Cənubi Qafqaz yenidən dizayn olunur: Bu region gəlmə ermənilər üçün “cəhənnəmə” çevrilə bilər

Ermənistanda Cənubi Qafqazın gələcək taleyinin məhz Azərbaycan-Türkiyə ortaqlığı sayəsində qurulmasına başlanılan yeni düzəndən birbaşa asılı vəziyyətə düşməsi ciddi əndişə doğurmaqdadır…

Cənubi Qafqaz regionunda situasiya çox böyük sürətlə dəyişməkdə davam edir. Hətta dəyişmə intensivliyi o qədər sürətlidir ki, artıq dünənki situasiya bu gün üçün öz əhəmiyyətini az qala itirmiş kimi görünür. Bu isə regionda cərəyan edən geopolitik proseslərin həm istiqamətlərinə, həm də məzmun və keyfiyyətinə birbaşa təsir göstərməkdədir.

Məsələ ondadır ki, təxminən bir neçə ay əvvəl bu regionda vəziyyətin indiki məzmunla yüklənəcəyinə inanmaq bir qədər çətin olardı. Hətta Ermənistanın cəbhənin Tovuz istiqamətində törətdikləri avantürist hərbi təxribatların nəticələri də bir çoxları, xüsusilə də, rəsmi İrəvanın özü üçün gözlənilməz xarakter daşıyır.

Belə ki, Paşinyan hakimiyyəti həmin təxribatlarla hərbi-psixoloji üstünlüyü ələ keçirə biləcəyinə ümid bəsləyirdi. Ancaq Azərbaycanın sarsıdıcı hərbi cavab zərbəsi regionda bir çox şeyləri dəyişmiş oldu. Yəni, təxribat yoluyla hərbi-psixoloji üstünlük axtarışına çıxan Ermənistan özü aciz duruma düşdü. Və nəticədə rəsmi İrəvan üçün geriyədönüşü olmayan uğursuz geopolitik situasiya yarandı.

117730366_10213729406069181_8054929346633214965_o.jpg (156 KB)

Azərbaycan hərbi-psixoloji üstünlüyü ələ keçirdi və regional proseslərin yönləndirilməsində təşəbbüsə yiyələndi. Elə vəziyyət yarandı ki, himayədarlarına güvənib, Azərbaycanı küncə sıxışdırmağa çalışan Ermənistanın özü artıq sığına biləcəyi künc-bucağa möhtac qalıb. Çünki rəsmi İrəvan ilk dəfə olaraq, Ermənistanın himayədarlarından aldığı dəstəyin onun təhlükəsizliyi üçün yetərli olmadığını birmənalı şəkildə anladı.

Hər halda, Ermənistanın ağzına “yem” atan Fransanın və əlinə silah verən Rusiyanın səssiz qalmaq məcburiyyəti rəsmi İrəvan üçün sonun başlanğıcı effektini yaratdı. Kremlin patronajlığında olan KTMT “oyundankənar” vəziyyətə düşdü. Paşinyan hakimiyyəti üçün yapışacaq elə bir ciddi “ətək” qalmadı.

Çünki Ermənistan qarşısında təsəvvür belə, edə bilməyəcəyi səviyyədə güclü bir Azərbaycan görmüşdü. Üstəlik, Azərbaycanın yanında NATO-nu təmsil edən və dünyanın ən güclü ordularından birinə sahib olan Türkiyənin qətiyyətli duruşu ilə üzləşmişdi.

415906527.jpg (101 KB)

İndi pərt vəziyyətdədirlər. Ermənistanın gələcək taleyinin artıq müəmmalı olduğunu birmənalı şəkildə anlayırlar. Çıxış yolu axtarırlar, isterik şəkildə sağa-sola boylanırlar, vurnuxurlar. Çünki bundan sonra başlarını necə qoruya biləcəklərini hələ də anlamaqda çətinlik çəkirlər.

Ona görə də, rabitəsiz hay-küy salmaqdan başqa heç nəyə gücləri və məntiqləri çatmır. Qondarma “DQR”-in oyuncaq rəhbəri Araik Arutyunyan bir neçə gün öncə necə bir çıxılmaz labirintin içində olduqlarını öz açıqlamasıyla biruzə verdi. Belə ki, bu erməni “Əgər, Stepanakertə (Xankəndinə) raket zərbəsi endirilərsə, cavabını Kirovabadı (Gəncəni) vurmaqla verəcəyik” dedi.

Acizlikdən qaynaqlanan isterik açıqlama olduğu qətiyyən şübhə doğurmur. Çünki Azərbaycanın Tovuz istiqamətində Ermənistana vurduğu sarsıdıcı hərbi zərbənin rəsmi Bakı üçün işğal altındakı ərazilərin son metrinə qədər azad ediləcəyinin qarantı olduğunu anlayırlar. Və həmin günün çox da uzaqda olmamasını hiss etdiklərindən isterik açıqlamalarla özlərinə toxtaqlıq verməyə çalışırlar.

