“İmza ilə bağlanan qapı qılınc ilə açılar!”

Əvvəla bir xatirəmi danışmaq istəyirəm;

1997-ci ildə (İstanbulun fəth edildiyi tarixdən 544 il sonra) İsveçrə Hava Yolları (Swissair) ilə Berlindən Bakıya uçdum.

Türkiyənin hava sahəsində uçan zaman pilot sərnişinlərə məlumat verdi:

“Hörmətli sərnişinlər! Hazırda Konstantinopolis üzərində uçuruq. Təyyarənin sağ tərəfində oturan sərnişinlər Bosporusu seyr edə bilərlər”.

Beynəlxalq qanunlara görə, İstanbulun rəsmi adı “Konstantinopolis” deyil, “İstanbuldur!”

İstanbul Boğazının adı isə “Bosporus” deyil, “İstanbul Boğazı!” və ya qısa desək “Boğaziçi” adlanır.

Görün, xristian dünyası fəthdən 544 il sonra İstanbulu hələ də “Konstantin” kimi görür (!)

Ayasofyanın yenidən məscidə çevrilməsinə reaksiya göstərən Qərb ölkələrinin, İstanbulun fəth edildiyi tarixdən 567 il sonra hələ də beynəlxalq ictimaiyyətdə səs qaldırmağa cəhd etmələri Orta əsr Səlib yürüşçü zehniyyətinin bariz təzahürüdür …

Paganizm inancına mənsub olan Avropalılar

Roma və Bizanslılar İsadan (a.s) dörd əsr sonra xristian olub. Keçmişdə paganizmə inanan Roma ve Bizanslılar bütpərəstliyin təsiri altında xristianlıq dinini qəbul ediblər. Ərəb dilində “sls ثلاث” kökündən yaranan “selase ثلاثة” sözü “üç” deməkdir. Xristianlıqdakı “tanrının müqəddəs üçlüyü” və ya “üç müqəddəs tanrı”; “təslis تثليث” sözü də ərəbcə “sls ثلاث” kökündəndir. Xristianlıqdakı müqəddəs “Üçlü”; “Ata”, “Oğul” və “Müqəddəs Ruh” olaraq qəbul edilir. Yəni “ata tanrı, tanrının oğlu İsa və müqəddəs ruh”

Paganizmdə də təbiətə, göy cisimlərinə, heyvanlara, insanlara və bir çox başqa canlı-cansız varlıqlara inam vardır. Bir sözlə xristianlıqdakı “təslis تثليث”; “Ata”, “Oğul” və “Müqəddəs Ruh” inancı bütpərəstliyin bütün növlərini əhatə edən paganizmə bənzəməsi, Roma və Bizanslıların xristian dinini qəbul etmələrini asanlaşdırıb…

Məsəlçün bu gün bir xristian ancaq kilsə vergisini ödəməmək üçün dindən çıxa bilər və ya kilsə qəfəsinin arxasında əyləşib günahlarını keşişə etiraf edər (sakrament) və keşiş də onun günahlarını “Allah adından” bağışlayar.

Bütpərəstlikdə də, ruhani qəbul olunan şəxs təqdis olunmuş hər hansı bir obyekt vasitəsilə insanların günahlarını tanrı adından bağışlayar.

Xristianlıqda “Ata”, “Oğul” və “Ruh” inancı

Kainatın Fəxri Hz. Məhəmmədin (s.ə.s) muşdusu Konstantiniyyə

Bizansın paytaxtı Konstantiniyyəni, “İslambol; [إسلامبول” [1 şəhərini tarixə yadigar kimi buraxan ordunun arxasında dayanan güc, Kainatın Fəxri Hz. Məhəmmədin (s.ə.s) müjdəsi olub:

“Konstantiniyyə, əlbəttə, fəth еdiləcək. Оnu fəth еdən sərkərdə nə yaxşı sərkərdədir, оnun əsgərləri nə yаxşı əsgərlərdir“ ; ( لَتُـفْتَحَنَّالْقُسْطَنْطِينِيَّةُ فَـلَنِعْمَالْأَمِيرُأَمِيرُهَا،وَ لَنِعْمَ الْجَيْشُذَلِكَالْجَيْشُ [2)

