“Evdəqal” dövründə polis axtarışda olanları necə ələ keçirib – reportaj

Karantin rejimində gecə polis bölmələrində nələri gördük; bir gündə 4 pulqabını tapan PPX əməkdaşı

Dünyanı cənginə alan koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə də tətbiq edilən xüsusi karantin rejimi dövründə ən çox əziyyət çəkən zümrə polis oldu desək, yanılmarıq.
Ötən həftələrdə polisin fəaliyyəti, peşəkarlıq məsələsi ilə bağlı həm sosial şəbəkələrdə, həm də mediada kifayət qədər müzakirələr açıldı. Bu müzakirələrin getdiyi vaxtda ötən bazar ertəsi günü – evdə qaldığımız sərt karantin günündə kondisionerin sərinlətdiyi otağın pəncərəsindən həyətə baxırdım. Çöldə bərk isti vardı, heç meh də əsmirdi. Küçədə, günün altında yalnız ayağında “botinka”, üzərində xüsusi ləvazimatlar, rabitə cihazı, planşet olan polislər gözə dəyirdi: bir zabit, 2 polis nəfəri həyətdə var-gəl edir, elan edilmiş karantin qaydalarının pozulmaması üçün xidmət aparırdılar.

Bu vaxt beynimdən bir fikir keçir: axı mən vaxtı ilə – redaktorluğa qədər yaxşı reportajlara imza atmışam, nədən indi polisin bu günlərdəki fəaliyyətinə dair bir reportaj üçün cəhd etmirəm? Bunu edən yoxdursa, niyə cəhd göstərməyim? Axı çox maraqlı olar…
Həmən ağlıma bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət etmək gəlir. Və qeyri-ixtiyari Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, dostumuz Elşad Hacıyeva kiçik bir mesaj yazıram. Təbii, cavab verir və bildirir ki, nə zaman istəsəniz Bakı şəhəri üzrə rayon polis idarələrinin, bölmələrinin, polis naryadlarının cari xidmətini müşahidə edə, reportaj hazırlaya bilərsiz.

Düşündüm, ən maraqlısı gecə naryadlarını izləmək olar. Buna da yox deyilmir. Elşad Hacıyevdən bir xahiş də edirəm: Lütfən, gedəcəyimiz idarələri öncədən məlumatlandırmayın. Cavab belə olur: “Hansı idarəni, bölməni, ərazini istəsəniz ora getməyi spontan qaydada özünüz seçərsiniz, mən özüm də bu gecə yatmayacam, işdə, şəhərdə olacam, hara getsəniz, harada olsanız, nəsə problem yaransa mənə zəng edin, gəlim ora”.

Belə də olur. “Yeni Müsavat” Media Qrupunun çevik fotomüxbiri Elçin Əkbərlə birlikdə 16 iyun saat 23 radələrində düşürük Bakının küçələrinə, 17 iyun gecə 3-dək polisin fəaliyyətini müşahidə edirik…
Gördüklərimizin bir qismini birinci yazıda təqdim etmişik. Birinci yazının linki: https://polise.az/polislə-bir-gun-gecə-baki-səhərində-bolmələrdə-nələr-oldu-reportaj/

İkinci yazı

Nizami RPİ-də və bu rayon ərazisindəki asayiş keşikçilərinin, daha sonra Dərnəgül yolunda YPX əməkdaşlarının gecə növbəsini izlədikdən sonra Nərimanov rayonu ərazisində gecə naryadlarının fəaliyyətini müşahidə edirik.

Saat artıq 01:30 radələridir. Nərimanov metro stansiyasının ətrafında və yaxınlıqdakı parkda, Ağa Nemətulla, Təbriz küçələrində demək olar ki, vətəndaşlar gözə dəymir. Tək-tək görünənlərin isə əsasən hansısa müəssisədə gecə növbəsində işləyən şəxslər olduğu hiss olunur. Post Patrul Xidmətinin, YPX-nin əməkdaşları bütün küçələrdə naryadlarını yerinə yetirir, ümumi mənzərə bundan ibarətdir ki, şəhərin bu hissəsində sakitlikdir.
Operativ Qərargahın müəyyən etdiyi normalara görə, pandemiya dövründə 22:00-dan sonra kafe, restoran, publarda yerində xidmət dayandırılmalıdır. Nərimanov rayonu ərazisi də kafe-restoranların bol olduğu ərazilərdəndir. Ərazidə xidmət aparan PPX əməkdaşlarına yaxınlaşıb, bu normanı pozan kafe-restoranların olub-olmadığını öyrənməyə çalışırıq. Polis əməkdaşı deyir ki, bu qayda tətbiq olunduğu ilk günlərdə bəzi kafelər, restoranlar 22-dən sonra da çalışıblar, karantin qaydalarınının digər formada pozulması halları da olub. Lakin onların bəziləri cərimə edilib, bəzilərinə xəbərdarlıq olunub. Son günlərdə isə kafe-restoranlar bu qaydalara maksimum əməl edirlər, bu rejimə ciddi yanaşırlar…

