Paşinyan və Sarkisyan qarşıdurması pik həddə – Nikol kreslosunu qoruya biləcəkmi…

Təcavüzkar Ermənistanda gərginlik artmaqda davam edir. Baş nazirlə prezident arasında ciddi qarşıdurma yaşanmaqdadır. İş o yerə çatıb ki, Ermənistan parlamentindəki hakim “Mənim addımım” fraksiyası tərəfindən prezident Armen Sarkisyanın impiçment məsələsi gündəmə gətirilməyə başlanıb.

“Armeniasputnik.am” saytının verdiyi məlumata görə, hakim fraksiyanın deputatı Vaaqn Ovakimyan facebook səhifəsində yazıb ki, buna səbəb Sarkisyanın baş nazir Nikol Paşinyanın Baş Qərargahın rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə sərəncam layihəsini imzalamaqdan imtina etməsidir.

V.Ovakimyan nəzərə çatdırıb ki, konstitusiyanın 139-cu maddəsinə əsasən, prezident baş nazirin sərəncam layihəsini etirazla geri qaytarmaq hüququna malikdir. İlk baxışdan da Baş Qərargah rəisinin vəzifəsindən azad edilməsi barədə sərəncam layihəsini də prezident geri qaytararkən bu hüququndan istifadə edib: “Ancaq əslində məsələ belə deyil. Prezident özbaşına sərəncam layihəsini ona təklif edən orqana qaytara bilməz. Bu halda baş nazir konstitusiyanın 155-ci maddəsinə uyğun olaraq öz səlahiyyətləri çərçivəsində Baş Qərargah rəisini vəzifədən azad olunmasını təklif edib. Hətta insan ən emosional təxəyyüllə bu prosesdə Konstitusiyaya zidd element görə bilməz. Biz əslində prezidentin səlahiyyətlərindən özbaşına istifadəni görürük. Prezidentin səlahiyyətlərindən özbaşına istifadə dövlət təhlükəsizliyini təhdid altında qoya və stabilliyi poza bilər. Buna görə də konstitusiyanın 141-ci maddəsinin kobud surətdə pozulduğunu nəzərə alaraq prezidentin impiçment prosesinin başlanılması üçün aydın əsaslar var”.

Paşinyanın partiyasının impiçment tələbinin baş tutub-tutmayacağı barədə müxtəlif fikirlər səslənir. Eyni zamanda baş nazirin kreslosunu necə qoruya biləcəyi də ciddi suallar doğurur.

Akif Nağı: “Ermənistanı bütövlükdə daha dərin böhran bürüyəcək”

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı hesab edir ki, hazırda Ermənistanla bağlı Rusiya və ABŞ üçün ən uyğun variant Paşinyandır: “Ermənistanda hakimiyyət böhranı getdikcə dərinləşir. Bu, həm daxili , həm də xarici amillərlə bağlıdır. Paşinyanın hakimiyyətdə qalması daha çox xarici amillərlə əlaqədardır. ABŞ-la Rusiya arasında sərt mübarizə davam edir. Paşinyan da iki ölkə arasında hələlik manevr edə bilir. Rusiya tam qərarlı deyil, Paşinyandan bir qədər də istifadə etmək mövqeyindədir, onun yerinə uyğun namizədini də müəyyənləşdirə bilməyib. Amerikanın da Paşinyandan sərfəli variantı yoxdur, geri çəkilmək istəmir. Daxili amillər baxımından Paşinyana qarşı qəzəb güclüdür, lakin bu qəzəbin real hərəkata çevrilməsi üçün təsirli qığılcım olmalıdır. Tonqal hazırdır, amma onun alovlanması üçün yetərli qığılcım olmalıdır. Məsələn, 1988-ci ildə insanların kütləvi hərəkatı üçün Topxanadakı hadisə qığılcım oldu və yaxud ərəb ölkələrində bir göy satanın özünü yandırması yetərli qığılcım oldu və sair. İndi Ermənistanda çatışmayan həmin qığılcımdır. Baş qərargah rəisi müavininin işdən çıxarılması cəmiyyəti tərpətdi, amma yetərli olmadı. Çünki məğlub ordunun rəhbərliyinin müsbət imici yoxdur. Məqam yetişir, həmin qığılcım, fitil hökmən yaxın vaxtlarda ortada olacaq. Onda hərəkatın kütləviliyi baş verəcək, Paşinyan da artıq davam gətirə bilməyəcək. Ermənistanı bütövlükdə daha dərin böhran bürüyəcək”.