Məhəmməd peyğəmbərin işarə etdiyi Konstantinopol yüksək səviyyədə inkişaf etmiş yaşayış mərkəzi kimi yox, İslam dininin Qərbə yayılmasında əsas qapı kimi böyük əhəmiyyətə malik olduğu üçün müjdələnibdir. Belə ki, İstanbulun fəthindən sonra, Roma və Bizans imperiyasının Osmanlı Dövləti qarşısında zəifləməsi Osmanlıya yeni fəthlərin qapılarını açıb.

Digər vacib bir məqam da ondan ibarətdir ki, Qərb ölkələrinin beynəlxalq miqyasda apardığı təbliğat həqiqət əsasında deyildir. Qərb ölkələrinin, Osmanlı Dövlətinin elmi və texniki inkişaf sahəsində kifayətsiz olduğunu və Qərb ölkələrindən geridə qaldığını göstərməyə çalışması tamamilə əsassız təbliğatdır. Təəssüf ki, xristian dünyasının, Osmanlı Dövləti haqqındakı yaymaya çalıştığı mənfi təbliğatdan Türk xalqının böyük əksəriyyəti və bir sıra tarixçilər təsirlənib. Əslində İstanbulu İstanbul edən və 567 ildir onu bir ləl-cəvahir kimi saxlayan iradə Osmanlı Dövlətinin yüksək gücü olub.

“İstanbulun şəhər əhalisinin sayı fəthdən qısa müddət əvvəl təxminən 40-50 min qədər idi.” [3]

İndiki şəhər ölşüsünə görə desək, Fatihin fəth etdiyi İstanbul sədd çəkilmiş, məhdud sahəyə malik rayon qədər kiçik bir şəhərdən ibarət idi.

Zadəganlar səddin içində, kəndlilər isə çöldə yaşayırdılar. Zadəganlar kənd təsərrüfatı, heyvan məhsulları və beynəlxalq yollardan əldə etdikləri ticarət mallarından istifadə edirdilər. Kəndlilər, zadəganlara itaət etməyə məcburdular və lazım gəldikdə zadəganlar kəndlilərin mallarını, canlarını və şərəflərini öz istədikləri kimi istismar edə bilərdilər. Elə ki, 13-cü əsrin əvvəllərinə qədər dəfələrlə təbii fəlakətlərə və Səlib müharibələrinə məruz qalan Konstantin yandırıldı, talan edildi və xalqı əsarətə düşdü. Nəcib Türk millətinin sahib olduğu və tarix boyu xristian dünyasına təsir edən şərəfli, əsalətli, ədalətli kimliyi İstanbulun fəthindən sonra da tarixə öz möhrünü vurubdu. Bizans xalqı öz millətindən o qədər bezmişdilər, İstanbulu Türklərin fəth etdiyinə sevinən xalq ürək sözlərini o məşhur tarixi deyim ilə dilə gətiriblər: “Konstantinopoldalatın başlığı görməkdənsə, Türk sarığı görməyi seçirik” [4]

Və ya belə də tərcümə etmək olar: “Konstantinopolda Latın sərpuşu görməkdənsə Türk çalması görməyə üstünlük veririk”.

1204-cü ildə Katolik məzhəbinə mənsub olan xaçlı ordusu tərəfindən mühasirəyə alınan Konstantin, 1261-ci ilə qədər Katolik Romanın əlində qaldı və Ayasofya Kilsəsi Katolik kilsəsinə çevrildi.