Nərimanov rayonu ərazisindən Heydər Əliyev prospektinə çıxıb, şəhərin mərkəzinə doğru hərəkət edirik. Yol boyu çox az sayda nəqliyyat vasitəsi gözə dəyir. Dənizkənarı Milli Park istiqamətinə yön alıb, müşahidə aparırıq. Polis naryadları burada xidmətini aparır, parkda vətəndaş isə gözə dəymir, tam sakitlikdir. Bulvar boyunca cəmi 2-3 adamın gəzişdiyini görürük.
Bu ərazidə 39-cu polis bölməsi yerləşir. Üz tuturuq bu bölməyə, görək polis orada nə iş görür, vəziyyət necədir?
Bölmənin qarşısında maşını saxlayıb, foto çəkdirərkən növbətçi hissənin əməkdaşlarından birinin foyeyə gəldiyini görürük.

IMG-20200617-WA0004.jpg (89 KB)

İçəridən bizi ciddi şəkildə müşahidə edir, amma şəkil çəkdirməyə mane olmur. Bölməyə daxil oluruq və növbətçi hissənin əməkdaşlarına gəlişimizin məqsədini bildiririk. Bölmə üzrə növbətçi zabitə məruzə olunur və 39-cu bölmənin əməkdaşı, polis mayoru Elman Quliyev bizi qarşılayır. Ona reportajımızın məqsədini bildiririk və suallarımıza cavab istəyirik. Bütün suallarımıza səbrlə, təmkinlə cavab verir:

IMG-20200617-WA0003.jpg (91 KB)

– Hazırda bizim ərazidə sakitlikdir, ciddi bir hadisə ilə bağlı siqnal daxil olmayıb. Naryadlar xidmətini aparır, hansısa xəta törədən varsa, bölməyə gətirilir, müvafiq tədbir görülür. Polis istənilən şəraitə hazırlıqlıdır, peşəkarlığına hər kəs əmindir. Polis xalqın xidmətindədir. ”Evdəqal” kampaniyası dövründə biz xalqın polisə yüksək münasibətinin şahidi olduq.

– Bəs, karantin dövründə ən çox hansı faktorlar polisin işini çətinləşdirdi?

– İlk dəfə idi ki, ölkəmizdə pandemiya elan olunurdu, karantin elan edilirdi. Ən çox insanlar bu vəziyyətə uyğunlaşmaqda çətinlik çəkdiklərini bildirirdilər və bu davranışları ilə polisin də işini çətinləşdirirdilər. Yəni bəzi adamlar deyirdilər ki, evdə otura, maska taxa bilmirəm. Biz maksimum onları maarifləndirməyə çalışdıq ki, bunları etmək vətəndaşın sağlamlığı üçündür. Ən çox buna enerji sərf etdik. Xidmətdə başqa hansısa ciddi problemlə üzləşmədik.
Bura şəhərin mərkəzi hissəsidir. Həftəsonu sərt qadağalarda bizə kütləvi müraciətlər də olmadı. Əsasən səhhətində problem yaranan, evdə hansısa səbəbdən xəsarət alanlar müraciət edirdilər və bir çox hallarda polis özü onları xəstəxanalara aparırdılar. Son həftəsonu sərt karantində 2-3 vətəndaş da ev heyvanlarını gəzdirmək üçün öncədən zəng edib icazə istəmişdi.

-Belə iddialar var ki, sərt karantin günlərində ailə-məişət zəminində konfliktlər artıb. Bu doğrudurmu?

