Ermənilər üçün urvatdan düşən “2 sentyabr” – Qarabağ qatarı Azərbaycana doğru gedir

Hər kəsə məlumdur ki, 1991-ci il sentyabrın 2-də ermənilər “Dağlıq Qarabağ Respublikası” adlı qondarma qurumun yarandığını elan edirlər. O gündən bəri 29 il ötüb. Azərbaycanın coğrafi xəritəsi göz qabağındadır, erməni separatçıları öz himayədarlarının və xarici ölkələrdə məskunlaşan diasporun köməyilə torpaqlarımızın 20 faizini işğal edib, Qərbi Azərbaycanda hazırda bir nəfər də olsun, azərbaycanlı (ermənilər türk deyirlər) yaşamır, Bakıda isə əksinə 30 mindən (qeyri rəsmi məlumatlara görə bu rəqəm xeyli çoxdur) çox erməni soyadlarını dəyişərək xalqımızın çörəyi yeyir, suyunu içir, lazım gələndə sosial şəbəkələrdə Azərbaycanın əleyhinə postlar paylaşırlar.

Xatırladaq ki, Azərbaycan torpaqlarının ermənilərə verilməsi prosesi ötən əsrin 20-ci illərindən başlayıb. Belə ki, 1920-ci il dekabrın 1-də Azərbaycanın Zəngəzur mahalının böyük hissəsi,  Moskva rəhbərliyinin qərarı ilə Ermənistana verilir. 1923-cü il 7 iyulda Dağlıq Qarabağa muxtar vilayət statusu verilir, 1923-cü il 18 sentyabrda Xankəndinin adı “Stepanakert” adlandırılır, 1929-cu il 18 fevralda Naxçıvan Muxtar Respublikasına məxsus olan 657 kv.km ərazi — Qurdbulaq, Horadiz, Oğbun, Almalı, İtqıran, Sultanbəy, Qarsevən, Kilid və digər kəndlər, həmçinin Zəngilan rayonunun Nüvədi kəndi, Qazax rayonunun 4400 hektarlıq meşə sahəsi Ermənistana hədiyyə edilir. 1930-cu ildə  Naxçıvanın Əldərə, Lehvaz, Astazur və digər yaşayış məntəqələri rəsmi İrəvanın tabeçiliyinə verilir və bu ərazilər üzrə Mehri rayonu yaradılır. 1938-ci ildə də Naxçıvanın Sədərək və Kərki kəndlərinin bir hissəsi Ermənistana qatılır.

Bu torpaq paylamaq hədiyyəsi ta sovetlərin dağılmasınadək davam edir. Nəticədə babalarımızdan yadigar qalan torpaqlar üzərində Ermənistan qurulur, hələ üstəlik ikinci erməni dövləti də yaratmaq istəyirlər. Elə Qarabağda başlanan proseslərin də məqsədi budur. Düzdür, hazırda de-fakto Qarabağ və onun ətrafındakı 7 rayon ermənilərin əlindədir. De-yure isə Azərbaycan o ərazilərin sahibidir və o əraziləri qaytarmaq üçün əlindən gələni edir. Ermənilər isə istər Bakının, istərsə də Azərbaycanı dəstəkləyən ölkələrin təsir dairəsinə baxmayaraq torpaqlarımızda “parlament”, “prezident” seçkiləri keçirir, diasporun maliyyə vəsaiti hesabına işğal ərazilərdə abadlaşdırma işləri aparır, Ermənistana rahat gedib–gəlmək üçün isə magistral yollar çəkir. Üçüncü yolun çəkilişinə də bir ay öncə başlasa da bu iş hələ yarımçıq qalıb, çünki Bakının siyasi iradəsi ilə Avropa Birliyi o yolun inşasına qarşı çıxır.

Bölgədə vəziyyət isə iyul ayının 12-də Ermənistanla sərhəddə baş verən insidentdən sonra tarıma çəkilib, ermənilər yenə də rəsmi Bakını  yeni ərazilər almaqla hədələyir və sosial şəbəkələrdə Azərbaycanın ərazi bütövlüyünü təhdid edən açıqlamalar verirlər.