Bizanslılar 1261-ci ildə Konstantini geri aldıqdan sonra, Ayasofya yenidən Ortodoks məzhəbinin kilsəsi olaraq istifadə edildi. Göründüyü kimi, Ayasofya, fəthdən əvvəl xristianların öz aralarındakı məzhəb müharibələrinə hədəf olub, dəfələrlə işğal edilib və xarabalığa çevrilib. Ancaq fəthdən sonra yenidən bərpa olunan Ayasofya məscidə çevrilib və bu günə qədər bir çox zəlzələyə və yanğınlara məruz qalsa da zərər görməyib. Ayasofyanın məscidə çevrilməsinin əleyhinə olan xristian dövlətləri bu tarixi həqiqətləri çox yaxşı bilsələr də xristian fanatizmi çərçivəsində İslama qarşı düşmənçiliyə yenə də davam edirlər.

Ayasofya

Ayasofya, 21-ci əsrdə Səlib Yürüşünü yenidən canlandırıb

86 il sonra Ayasofyanın muzeydən məscidə çevrilməsini həzm edə bilməyən ABŞ, YUNESKO, İsrail və Avropa dövlətləri, xüsusən Vatikan, Səlibçi ittifaqını aşikar edib.

Katoliklərin ruhani lideri Papa Franciscus, Ayasofyanın yenidən məscidə çevrilməsinə reaksiya kimi: “Ağlım İstanbuldadır. Çox ağrıyıram” deyib.

YUNESKO, rəsmi Twetter səhifəsində bunları dəyib:

“Ayasofya: YUNESKO, Türkiyə rəhbərliyinin əvvəlcədən müzakirə edilmədən verdiyi qərardan dərin təəssüf hissi keçirir və dünya irsinin ümumbəşəri dəyərinin qorunub saxlanılmasını istəyir”.

Yunanıstan, Türkiyənin bu qərarının: “açıq fitnəkarlıq!” olduğunu bildirib və daha bir ifratçılıq hissi ilə Türkiyə bayrağını yandırıb.

Rus Ortodoks  Kilsəsi: Milyonlarla Ortodoks  xristianın qayğıları nəzərdə tutulmadı! deyib.

İsrail qəzeti “Hareetz”: “Türkiyə, Ayasofyanın cəriməsini ödəyəcəkdir!” deyərək açıq şəkildə Türkiyəni təhdid edib!

Fransız “Le Point” jurnalı Ayasofya ilə bağlı: Ayasofya, Suriya, Liviya, Aralıq dənizi … Ərdoğan! Narahatlığını „müharibə qapımızın qarşısında başlığı ilə reaksiya göstərib.

5 iyul 1967-ci ildə İstanbula gələn Papa Paul VI, Ayasofyada ayin təşkil edib.

Papa Francis 2014-cü ilin noyabrında İstanbula gələndə birinci növbədə torpağı öpüb və Ayasofyanı ziyarət edib.

Əlbətdə ki, bütün bu reaksiyalar Ayasofya üçün deyildir. Bu reaksiyalar tarixdə olduğu kimi indi də, Ayasofyanı bəhanə edən dünya xristianlarının Türkiyəyə qarşı Səlib İttifaqıdır! Əlbətdə ki, onların yeganə məqsədi, Türkiyəni bölməkdən ibarətdir…

Fəthin Atası və „Qılınc Haqqı” Ayasofya

Fateh Sultan Məhmədin tam adı “Məhməd II, (Osmanlı türkcəsi محمد بن مراد (Məhəmməd bin Murad), digər adı Ebu-l Fətḥ أبو الفتح (Fəthin Atası) kimi tanınır.

“Qılınc haqqı”olaraq da bilinən müharibə qənimətləri İslam qanunlarına görə ifa edilən bir tətbiqdir.

