Ərəb pilot öz yoldaşını bıçaqladı, təyyarəni rus və ukraynalı sərnişinlər endirdi – YENİLƏNDİ

“Flydubai” aviaşirkətinin Səudiyyə Ərəbistanında təcili eniş edən təyyarəsi ilə bağlı yeni təfərrüatlar üzə çıxıb.
Polise.az xəbər verir ki, bu barədə İsrailin “Israel Hayom” qəzeti məlumat yayıb.
Bildirilib ki, təyyarəni rus və ukraynaəsilli pilotlar təhlükəsiz şəkildə yerə endiriblər. Həmin şəxslər uçuş zamanı sərnişin qismində göyərtədə olublar.
Təyyarəni qaçırmağa və ya qəza törətməyə cəhd edən şəxs Oman vətəndaşıdır. Xəsarət alan kapitan isə Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşıdır. Rusiya və Ukrayna mənşəli pilotların operativ müdaxiləsi nəticəsində təyyarədəki 180 nəfərin həyatı xilas edilib.
***
15:10
Dubaydan Təl-Əvivə uçan “Flydubai” aviaşirkətinin təyyarəsinin Səudiyyə Ərəbistanında təcili eniş etməsinə səbəb pilotlardan birinin bıçaqlanması ola bilər.
Polise.az xəbər verir ki, bu barədə “Walla” məlumat yayıb.
Məlumata görə, pilotlardan biri qəza törətməyə cəhd göstərib. Lakin digər pilot dərhal ona mane olub. 174 sərnişinin olduğu təyyarə Səudiyyə Ərəbistanının Təbuk şəhərinin hava limanına təcili eniş edib.
Aviaşirkət sərnişinlərin təyinat nöqtəsinə çatdırılması üçün ehtiyat təyyarə göndərəcəyini açıqlayıb.
Qeyd edək ki, təyyarəni Birləşmiş Ərəb Əmirlikləri və Oman vətəndaşı olan pilotlar idarə ediblər.
***
11:11
Marşrutunu dəyişən “Flydubai” reysi ilə bağlı hadisə təyyarə qaçırma hadisəsi deyil.
Polise.az xəbər verir ki, bu barədə İsrail Baş nazir Administrasiyası məlumat yayıb.
Hava gəmisinin ələ keçirilməsi kodu iki pilot arasındakı münaqişədən sonra aktivləşdirilib. Münaqişənin səbəbləri hələ ki açıqlanmayıb.
***
11:02
Dubaydan Təl-Əvivə uçan “Flydubai” aviaşirkətinə məxsus sərnişin təyyarəsi hava gəmisinin ələ keçirildiyini bildirən təhlükə siqnalı verib.
Polise.az İsrailin “Ynet” nəşrinə istinadən xəbər verir ki, göyərtəsində 27-si uşaq olmaqla ümumilikdə 174 sərnişinin olduğu təyyarə İordaniyanın hava məkanına daxil olduqdan sonra həyəcan kodu ötürüb.
Məlumata görə, hava gəmisindən əvvəlcə beynəlxalq qəza vəziyyətini bildirən “7700” kodu, daha sonra isə təyyarənin ələ keçirildiyini göstərən “7500” kodu daxil olub. Siqnaldan dərhal sonra marşrutunu dəyişərək Səudiyyə Ərəbistanının hava məkanına qayıdan və uçuş hündürlüyünü azaldan təyyarə bu ölkədə məcburi eniş edib.
Hadisə ilə əlaqədar İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları havaya qaldırılıb. İsrailin Baş naziri və müdafiə naziri təhlükəsizlik məsələləri üzrə təcili müşavirə çağırıblar.
Polise.az