Bu gün də erməni mediası bu baxımdan sanki yarışa çıxmışdı. Səhərin gözü açılmadan ölkə prezidentindən tutmuş deputatlaradək Qarabağdakı “müstəqilliklərinin” 29-ci ildönümü münasibətilə dünya ermənilərinə müracətlər ünvanlayırdılar. Təbii ki, həmin müraciətlərin hamısında Qarabağı “müstəqil dövlət” adlandırırdılar və bəyan edirdilər ki, bu ərazilər daha heç vaxt Azərbaycanın tərkibində olmayacaq.

Başlayaq küçə yürüşlərindən hakimiyyətə gələn, İrəvan Dövlət Universitetinin jurnalistika fakültəsində oxuyarkən qovulan və tam ali təhsil ala bilməyən Nikol Paşinyanın “prezident” təyin etdiyi Armen Sarkisyandan.

Səlahiyyətləri az qala sıfıra bərabər olan bu “prezident” 29 ildə erməni diasporunun “gördüyü”, əslində isə Azərbaycanın torpaqlarının itirilməsinə yönələn “əməyinə” böyük qiymət verib və həlak olan” qəhrəmanların” qarşısında baş əydiyini bəyan edib.

Onu əyildiyi başı ilə baş-başa buraxıb keçək digər prezidentə. Bu, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyandır. Açıqlması isə sözün əsil mənasında hər bir azərbaycanlının iliyinə işləyir: “Qarabağ seçimini etdi və bir daha heç vaxt Azərbaycanın tərkibində olmayacaq”.

Bu ifadələrdən də bəllidir ki, Serj torpaqlarımızın işğal edilməsinə birbaşa rəhbərlik edib və ona Ermənistanda bir çox vəzifələr “hədiyyə” edilib.

3-cü prezidentin dediklərini ötəri keçmək istəmirik, çünki Azərbaycana qarşı indiyədək etdikləri və gələcəkdə edəcəkləri məhz o ifadələrdə yer alıb.

… Bu qəhrəmanlıq yolunu hamımız birlikdə keçdik.

… Qarabağ həmişə dünya ermənilərinin, ana Ermənistanın və diasporun dəstəyini hiss edir.

… Bu üçlüyün gücü qələbələrimizin təminatıdır, siyasi və ya digər maraqları rəhbər tutaraq onu pozmağa cəsarət edən, milli ruhumuzu və müqavimətimizi zəiflədən hər kəs, şübhəsiz ki, bağışlanmayacaq.

Serj Azərbaycan torpaqlarının işğalında həlledici “komandan” olduğunu bir daha etiraf etdi:  “Bu yolu keçmək şərəfinə sahib olduğum bir çox silahdaşlarımın xatirəsi qarşısında baş əyirəm”.

Əyilmək ermənilərin milli xarakteridir… Gərək bu məqamdan düzgün istifadə edək.

Ancaq sonda Serj Sarkisyan Azərbaycanın hərbi gücündən qorxduğunu açıq şəkildə yazıb: “Dağlıq Qarabağ Respublikası” beynəlxalq səviyyədə tanınana, düşmən Qarabağın dövlət sərhədlərinə cəhd göstərməyincə və bacı və qardaşlarımızın təhlükəsizliyi tam təmin olunana qədər mübarizəmiz bitməyib”.

… mübarizəmiz bitməyib. Azərbaycanda isə “mübarizə” sözünü “müharibə” ilə əvəz edərək “Müharibə hələ bitməyib” deyirlər. Bu ifadələri ölkə başçısından tutmuş müdafiə nazirinədək, komandanlarımızadək hamı təkrar edir. Çünki artıq Qarabağı geri qaytarmağın alternativ yolu yoxdur.