– Konkret bizim ərazidə əksi baş verib. Karantin rejimindən əvvəlki dövrdə daha çox şikayətlər olurdu, nəinki indi. Sanki insanlar evdə oturduqca mehribanlaşıblar… 

  ***

Bölməni tərk edib, üz tuturuq şəhərin mərkəzinə – Nizami küçəsinə, Fəvvarələr meydanı istiqamətinə. Nizami küçəsində bir neçə gəncdən və post patrul xidmətinin əməkdaşlarından başqa kimsə gözə dəymir, bütün mağazalar, kafelər də bağlıdır. Ərazidə hansısa qayda pozulması, səs-küy salan adamlara da rast gəlmirik. Pandemiya dövründə insanlar sanki artıq sakit həyat tərzinin daha gözəl olduğunun fərqinə varıblar. Hansı ki, ötən illərin cari dövrlərində gecə saat 4-5-dək “Torqovı”da qələbəlik olardı, bəzən xoşagəlməz davranışlar göstərən, hətta sərxoş gənclər də kifayət qədər olurdu. Ancaq indi şəhərin mərkəzində bir huzur vardı…

Buradan yollanırıq 9-cu polis bölməsinə. Bölmənin qapısı açıqdır, açıb keçirik içəri.

IMG-20200617-WA0001.jpg (82 KB)

Növbətçi hissəyə çatanda görürük ki, bir neçə gənc foyedədir. Növbətçi hissənin əməkdaşı bizim kimliyimizlə maraqlanır və sonra növbətçi zabitə zəng edir.

IMG-20200617-WA0014.jpg (66 KB)

Məlum olur ki, bu gün bu bölmədə növbətçi zabit, əməliyyat qrupunun rəhbəri 9-cu polis bölməsinin rəis müavini Müşfiq Gözəlovdur. Öncə ondan foyedə dayanan gənclərin hansı səbəbdən bölməyə gətirilməsi ilə maraqlanırıq. Bəlli olur ki, onlar gecə saatlarında Fəvvarələr meydanı istiqamətində karantin normalarını pozublar, bu üzdən polis naryadı onları saxlayaraq, bölməyə gətirib. Rəis müavini bildirdi ki, onlar maarifləndirilməklə yanaşı, inzibati qaydada müvafiq cəzalandırıldıqdan sonra sərbəst buraxılacaqlar.

Daha sonra rəis müavini əməliyyat şəraiti, karantin günlərindəki iş rejimi və digər məsələlərlə bağlı suallarımızı cavablandırır.

O deyir ki, 9-cu bölmə paytaxtın mərkəzi hissəsini əhatə edir və bu səbəbdən pandemiya dövründə vətəndaşların pozuntulara yol verməsi daha çox nəzərə çarpır: “Karantin rejimi tətbiq edilən ilk vaxtlarda, həmçinin birinci həftəsonu sərt karantin rejimi günlərində vətəndaşlar tərəfindən, habelə iaşə obyektlərində karantin normalarının (iş saatı, maskadan, əlcəkdən istifadə və s.) pozulması hallarına burada daha çox rast gəlinirdi. İlk günlərdə çətinliklərimiz daha çox oldu, baxmayaraq ki, gecə-gündüz gücləndirilmiş rejimdə çalışırdıq. Lakin sonra aparılan mütəmadi profilaktik, maarifləndirmə tədbirləri nəticəsində qaydaları pozanlar azalmağa başladı. İnsanlar getdikcə daha çox başa düşməyə başladılar ki, qaydalara əməl etmək onların sağlamlığının qorunması üçündür. Təəssüf doğuran hallar da oldu – bəzi sahibkarlar, şəxslər qaydaları kobud formada pozdular və biz onları inzibati qaydada cəzalandırmaq məcburiyyətində qaldıq. Yəni barələrində 211.1-ci maddə ilə protokol tərtib olundu”.

Rəis müavini dedi ki, karantin dövründə naryadlarla yanaşı, 4 nəfərdən – təhqiqatçı, 2 əməliyyat müvəkkili və sahə inspektorundan ibarət mobil qruplar da ayrılıb: “Onlar ticarət mərkəzləri, kafe-restoranların ərazisində karantin qaydalarının pozulmamasına nəzarət edirlər. Karantin qaydalarını pozanlar təəssüf ki, yenə də var. Düzdür, əvvəlki günlərə nisbətdə xeyli azalıb, əvvəllər gün ərzində 10-15 nəfər inzibati qaydada cəzalanan olurdusa, indi 1 və ya 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edirik. Mobil qruplar əsasən sərtləşdirilmiş karantin günlərində də xidmət göstərir, bölmənin əməliyyat qrupundan əlavə olaraq. İdarə rəhbərliyi də bütün fəaliyyəti nəzarətdə saxlayır”.

