Eks amerikalı səfir ABŞ-ın Ukraynanı aldatdığını dedi, ara qarışdı

Qabil Hüseynli: “Əgər aldatsalar, sonra Qərb koalisiyasına heç kim inanmayacaq”; Rusiyanın canlı itkiləri 30 minə çatır, SSRİ Əfqanıstanda bu qədər əsgər itirməmişdi

Bu gün Ukraynada müharibənin üç ayı tamam olur. Savaşın 90 gündür uzanması Rusiyanın planlarına qətiyyən uyğun gəlmir. Vladimir Putin Ukraynanı bir həftə ərzində işğal edəcəklərini düşünürdü. Müharibə başlayandan bir ay sonra ruslar anladılar ki, ilkin planı dəyişmək lazımdır və ona görə də bütün hərbi imkanlarını Ukraynanın şərq və cənub istiqamətində həyata keçirəcəkləri hücum əməliyyatlarına cəmlədilər. Hazırda həmin istiqamətlərdə şiddətli döyüşlər gedir. ABŞ-ın “The National İnterest” internet portalında dərc edilən “Vladimir Putinin Ukraynadakı Pirr seçimi” başlıqlı məqalədə də üç ay belə dəyərləndirilir.

Putinin uğursuzluğu döyüş meydanında da təzahür edir. Ukraynalıların Mariupol şəhərində göstərdiyi sərt dirəniş, Qara dəniz donanmasının flaqmanı “Moskva” kreyserinin batırılması, çoxsaylı rus generallarının məhv edilməsi və Xarkov ətrafının sürətlə azad olunması çox şeydən xəbər verir. Mayın 23-də Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, Kiyev konstruktiv yanaşma nümayiş etdirən və Rusiyanın təkliflərinə cavab verən kimi, Moskva Ukrayna ilə danışıqlara qayıtmağa hazır olacaq. Rudenko “Azovstal” zavodunda təslim olan ukraynalı hərbi əsirlərin mübadiləsinin müzakirəsini də mümkün hesab edir. Britaniya Müdafiə Nazirliyi məlumat yayıb ki, müharibənin ilk üç ayında Rusiyada ölənlərin sayı Əfqanıstanda doqquz illik müharibə zamanı Sovet İttifaqında ölənlərin sayı ilə eynidir. SSRİ ordusu Əfqanıstanda 15 min itki verib, 54 min əsgər yaralanıb. Ukrayna isə 89 gün ərzində Rusiyanın 29,2 min əsgər itirdiyini elan edib.

ABŞ-ın Rusiyadakı sabiq səfiri Maykl Makfol isə ölkəsinin Ukraynanı aldatdığını dolayısı ilə təsdiqləyib. “Yeni Müsavat” xəbər verir ki, keçmiş diplomat müsahibəsində belə deyib. Onun sözlərinə görə, 2021-ci ildə Amerika diplomatları bütün gücləri ilə Kiyevi inandırmağa çalışırdılar ki, Ukrayna NATO-ya üzv ediləcək. Onlar bunu az qala hər gün təkrarlayırmışlar. Aparıcı soruşub ki, “doğrudanmı diplomatlar aldadırdı?” Makfol bu suala gülərək cavab verib: “Dünya reallıqda belə qurulub”.

Müharibə başlayandan sonra Qərbin Ukraynanı oyuna saldığı haqda deyilənlərin əsassız olmadığı məlumdur. Bu mövzuda ən kəskin bəyanatların, etirafların müəllifi əslində Ukrayna prezidenti Volodimir Zelenski özüdür. O, vaxtaşırı Avropa Birliyini – onun aparıcı üzvü olduğu Almaniyanı, Fransanı sərt tənqid edir, lazımi addımlar atmamaqda günahlandırır. Bunun üstünə amerikalı sabiq səfirin etirafını gəldikdə, mənzərə daha da aydınlaşır.

Bu arada, Fransanın Avropa işləri üzrə dövlət katibi Klement Bon bildirib ki, Ukraynanın Avropa İttifaqına qoşulması azı 15-20 il çəkə bilər. Klement Bonun bu sözləri Zelenskinin qısa müddət ərzində Avropa blokuna qoşulmaq ümidlərini sual altına alır. “Biz səmimi olmalıyıq. Əgər siz Ukraynanın altı ay, bir və ya iki il ərzində Avropa İttifaqına qoşulacağını deyirsinizsə, siz yalan danışırsınız” – deyə Bon Radio J-yə verdiyi müsahibədə bildirib. Ardınca “Mən ukraynalılara illüziya və ya yalan təklif etmək istəmirəm” söyləyib.