Yolumuz Xankəndinə doğrudur…

Ermənistanın ikinci prezidenti Robert Köçəryan da yolumuzun məhz Xankəndinə doğru yönəldiyini hiss etdiyindən bu gün Rusiyanın RBK telekanalına müsahibə verib və Türkiyənin Ermənistanla Azərbaycan sərhədindəki kəskinləşmə dövründəki mövqeyini şərh edib və bildirib ki, Türkiyənin bölgədəki təcavüzkar meyllərini yalnız Rusiya cilovlaya bilər.

Putinin yaxın dostu və Serj Sarkisyan kimi Qarabağda azərbaycanlılara qarşı uzun müddət döyüşən bu “şəxs” unudur ki, nə Türkiyə, nə də Azərbaycan əvvəlki dövlətlər deyil. Türkiyə Rusiyaya istər Suriyada, istərsə də Liviyada öz hərbi gücünü göstərərək bölgədə kimin daha çox güclü olduğunu sübut etdi.

Elə yəqin Köçəryanı da qorxudan məhz bu amildir…

Ermənistan Xarici İşlər Nazirliyi isə daha irəli gedərək bu günkü brifinqdə bəyanat yayıb ki, rəsmi İrəvan Suriyadan Türk döyüşçülərinin Qarabağa gətirilməsi ilə bağlı məlumatları yoxlayır.

Mətbuat katibi Anna Naqdalyan belə bir təhlükə ehtimalının böyük olduğunu da gizlətməyib.

O, Azərbaycanla “hamı hamı üçün” prinsipi ilə əsirlərin mübadilə olunma ehtimalını da şərh edib. Xatırladaq ki, erməni silahlı qüvvələrinin zabiti Qurgen Alaverdyan Azərbaycana əsir düşüb və videomüraciətində Bakıda yaşamaq istəyində bulunub.

Xanım diplomat jurnalistlərin önündə diplomata yaraşmayan tərzdə sanki əsrin ən böyük yalanını danışıb: “ Ermənistanda hərbi əsir yoxdur. Ölkəmizdə olan azərbaycanlılara qarşı heç bir cinayət işi uydurulmur, hüquqlarına və ləyaqətlərinə hörmət edilir”.

Ona sadəcə xatırladaq ki, Qarabağda bir yeniyetmənin və bir erməni zabitin “qətlində” təqsirli bilinən azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev həbs ediliblər və dəfələrlə işgəncələrə məruz qalıblar.

Ermənistanda belə gülünc bəyanatlarla yanaşı gülünc məişət hadisələri də baş verib. Gecə İrəvanda 4 avtobus dayanacağı dağıdılıb, Konyak zavodunda partlayış baş verib, araq satan bir kişinin “qəhrəmnalığı” sayəsində 11 nəfər o dünyalıq olub.

İndisə qayıdaq Qarabağda sülh prosesinin bərpası məsələsinə. Bu gün Ermənistan Xarici İşlər Nazirliyi bununla bağlı şərtlərini açıqlayıb.

Elə həmin Naqdalyan bildirib ki, rəsmi İrəvan Qarabağ münaqişəsinin sülh yolu ilə bir sıra yanaşmalar əsasında həllinə dair işləri davam etdirməyə hazırdır.

O,  bölgəyə turist kimi gəlib gedən həmsədrlərin də bu yanaşmaları prioritet hesab etdiklərini xatırladıb.

Milliyyətcə erməni olan Rusiyanın baş diplomatı Sergey Lavrov da MQIMO-nun tələbə və müəllimləri qarşısında çıxış edən zaman deyib ki, Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin normallaşmasında maraqlıdır və hər iki ölkənin xarici işlər nazirləri ilə telefonla danışdığını da gizlətməyib.

Təbii ki, Kremlin başımızın altına qoyduğu yastığın tükləri çox yumşaq olduğundan 30 ildir ki, bu münaqişə öz həllini tapmır. Hamı isə o həllin, daha doğrusu Qarabağ açarının Putinin əlində olduğunu israrla deyir. Uzun illər bölgədə cərəyan edən insidentlər və problemin çözülmədən qalması bu faktın doğruluğuna bir işarədir.