Elxan Şahinoğlu: “Müxalifəti əlacsız qalıb, ”Venesuela modeli” tətbiq edə bilər”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu: “Ermənistan baş naziri Nikol Paşinyan erməni cəmiyyətinə və rəqiblərinə göstərməyə çalışır ki, o, müqavimətini davam etdirəcək, insanları martın 1-də mitinqə çağırması da bununla bağlıdır. Müxalifət günlərdir Paşinyanı toqquşmayla qorxutmağa çalışır ki, bəlkə könüllü istefa verər, baş nazirin isə cavabı fərqli deyil: ”Mübarizəyə hazıram, istefa verməyəcəm”. Belə vəziyyətdə baş qərargah rəisi Onik Qasparyanın hansı addım atacağı diqqət mərkəzinə gəlir. Əgər ordu Paşinyana itaət etmək istəmirsə, tanklarla, toplarla hərbi çevriliş həyata keçirməlidir, yox, əgər hərbi çevrilişin insan ölümünə səbəb olacağını anlayaraq otaqlarından kənara çıxmayacaqlarsa, generalların öz aralarında fikir ayrılığı dərinləşəcək. Paşinyan hazırda polisi, kəşfiyyat idarəsini və XİN-i nəzarətdə saxlamağa çalışır. Onlar görsələr ki, cəmiyyətdə Paşinyana dəstək kifayət qədərdir, generalların yanında yer almağa risk etməyəcəklər, ancaq cəmiyyətin Paşinyana dəstəyinin azaldığını hiss edən kimi tam əksinə, qarşı tərəfə keçəcəklər. Bu, hər yerdə belədir, qurumlar güclünün yanında olmaq istəyirlər. Ona görə də Paşinyan və ətrafı çox çalışacaqlar ki, mitinqlərə mümkün qədər çox insan toplansın. Nikol Paşinyan üçün 1 mart mitinqinin güc nümayişi ilə yanaşı rəmzi mənası da var. 1 mart 2008-ci ildə, yəni 13 il əvvəl müxalifət Serj Sarkisyanın saxtakarlıq nəticəsində prezident seçilməsinə etiraz olaraq küçələrə axışdı. Kreslosunu yerlisi Sərkisyana ötürən Robert Koçaryan prezidentliyə digər namizəd Levon Ter-Petrosyan tərəfdarlarına atəş açmaq əmrini verdi. Nəticədə ən azı 10 nəfər qətlə yetirildi, xeyli yaralanan oldu. Etirazçılar arasında o zaman Levon Ter-Petrosyan tərəfdarı olan gənc Nikol Paşinyan da var idi. Onu axtarışa verdilər, bir il sonra həbs olundu. Məhkəmə Nikol Paşinyana 7 il həbs cəzası verdi, ancaq 2011-ci ildə Ermənistanın müstəqilliyinin 20 illiyi ilə əlaqədar amnistiya elan edildi və Paşinyan azadlığa çıxdı. Paşinyan həmin tarixi unutmadı və 2018-ci ildə hakimiyyətə gələn kimi 2008-ci ildə qətliamına əmr verənləri həbs etməyə başladı. Şübhə etmirəm ki, Nikol Paşinyan bütün bunlar haqqında mitinqdə danışacaq və 2008-ci il qətliamının baiskarları qarşısında istefa verməyəcəyini bəyan edəcək. Ermənistan müxalifəti əlacsız qalıb «Venesuela modelini» tətbiq etməyə çalışa bilər. Yəni Paşinyanın dirəndiyini və istefa verməyəcəyini anlayan müxalifət paralel strukturlar və meydanda müvəqqəti hökumət formalaşdıra bilər. Sonra da dövlət strukturlarına, o cümlədən baş qərargah rəisi Onik Qasparyana müraciət edəcək ki, Vazgen Manukyana itaət edin! Venesuelada ikihakimiyyətlilik ona gətirib çıxardı ki, ölkə bərbad günə düşdü, iqtisadiyyatı yerlərdə sürünür”.

Hamısını Göstər

Related Articles

Back to top button