“Elm xərclərinin effektiv xərclənməsi çox önəmlidir” – Millət vəkili aidiyyatı qurumlara suallar ünvanladı

Noyabrın 10-da Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin birgə iclasında 2023-cü ilin dövlət büdcəsi layihəsi müzakirə edilib.

İclasda çıxış edən millət vəkili, Təhsil Nazirliyi Yanında İctimai Şuranın üzvü Etibar Əliyev bildirib ki, cari ilin gözlənilən icrası ilə müqayisədə 2023-cü il üçün elm xərclərində təxminən 14%-lik və ya 27,6 mln. manat məbləğində artım nəzərdə tutulub. Deputat əlavə edib ki, elm xərclərinin ümumi məbləğinin 228.5 mln. manata çatdırılacaq: “Görünən odur ki, xərc artımının təxminən yarısı və ya 13.6 mln. manatı elm sahəsində əmək haqlarının artımı ilə bağlı olacaq. Şübhəsiz ki, uzun illərdir elm xərclərinin həm mütləq ifadədə, həm də ÜDM-ə nisbətinin çox aşağı olması haqlı olaraq tənqidə məruz qalıb. Lakin elm xərclərinin məbləği ilə yanaşı onun effektiv xərclənməsi çox önəmlidir və bunun mexanizmləri tapılmalıdır. Doğrudur, Azərbaycanın yeni qəbul edilmiş 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasında elmi tədqiqatların rəqabətli və məqsədli maliyyələşdirilməsi mexanizmi yaradılacağı vurğulanır. Amma nə zaman yaradılacaq? Artıq kifayət qədər zaman itirilib. Bu il həyata keçirilən struktur islahatları nəticəsində Elm və Təhsil Nazirliyi elmi infrastrukturun idarə edilməsində geniş səlahiyyətlər qazandı. Bu baxımdan indiki büdcə müzakirələrində belə bir sualın cavabı aydın olmalıdır ki, bu struktur islahatları elmin maliyyələşməsində, elm xərclərinin nəticəlliyinin və səmərəliliyinin yüksəldilməsində hansı dəyişikliklərə səbəb olacaq və bu dəyişikliklər hansı mexanizmlər sayəsində mümkün olacaq? Dünyada elmin inkişafının drayveri universitetlərdir. Son dəyişikliklərdən sonra universitetlərin elmin inkişafında rolunun artırılması istiqamətində hansı addmlar gözlənilir?

Bütün bu sulların dəqiq və peşəkar cavabı elmin inkişafı sahəsində fundamental hazırlanmış strategiyada tapılmalıdır. Bu sənəddə elmin inkişafı üçün streteji məqsədlər və hədəflər, hədəflərə çatmaq üçün strategiya və altproqramlar, məqsəd və hədəflərə yetişməyi ölçəcək nəticə göstəricləri, hər bir hədəf üzrə qısa və orta dövr üşün maliyyə ehtuyacları əks etdirilməlidir”.

Etibar Əliyev daha sonra qeyd edib ki, təhsil xərcləri ilə bağlı plenar iclasda gözlənilən müzakirələrdə daha geniş şəkildə öz fikirlərini çatdıracaq. Millət vəkili vurğulayıb ki, təhsil xərclərinin parlamentə təqdim olunan variantı kifayət qədər detallı informasiyalarla zəngin olmalı, xərclərin son təyinatını görməyə imkan verməlidir: “Fikrimi çox konkret bir nümunənin üzərindən deyim: təhsil xərcləri çərçivəsində 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasında nəzərdə tutulmuş tədbirlərin maliyyə təminatı üzrə 178.9 mln. manat ayrılması əks olunub. Strategiyada tədbirlər həddən artıq çoxdur. Bura məktəbəqədər təhsilin məzmunun yenilənməsindən, pedaqoji heyətin və idarəetmə heyətinin peşəkarlığı artırılmasından tutmuş ümumi təhsildə səriştəəsaslı məzmunun əmək bazarının tələblərinə cavab verən peşə təhsilinin tətbiqinə qədər xeyli tədbirlər daxildir. Bu vəsaitləri konkret hər bir tədbir üzrə ayırmaq daha şəffaf yanaşma deyilmi? Axı son 3 ildə təhsil funksional bölməsi nəticəəsaslı büdcə mexanizminə keçid üçün 3 pilot istiqamətdən biridir. Eyni zamanda, qeyd olunan 178.9 mln. manatın 160.1 mln. manatının əmək haqqına xərclənəcəyi göstərilib. Sual yaranır, təhsilin hansı pilləsində əmək haqqının artırılmasına sərf olunacaq bu vəsait?”

Millət vəkili aidiyyatı şəxslərdən bu suallara cavab verilməsini xahiş edib.

Hamısını Göstər

Related Articles

Back to top button