı xəbəri yayıldıqda bir çoxlarımız virus haqqında hazırkı qədər məlumatlı deyildik. Hətta əksəriyyətimiz virusun öldürücü olduğuna uzun müddət inanmırdıq. Zaman keçdikcə bu qorxunc virus yayılmağa, yaxın çevrəmizdəki insanları da əhatə etməyə başladı. Getdikcə itkilərin sayının artması isə koronavirusun nə dərəcədə təhlükəli bir xəstəlik olduğunu ortaya qoydu.

COVID-19 əleyhinə görülən tədbirlərdən ən önəmlisi əhalinin vaksinasiya olunmasıdır. Bu məqsədlə Türkiyədən ölkəmizə gətirilən “Coronavac” peyvəndinin vurulmasına ilk olaraq risk qrupuna aid olan şəxslər, o cümlədən tibb işçiləri cəlb olundular. Bu günə qədər ölkəmizdə koronavirus infeksiyasına qarşı 257 min 723 nəfərə peyvənd vurulub.

Lakin bu prosesin yavaş getdiyi müşahidə olunur. Görəsən, bunun səbəbləri nədir? Ölkəyə kifayət qədər peyvənd gətirilib, ya yox?

Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, infeksionist Vüqar Cavadzadə açıqlamasında xatırlatdı ki, proses bir müddətdir başlayıb və ilkin mərhələdə risk qrupuna daxil olan tibb işçiləri peyvənd olunub:

“Daha sonra isə 65+ yaşda olan şəxslər prosesə cəlb edilib. Hazırda isə 50+ yaşdakı insanların peyvəndlənməsi gedir. Onu da qeyd edim ki, tibb işçilərinin peyvəndlənməsinin ikinci mərhələsi start götürüb və davam etdirilir. Özüm də ilk mərhələdə peyvənlənməyə cəlb olunmuşam və ikinci dozanı da qəbul etmişəm”.

İnfeksionistin sözlərinə görə, ölkə üzrə ümumi olaraq 200 mindən artıq şəxs peyvəndlənməyə cəlb edilib:

“Peyvəndlənmənin aparılması könüllü olduğu üçün insanlar bu prosesə öz istəkləri ilə qoşulurlar. Burda məcburiyyət olmadığı üçün dövlət bunu məcburi şəkildə həyata keçirə bilmir. Məhz bu səbəbdən peyvəndlənməyə müraciət edənlərin sayı azdır. İnsanların müəyyən hissəsi peyvəndlənməyə məsuliyyətlə yanaşır, bəziləri isə hələ də peyvənddən kənarda qalır. Kifayət qədər maariflənmə işləri aparılsa da, insanlar yenə də nədənsə ehtiyat edirlər, ola bilsin ki, bəzilərində inamsızlıq var”.

V.Cavadzadə insanlara qorxulardan uzaq olmağı məsələhət görür:

“Əgər tibb işçilərinin böyük əksəriyyəti vaksinasiyaya cəlb olunub, ikinci mərhələdən keçibsə, heç bir əks təsirlər müşahidə edilməyibsə, peyvəndlənmədən qorxmağa ehtiyac yoxdur”.

İnfeksionist bildirdi ki, hökumət ölkəyə lazım olan qədər vaksin gətirib:

“Dünyanın bir çox ölkəsinin bu peyvəndləri almağa imkanları belə yoxdur. Cəmi 50-60 ölkə peyvəndlərdən yararlanır. Yəni peyvəndləri hər ölkə ala bilmir. Azərbaycan dövləti öz üzərinə düşən bütün yükü çiyninə götürüb, aparır. Lakin peyvənlənmə könüllüdür və müraciətlər az olduğundan, bu proses ləng gedir”.

Pulmonoloq İbrahim Əsədli vəziyyəti şərh edərkən qeyd etdi ki, bizdə kapitalist tibb sistemidir:

“Burda isə insanların sağlamlığı çox önəmli deyil. Bizdə səhiyyə çox aşağı səviyyədədir, özəl sektor isə inkişaf edir. Əgər elan verilsə ki, kim peyvənd olunsa, ona 10-20 manat veriləcək, o zaman bircə günün içərisində bir milyon insan müraciət edəcək. Amma peyvəndin pulsuz olmasına baxmayaraq, insanlarda etibar yoxdur. İkinci məsələ isə ondan ibarətdir ki, kim yoluxub və sağalıbsa, onların peyvəndlənməsinə ehtiyac yoxdur. Amma indi əsas məsələ odur ki, artıq uşaqlar arasında da yoluxma halları var”.

Həkim-pulmanoloq əlavə etdi ki, hazırda ona müraciət edən insanlar arasında koronavirusa yoluxanların sayı çox azdır:

“Yanvardan mart ayına qədər iki xəstə müraciəti qəbul etmişəm. Yoluxanların sayında kəskin azalma var.  Ola bilsin ki, burada peyvəndlənmənin də effekti  olacaq”.

Mənbə
Press Klub
Hamısını Göstər

Related Articles

Back to top button
Close