Həmsöhbətimiz maraqlı bir faktı da diqqətə çatdırır. O deyir ki, karantin rejimi dövründə vətəndaşlar yardım, kömək istəməklə yanaşı, polisə həm də yaşadıqları ərazidə karantin rejimini pozanları – qrup şəklində toplaşanlar, qapalı yerlərdə maskadan istifadə etməyənlər gördükdə, bu haqda da zəng vuraraq müraciət ediblər. Və qaydaları pozan həmin vətəndaşlar müəyyən edilib, barələrində protokol tərtib olunub: “Yardım istəyənlər isə daha çox sərt karantin günlərində olub və dərhal müvafiq addımlar atılıb. Həftəsonu sərt karantin günlərində bölmənin ərazisindəki aztəminatlı, fiziki məhdudiyyətli şəxslərə əməkdaşlarımız baş çəkib, onlardan çörəyə, hansısa ərzağa, suya ehtiyacı olanları təmin etmişik”.

-Bu dönəmdə hansı cinayətlər baş verib?

– Bura şəhərin mərkəzi hissəsidir. Həm bölmənin, həm PPX-nin, həm də cinayət-axtarış şöbəsinin əməkdaşları ümumi olaraq, ictimai asayişin təmin olunması üçün üzərimizə düşən vəzifələri icra edirik. Şübhəli şəxs gördükdə, yaxud ictimai asayişi pozan olduqda həmən ona yaxınlaşırlar. Vətəndaşın şəxsiyyətini aydınlaşdırmaq üçün əməkdaşlarımız DİN tərəfindən planşetlər təmin olunub. Şübhəli şəxs olduqda, onun axtarışda olub-olmadığı, yaxud sərt karantin rejimində hərəkət icazəsinin olub-olmadığı yerində yoxlanılır. Hər hansı bir şəxs axtarışdadırsa, yaxud karantin normalarını pozubsa, bölməyə dəvət olunur və müvafiq tədbirlər görülür. Karantin rejimi dövründə Səbail rayonunda, konkret olaraq 9-cu bölmənin ərazisində cinayət hadisələrinin sayı kəskin azalıb. Ümumiyyətlə, son illər cinayətlərin sayında xeyli azalma var. Bu ərazidə telefon oğurluqlarına daha çox rast gəlinib. Mənzil oğurluqları karantin dövründə demək olar 0 faizin üzərindədir. Şəxsiyyət əleyhinə cinayətlərə də çox az halda rast gəlinir. Parklarda vətəndaşların istirahətinə icazə verildikdən sonra istirahət edən şəxslərin pul qablarını, telefonlarını yaddan çıxarıb skamyalarda qoyub getdikləri, itirdikləri, oğurlandığı halları da olur.

– Belə fikirlər var ki, bəzi axtarışda olan şəxslər, cinayət törədənlər maska və əlcək taxdıqları üçün cəzadan yayınmağa çalışırlar. Maskalardan istifadə əməliyyat-axtarış işində polisin işinə çətinlik yaradırmı?

– Kimsə arxayın olmasın ki, üzünü gizlətdi, polis axtarışda olan, yaxud cinayət törədib uzaqlaşan şəxsi müəyyən edə bilməyəcək. Hazırkı texnologiyalar, kameralarla izləmə və digər vasitələr, metodlarla üzündə maska olan şəxsi əgər axtarışdadırsa, yaxud hansısa bir cinayət, xəta törədib yerini dəyişirsə, qısa müddətdə onu müəyyənləşdirib saxlayırıq. Odur ki, kiminsə maskalanmaqla, əlcək taxmaqla, digər bu kimi işlərlə diqqətdən, cəzadan yayınması mümkün deyil…

            ***

Artıq gecə saat 3-dür. Bölməni tərk edirik. Şəhərdə tam səssizlikdir. Yalnız polislər var. Naryada yaxınlaşıb, ərazidə nəsə bir hadisə baş verib-vermədiyini soruşuruq. Cavab verirlər ki, mərkəzdə tam sakitlikdir, demək olar, hamı evindədir, bir onlardan başqa…

PPX əməkdaşlarından biri ki, bu gün ən yaddaqalan hadisəni də danışır. Deyir ki, bu gün xidmət zamanı 4 itmiş pulqabını tapıb və onların hamısının da sahibi müəyyən edilib, özlərinə qaytarılıb.

esas.jpg (429 KB)

Polis nəfərləri, zabitləri, müstəntiqlərlə 4 saatlıq səmimi təmaslardan gəldiyim bir qənaət var: Azərbaycan polisi kifayət qədər peşəkardır. Ən xoş mənzərə isə polis əməkdaşlarının davranışının ötənlərlə müqayisədə kifayət qədər nəzakətli olması və bilikli, savadlı gənc kadrların çoxluq təşkil etməsidir.

Elşad MƏMMƏDLİ
Fotolar Elçin Əkbərindir

Mənbə
musavat.com
Hamısını Göstər

Related Articles

Back to top button
Close