Hamını özünə inandırdı, ancaq sonu fəlakətlə başa çatdı – Rus qadının Amerika macəraları

Bir qadın özünü milyarder varisi kimi təqdim etdi, hotellər, restoranlar, bankirlər və yüksək cəmiyyət nümayəndələri isə ona inandı. Anna Delvinin hekayəsi əslində pul haqqında deyil, insan beyninin görüntüyə necə aldanması haqqındadır.
Anna Sorokina Nyu-Yorka Anna Delvi adı ilə gəldi. O, özünü böyük sərvətin varisi kimi təqdim edir, ailəsinin milyonlarla dolları olduğunu, nüfuzlu əlaqələrə sahib olduğunu və Nyu-Yorkda böyük bir incəsənət mərkəzi yaratmaq istədiyini söyləyirdi.
Əslində isə onun arxasında danışdığı qədər böyük sərvət yox idi. Amma bunu heç kim bilmirdi. Daha doğrusu, çoxları bilmək belə istəmirdi. Çünki Anna öz rolunu kifayət qədər inamla oynayırdı. Bahalı geyinirdi, prestijli hotellərdə qalırdı, lüks restoranlara gedirdi, tanınmış insanlarla ünsiyyət qururdu, milyonlarla dollarlıq layihələrdən danışırdı. Hesab gələndə isə pulun köçürülməsində problem yarandığını bildirirdi. Bank gecikdirib. Kart işləmir. Xaricdən pul gəlməlidir. Menecer cavab vermir. Pul sabah hesabda olacaq…
Normal həyatda belə bəhanələrdən bir-ikisi kifayət edərdi ki, qarşınızdakı insana şübhə ilə yanaşasınız. Amma söhbət varlı insanlar arasında gedəndə vəziyyət dəyişirdi. Çünki varlı adamın pulunun olmaması belə bir müddət normal görünə bilər. Milyonçu üçün bir neçə min dollarlıq hesabın gecikməsi, həqiqətən də, adi texniki problem ola bilər. Və məhz burada Anna Delvinin ən böyük “üstünlüyü” ortaya çıxırdı: o, insanların zənginlik haqqında təsəvvürlərini öz xeyrinə istifadə edirdi.
İnsanların əksəriyyəti var-dövlətin özünü yox, onun əlamətlərini görür.
Bahalı avtomobil, brend geyim, lüks hotel, üfuzlu dostlar, məşhur restoranlar, milyonlardan danışmaq…
Bütün bunlar bir araya gələndə beynimiz çox vaxt əlavə sübut tələb etmir. Qarşımızdakı insan “varlı adam” obrazına uyğun gəlirsə, biz onun həqiqətən varlı olduğunu düşünməyə başlayırıq. Əslində isə bunların heç biri sərvətin sübutu deyil.
Bəzən bahalı avtomobil kreditlə alınır. Lüks hotelin hesabı ödənilməyib. Brend geyim borc götürülüb. “Nüfuzlu dostlar” isə sadəcə bir tədbirdə tanış olunan adamlardır. Amma görüntü artıq öz işini görüb. İnsanlar qarşısındakının həqiqətən kim olduğunu yox, kim olduğunu düşündüklərini görməyə başlayırlar. Ən böyük aldadıcı amil özünəinamdır. Anna Delvinin hekayəsində daha maraqlı bir məqam var.
O, insanlara yalnız yalan danışmırdı. Öz yalanına uyğun davranırdı. Milyonçu kimi danışırdı, milyonçu kimi geyinirdi, milyonçu kimi restoran seçirdi, milyonçu kimi insanlarla ünsiyyət qururdu.
Ən əsası isə milyonçu kimi davranmaqdan çəkinmirdi. Bu, insan psixologiyasında çox güclü təsir yaradır. Çünki biz çox vaxt özünəinamı bilik və imkanla səhv salırıq. Səsini qətiyyətlə çıxaran adamı daha savadlı, tərəddüd etməyən insanı daha imkanlı, bahalı geyinən şəxsi isə daha nüfuzlu hesab edə bilirik.
Halbuki özünəinam həmişə həqiqətin göstəricisi deyil. Bəzən sadəcə yaxşı oynanılmış roldur. Bəs niyə heç kim yoxlamadı? Anna Delvi hadisəsində ən maraqlı sual budur.
Niyə bu qədər insan onun haqqında məlumatı əvvəlcədən araşdırmadı?
Çünki burada başqa bir psixoloji mexanizm də işləyirdi: insanlar varlı insanlarla yaxın olmaq istəyirlər. Kimsə sizə deyirsə ki, onun milyonlarla dolları var, Nyu-Yorkun mərkəzində böyük layihə həyata keçirəcək və şəhərin tanınmış simaları ilə əlaqələri mövcuddur, siz istər-istəməz onunla münasibətin sizə də fayda verə biləcəyini düşünürsünüz.