Bu günkü bəyanatların son nöqtəsini isə özünü Qarabağda “prezident” hesab edən Araik Arutyunyan qoyub və bildirib ki, Azərbaycan problemi sülh yolu ilə nizamlanmağa hazır deyil.

O, rəsmi Bakı ilə hər hansı bir razılaşmanı müzakirə etməyi mənasız hesab edib.

Onun fikirlərində faşistlərə xas olan meyllər açıq-aydın görünür.

Görün, bu qondarma “prezident” nə deyir?

… Gəlin, realist olaq, müharibəyə hazırlaşaq, danışıqların mövzusunu müzakirə etməyək.

… Heç bir danışıqdan söhbət gedə bilməz..

Bax belə. Hər şey güzgü kimi qarşınızdadır. Baxın və nəticə çıxarın. Bu ermənilərlə doğrudan da bir masa ətrafında oturub nəyisə müzakirə etməyə dəyərmi?

Təbii ki, baş verənlərin siyasi xəritəsini Azərbaycan prezidentindən yaxşı heç kəs bilə bilməz. Bu baxımdan gəlin nəticə çıxarmağa tələsməyək. Hələlik koronavirusun  səngiməsini gözləyək.

O zaman erməni “prezidentlər” işlətdikləri ifadələri təkrar edəcəklərmi?

Erməni “prezidentlərin” dediklərinin üstündən isə elə bu günün sonunda Ermənistan Respublika Partiyası sədrinin müavini Armen Aşotyan böyük bir xətt çəkdi.

Paşinyan kimi Facebook sosial şəbəkəsinə üstünlük verən bu partiya funksioneri “29-cu il dönümü ilə bağlı” təbriklərindən sonra “Bu gün Xankəndidə rəsmi salnaməyə baxdım və ağrı hissləri keçirdim” sözlərini yazıb.

O, niyə belə yazıb? Çünki bu günkü “tədbirə” İrəvandan demək olar ki, yüksək vəzifə tutan heç kəs gəlməyib.

Fikrimizi onun sözləri ilə davam edək.

… Qarabağın üç keçmiş “prezidenti” – Robert Köçəryan, Arkadi Qukasyan və Bako Saakyan  orada deyildilər.

… Ermənistanın Baş naziri orada deyildi (Göyçə gölündəki hökumət malikanəsinin hovuzunda günəş vannasını qəbul etməyi üstün tutdu, dünyaya güclü bir mesaj göndərmək üçün bir fürsəti əldən verdi).

.. Ermənistanın hazırkı prezidenti də orada deyildi (uzun aylar işsiz oturduqdan sonra xaricə tətilə getməyi vacib bildi).

… Niyə belə oldu? Axı Qarabağ həmişə siyasi baxışlarından və coğrafi mövqeyindən asılı olmayaraq hamımızı, bütün erməniləri birləşdirib.

… İllər boyu erməni siyasətçilər səssizcə “çirkli ayaqqabılarını” çıxarıb bir ziyarətgah kimi Qarabağa gələrdilər.

.. Qarabağın hazırkı “rəhbərliyi” vəziyyəti düzəltmək üçün tədbirlər görməyə və gecikmədən ayıq hərəkətlər etməyə  borcludur.

Maraqlıdır, görəsən, Armen Sarkisyan, Nikol Paşinyan, Robert Köçəryan və Serj Sarkisyan bu gün Qarabağa niyə gəlməyib?. Armen Aşotyan demişkən, hansı vacib işləri olub?

Nikol türklərə məxsus olan və yalnız 1920-ci ildən sonra Ermənistana verilən Göyçə gölünün göyçəkliyi qarşısında mat-məəttəl qalıb.

Çox güman ki, Paşinyan Qarabağ qatarının Azərbaycana doğru getdiyini hiss edib. Jurnalist olduğuna görə ən azından onun da nəsə yazmaq və hiss etmək qabiliyyəti var…

Mənbə
konkret.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close