Fransanın Avropa nazirinin şərhi ölkə prezidenti Emmanuel Makronun Ukraynanın Avropa İttifaqı ilə müəyyən formada “əməkdaşlıq” təklifindən sonra səslənib. Mayın 21-i Ukrayna prezidenti Zelenski Makronun bu təklifindən imtina edib. Bu azmış kimi, İtaliya və Almaniyanın rus qazını rublla almaq mövqeyi Avropada parçalanmadan xəbər verir, Ukrayna üçün döyüşənləri məyus edir. Beləliklə, kollektiv Qərbin getdikcə “gerçəklikləri”, “bəzi reallıqları”, “səmimiliyi” xatırlatması olduqca maraqlıdır. Müharibənin 90-cı günündə Qərbdən Ukrayna ilə bağlı sensasion bəyanatlar gəlməkdədir. Ukrayna nə NATO-ya alınacaq, nə AB-yə üzv ediləcək. Belə görünür ki, bu cür vədlərlə Ukraynanı Rusiya ilə müharibəyə cəlb edib, onu parçalamağı planlaşdırır dünya gücləri. Maskalar yırtılır, pərdə açılır, gerçək üzə çıxır…

Qabil Hüseynli: “Ruslar yanılır, Türkiyə Qafqaza həmişəlik gəlib” » Reyting.az

Professor Qabil Hüseynli “Yeni Müsavat”a qeyd etdi ki, bu cür çıxışların özü də bir siyasətdir. Onun sözlərinə görə, Ukraynanın NATO-ya üzvlüyü Amerikanın Avropada möhkəmlənməsi üçün çox əhəmiyyətli prosesdir: “Görünür, səfir ya konyukturaya uyğun danışır, ya da vəzifədən gedişinə görə kimlərdənsə qisas alır. Əslində Ukraynanın NATO-ya üzv qəbul olunması həll edilmiş məsələ idi. Bu, Rusiyanın sərhədlərinə yaxınlaşmaq taktikası idi. Ancaq Rusiya onları qabaqladı və baş tutmadı”.

Ukraynanın Avropa İttifaqına üzvlüyünə gəlincə, Q.Hüseynli hesab edir ki, bu məsələdə Fransa manevr edir: “Fransız dövlət katibindən fərqli olaraq, Polşa prezidenti deyir ki, yaxın vaxtlarda Ukrayna Avropa Birliyinə üzvü olacaq. Bu qurumun üzvü olmaq nə böyük şeydir k?! Onsuz da Ukrayna Avropa İttifaqı ilə assosiativ saziş imzalayıb, gediş-gəliş vizasızdır, müəyyən kömək də alır. Odur ki, Fransa həlledici rol oynaya bilməz. Burada Almaniya və digər ölkələr söz sahibidirlər. Ona görə Ukraynanın Avropa Birliyinə qoşulmasının 15-20 il çəkəcəyini nağıl hesab edirəm. Əgər Ukraynanı aldatsalar, sonra Qərb koalisiyasına heç kim inanmayacaq. Bu, riskli məsələdir və mətbuata belə şəkildə söyləmək peşəkarlıqdan kənar siyasətdir”.

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin fikrincə, Qərb Ukraynanı müdafiəsiz qoymasa da, lazımi səviyyədə də dəstəkləmir: “Yəni hücum silahları vermir, Ukrayna Silahlı Qüvvələri müdafiədədir, əks-hücum əməliyyatları ləngdir, yalnız rus ordusunun qarşısını almağa çalışır. Bunu biz üç ayın yekun mənzərəsi kimi qiymətləndirə bilərik. O ki qaldı Ukraynanın Şimal Alyansına üzvlüyü, hərbi blok bunu nizamnamə ilə əlaqələndirir, daxilində ərazi münaqişəsi olan dövlətlər üzv qəbul olunmur. Amma bütün bunlar Ukraynanı işə salmaq, onu Rusiya ilə üz-üzə qoymaqdır. Ukraynanın Avropa İttifaqına da üzvlüyü zaman alacaq. Halbuki Finlandiya və İsveçi sürətlə NATO-ya üzv etməyə hazırlaşırlar. Təəssüf ki, Qərb yenə qətiyyətli ola bilmir”.

Hamısını Göstər

Related Articles

Back to top button