Beləliklə, insan artıq “Bu doğrudurmu?” sualından çox, “Mən bundan necə yararlana bilərəm?” sualını düşünməyə başlayır. Və yoxlama mexanizmi zəifləyir. Bu, yalnız Nyu-Yorkun bahalı hotellərində baş vermir. Həyatın müxtəlif sahələrində eyni mənzərəni görmək mümkündür. Kiminsə kabinetinin böyük olması onun səlahiyyətinin də böyük olduğunu göstərmir. Kiminsə məşhur insanlarla şəkil çəkdirməsi onun həmin şəxslərlə yaxın münasibətdə olduğunu sübut etmir. Kiminsə bahalı avtomobildə gəzməsi onun imkanlı olduğunu göstərmir.
Kiminsə milyonlardan danışması isə onun milyonlara sahib olması demək deyil. Amma görüntü bütün bunları bir müddət gizlədə bilir. Əslində Anna Delvi tək deyildi
Anna Sorokinanın hekayəsini yalnız “fırıldaqçı qadının macərası” kimi oxumaq asandır. Lakin məsələ bununla bitmir.
Çünki belə hekayələr yalnız aldadan insanların mövcudluğundan yaranmır. Onların uğur qazanması üçün inanmağa hazır insanlar da lazımdır. Anna bir növ güzgü idi. O, ətrafındakı insanların görmək istədiyi obrazı onlara göstərirdi. Varlı görünmək istəyənlərə varlı idi. Nüfuzlu insanlarla tanış olmaq istəyənlərə nüfuzlu idi. Böyük layihələrin bir hissəsi olmaq istəyənlərə böyük layihənin sahibi idi.
İnsanlar onun haqqında nə düşünmək istəyirdilərsə, Anna həmin təsəvvürü daha da gücləndirirdi. Bəlkə də onun ən böyük “istedadı” burada idi. Bu gün Anna Delvi olmasa da, Anna Delvi fenomeni yaşayır. Sosial media bu məsələyə daha bir ölçü əlavə edib. İndi insan özünü varlı, uğurlu və nüfuzlu göstərmək üçün Nyu-Yorkda bahalı hotelə belə ehtiyac duymur. Bir neçə yaxşı foto kifayətdir. Lüks restoranın fonunda çəkilmiş şəkil. Bahalı avtomobilin sükanı arxasında foto. Məşhur şəxslə bir kadr. Xarici səfərdən paylaşım.
“Böyük layihə üzərində işləyirik” tipli müəmmalı cümlələr. Vəssalam. Bir müddət sonra virtual obraz real insanı əvəz edir. İnsanlar artıq sizin kim olduğunuzu deyil, sosial şəbəkədə necə göründüyünüzü müzakirə etməyə başlayırlar.
Ən təhlükəlisi də budur: bu görüntü təkrarlandıqca həqiqət təsiri yaradır. Bəzən ən bahalı şey inandırıcı görüntüdür.
Anna Delvinin hekayəsindən çıxan nəticə yalnız “aldadılmamaq üçün diqqətli olun” deyil.
Burada daha böyük bir məsələ var. Cəmiyyət çox vaxt uğuru onun nəticələri ilə deyil, görüntüsü ilə ölçməyə başlayır. Kiminsə nə qədər pulu olduğunu bilmirik, amma necə yaşadığını görürük. Nə qədər savadlı olduğunu bilmirik, amma nə qədər əmin danışdığını eşidirik.
Nə qədər nüfuzlu olduğunu bilmirik, amma kimlərlə şəkil çəkdirdiyini görürük.
Beləcə görüntü faktın yerini tutur. Anna Delvi isə bu mexanizmdən istifadə etməyi bacaran insanlardan biri oldu. Onun hekayəsində ən maraqlı sual bəlkə də “Anna insanları necə aldatdı?” deyil.
Əsl sual budur: Niyə insanlar qarşılarındakı insanın həqiqətən zəngin, nüfuzlu və güclü olduğunu yoxlamaq əvəzinə, onun belə görünməsinə inanmağa daha çox meyllidirlər Bəlkə də cavab çox sadədir:
Çünki insan bəzən həqiqəti görməkdən daha çox, inanmaq istədiyi hekayəni görmək istəyir.
Qeyd edək ki, 2017-ci ildə Anna Sorokina həbs edildi. 2019-cu ildə məhkəmə onu bir sıra ittihamlar, o cümlədən xidmətlərin saxta yollarla əldə edilməsi və külli miqdarda oğurluqla bağlı əməllərdə təqsirli bildi. O, 4 ildən 12 ilədək həbs cəzasına, həmçinin cərimə və dəymiş ziyanın ödənilməsinə məhkum edildi.
Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az