Araik Arutyunyanın şəhərlərin adlarını təhrif etməsi də əldən çıxan daha təhlükəsiz keçmişin xiffətini etməsindən qaynaqlanır. Hər halda, işğal altındakı ərazilərdən yalnız Gəncə deyil, istənilən yaşayış məntəqəsinə qarşı təxribat xarakterli hərbi addımın Azərbaycana antiterror əməliyyatları üçün önəmli səbəb verəcəyini də anlayırlar.

Buna misal kimi, erməni ekspertlərinin məhz mövcud durumda Azərbaycanın hərbi gücünün öz ərazi bütövlüyünü bərpa etmək üçün tamamilə yetərli olduğunu xüsusi vurğulamalarını göstərmək olar. Erməni politoloq Artur Danielyanın “Əgər, ermənilər torpaqları geri vermək istəməsələr, Azərbaycan bunu hərbi yolla edəcək” deməsi yaranmış vəziyyətin ən dəqiq izahıdır.

rr-76.jpg (117 KB)

Məsələ ondadır ki, bir tərəfdən Azərbaycan artıq əvvəlki kimi zəif deyil, əksinə, həm maliyyə-iqtisadi, həm də hərbi-texniki cəhətdən Ermənistanla müqayisə edilməyəcək səviyyədə güclənib. Üstəlik, Cənubi Qafqaz regionunda Ermənistanın əsas himayədarlarından biri olan Rusiyanın mövqeləri ciddi şəkildə zəifləyib.

Əvəzindəsə, Cənubi Qafqaza Azərbaycanın əsas müttəfiqi olan Türkiyə böyük sürətlə yerləşməyə başlayıb. İki qardaş ölkənin ortaq hərbi təlimlərlə hər kəsə gövdə nümayiş etdirməsi bu regionda bir çoxları üçün diskomfort yaradıb. Elə bir situasiya yaranıb ki, artıq bundan sonra heç kəs Cənubi Qafqazda istədiyini edib, “meydan sulaya” bilməz. O dövr ötən aydan etibarən sona çatdı, artıq…

İndi Cənubi Qafqazın gələcək taleyini məhz Azərbaycan və Türkiyə ortaq şəkildə müəyyən edir. Ortaq hərbi təlimlərdən dərhal sonra Türkiyə generalitetinin Bakıda apardığı müzakirələr sadəcə, dostluq-qardaşlıqdan qaynaqlanan təmaslar deyil. Əgər, kimsə bunu belə anlayırsa, əmin olsun ki, böyük səhv edir.

Türkiyə generalitetinin ən yüksək səviyyədə Bakıya təşrif buyuraraq, bağlı qapılar arxasında müzakirələr aparmasının Cənubi Qafqazın gələcək taleyinin yenidən şəkilləndirilməsinə hədəfləndiyi qətiyyən istisna deyil. Böyük ehtimalla bu müzakirələrdə Cənubi Qafqazda yeni düzənin qurulması istiqamətində fikir mübadiləsi aparılır. Güman etmək olar ki, ən yaxın gələcəkdə Azərbaycanın strateji coğrafi ərazilərində Türkiyənin hərbi bazalarının yerləşdirilməsi reallığa çevrilə bilər.

1597260260_akar.jpg (35 KB)

Əgər, bütün bunlar baş verərsə, onda Cənubi Qafqazın yenidən dizayn edilməsindən danışmaq lazım gələcək. Və müşahidələrə əsasən, məhz geopolitik proseslərin belə istiqamətlər alması Ermənistanda ciddi əndişə yaratmaqdadır.

Məsələ ondadır ki, rəsmi İrəvan Azərbaycan-Türkiyə ortaq fəaliyyəti ilə Cənubi Qafqazın yenidən dizayn edilməsinə qarşı çıxıb, müqavimət göstərə biləcək hərbi-siyasi gücün artıq olmadığını proqnozlaşdıra bilirlər. Çünki hazırda Rusiya üçün beynəlxalq proseslərin yalnız Cənubi Qafqazda deyil, ümumiyyətlə, bütün dünyada məmnunedici istiqamətlərə yönəlmədiyi qətiyyən şübhə doğurmur.

Belə vəziyyətdə arxasında NATO-nun olduğu güclü Türkiyənin Azərbaycanla birlikdə Cənubi Qafqazı yenidən dizayn etməyə girişməsi Ermənistana heç də yaxşı bir şey vəd etmir. Əgər, bu geopolitik proseslər geriyədönməz xarakter alarsa, onda ermənilərin yalnız Azərbaycanın işğal altındakı ərazilərini geri qaytarmaqla, xilas ola biləcəkləri ciddi şübhələr doğurmağa başlayacaq. Çünki bu halda, ermənilərin vaxtilə güclü himayədarları sayəsində Ermənistan adlandırmağa nail olduqları Azərbaycan torpaqlarının da geri qaytarılmasının qaçılmazlığı gündəmə gələ bilər.

Belə anlaşılır ki, Ermənistanın “qara günləri” hələ qarşıdadır və sürətlə yaxınlaşmaqdadır. Və tezliklə Cənubi Qafqaz bu regiona başqa yerlərdən köçürülmüş gəlmə ermənilər üçün “əsl cəhənnəmə” çevrilə bilər.

Mənbə
musavat.com
Hamısını Göstər

Related Articles

Back to top button
Close