Baxmayaraq ki, Türkiyədə artıq xilafət və İslam hüququ tətbiq edilməsə də beynəlxalq müəsir hüquqa görə istəyir fərdi, istəyir ictimai olsun, qanun hökmü ilə verilən haqq ləğv edilə bilməz. Müasir dövlətlərin, hətta bütün dünya dövlətlərinin hüdudları daxilindəki torpaqlar, yeraltı və yerüstü sərvətləri müxtəlif əsrlərdə digər millətlər tərəfindən zəbt edilmiş və daima mülkiyyət sahibləri dəyişmişdir. Hər bir ölkə, öz dövründəki mövcud qanunlar əsasında ya müharibə və ya müqavilə yolu ilə qazandığı ərazidə hər cür qənaətə malikdir. Bu əsasa görə “İslam hüququ artıq etibarlı deyil və “qılınc haqqı” hökmünü itiribdir” fikrini müdafiə edənlər cəhalətin zivəsində taxt qurublar!

Necə ki, keçmişdə Osmanlı torpaqları olan və bu gün müstəqil dövlətlərə çevrilən ölkələrdəki Türk memarlıq əsərlərinin kilsəyə çəvrilməsi ilə bağlı Türkiyənin söz deməyə ixtiyarı yoxdursa, Türkiyə hüdudları daxilindəki əsərlərin istismarı ilə bağlı Türk dövlətindən başqa heç kimin söz demeyə də ixtiyarı yoxdur!

Əgər xristian dünyası özünü Orta əsr zehniyyəti ilə aparacaqsa, qapımız bazarlıq etməyə həmişə açıqdır: Türkiyə Cümhuriyyəti Dövləti, Ayasofyanı muzey kimi istismara açmağa və bu qərarını əbədi olaraq mühafaza etməyə hazırdı, əgər, Qərb dövlətləri də Birinci Dünya Müharibəsindən əvvəlki Osmanlı Dövlətinin sərhəddini Türkiyənin torpaqları kimi tanıyarsa…

Qılıncla xütbə oxumaq

Diyanət İşləri Başçısı Prof. Dr. Ali Erbaşın Ayasofyada qılınc ilə Cümə xütbəsi oxumağı nə bir nümayiş nə də emosional bir davranış deyildir.

Sosial mediada bu vəziyyəti bəsitləşdirməyə çalışanlar məqamından, mövqeyindən asılı olmayaraq din, dövlət, millət və tarix şüuru “0” dəyərindədir!

Qılınc və yay ilə xütbə oxuma ənənəsi İslam və Türk tarixində məlum tətbiqdir.

Həzrət Məhəmmədin (s.ə.s) əsa və ya yay ilə xütbə oxuduğu mənbələrdə mövcuddur.

Bəşəriyyətin minlərlə il əvvəl istifadə etdiyi döyüş silahları qılınc, ox, yay, nizə, gurz, xəncər və qalxan kimi müəyyən vasitələrin hamısı silah adlanır. Yay ilə xütbə oxumaq qılıncla da oxuna bilər deməkdir. Çünki hər iki əşya da silahdır. Bundan əlavə, Səlcuqlu və Osmanlı dövründə də qılınc ilə xütbə oxumaq ənənə kimi tətbiq edilib. Səlcuqlu Sultan Məlik Əhməd Danişment Qazi əsgərləri tərəfindən 1075-ci ildə Samsun şəhərinin Ladik mahalının fəth edilməsindən sonra burada kilsəni məscidə çevirib. Xalq arasında “Qılınclı Məscid” kimi də bilinən “Samsun Ladik Cümə Məscidində” 945 ildir ki, Cümə xütbəsi qılıc ilə oxunur.

(solda) Diyanət İşləri Başçısı Prof. Dr. Ali Erbaş, Ayasofyada qılınc ilə Cümə xütbəsi oxuyur.
(sağda) Samsun şəhəri Ladik Cümə Məscidi mollası Muhamməd Aksel Cümə xütbəsi oxuyur.

Səlcuq Atabəyi Əmiri Hüsaməddin Çoban Bəy 1273-cü ildə Kastamonu şəhərini fəth etdikdən sonra kilsədən məscidə çevrilən Kastamonu Atabəyqazi məscidində ilk Cümə xütbəsini qılıncla oxuyub və fəthin əlaməti kimi öz qılıncını məscidə yadigar buraxıb. Bu gün adı “Atabəyqazi (Qırx Dirəkli) Cami” gedən həmin məsciddə 747 ildir Cümə xütbəsi qılınc ilə oxunur.

Kastamonu “Atabəygazi (Kırk Direkli) Cami” mollası Camal Yılmaz

“Samsun şəhəri “Ladik Cümə” məscidində 945 ildir, Kastamonuda (Bandırma), “Atabəyqazi” məscidində 737 ildir, Çanaqqalanın Gelibolu bölgəsindəki “Gazi Süleyman Paşa” məscidində 700 ildir, Ədirnə şəhərindəki “Əmir Sultan” məscidində 612 ildir, yenə Ədirnə şəhərindəki “Əski Ulu Cami” məscidində 600 ildir, İstanbul “Ayasofya” məscidində 1453-cü ildən 1934-cü ilə kimi 481 il Cümə xütbəsi qılınc ilə yerinə yetirilib…[5]

Fatəh Məhməd II, Cülus Mərasimi (1451)

Bundan başqa da bir sıra məscidlərdə Cümə xütbəsi qılınc ilə oxunub…

Təkcə Cümə xütbələri deyil, rəsmi dövlət mərasimləri də qılıncla keçirilərdi.

Osmanlı sultanlarının taxta oturma və sultan elan edilməsi üçün keçirilən ənənəvi “Cülus” (Qılınc Quşanma Mərasimi) qılınc ilə aparılardı.

Ərəb dilində “cls جلس” kökündən yaranan “cülus جلوس sözü “oturmaq” deməkdir; “calasa جلس” “oturdu” deməkdir.

Nəticə etibarilə həm İslam, həm də Türk tarixində qılınc həmişə üstün bir vasitə kimi imtiyaz edilmişdir. Qılınc hər zaman güc, hökmranlıq, müstəqillik və ədaləti təmsil edibdir…

Son söz

Beynəlxalq miqyasda İslamı “terror dini” halına gətirmək üçün çox səy göstərən xaçlı ölkələrin vəhşiliyinin və soyqırımının sayı-hesabı yoxdur!

Qərb, özünü bir daha nəzərdən keçirməlidir, əks halda tarix onlara unutduqlarını xatırladacaqdır. Özlərini dünyanın hökmdarı kimi görənlər bilməlidir ki, imza ilə bağlanan qapı qılıncla yenidən açılar. Ayasofya, bunun ən bariz təcrübəsi və sübutu olmuşdur…

Əbdülqadir İnaltəkin
Berlin, 06.08.2020-ci il


[1] Klaus Kreiser, C. H. Beck: „Geschichte Istanbuls. Von der Antike bis zur Gegenwart“ (İstanbul Tarihi. Antik ÇağlardanGünümüze), München 2010, ISBN 978-3-406-58781-8, s. 14.

[2] Ahmed b. Hanbel, Müsned, IV, 335; Buharî, et-Tarihu’l-Kebir, I, 81; et-Tarihu’s-Sağîr, I, 306; el-Bezzâr, el-Müsned, el-Müsned, c. II, s. 308; Taberani, el-Mu’cemu’l-Kebir, II, 38; Hakim, Müstedrek, IV, 422; Heysemî, Mecmeu’z-Zevâid, VI, 219.

[3] Yunus KOÇ (Doç. Dr.), „OsmanlıDönemi İstanbul NüfusTarihi”, TürkiyeAraştırmalarıLiteratürDergisi, Cilt 8, Sayı 16, 2010, s. 176

[4] Müxdəlifmənbələr: Hâtim Abdurrahman et-Tâhâvi. səh. 43-44, Joseph vonHammer. səh. 279, İsmail Hakkı Uzunçarşılı. səh. 407, Said Öztürk. səh. 136, Gregory, Timothy E. səh. 316

[5] https://www.haber7.com/kultur/haber/496387-asirlardir-kilicla-hutbe-okunan-camiler

Mənbə
kirmizilar.com/tr
Hamısını Göstər

Related Articles

Back to top button