İran Nikola qadağa qoydu: Rəisi ilə görüşdə şok məqam
İranın yeni prezidenti İbrahim Rəisinin andiçmə mərasimində iştirak üçün bu ölkəyə gedən və vəzifəsi rəsmiləşəndən sonra ilk səfərini cənub qonşusuna etməklə, bu ölkəyə verdiyi dəyəri görüntüləməyə çalışan Nikol Paşinyanın Rəisi ilə geniştərkibli görüşündə müzakirə edilənlər şərh üçün kifayət qədər əsas verir.
Bu görüşdə diqqət yalnız və yalnız ikitərəfli əməkdaşlıq, ticari əlaqələrə ayrıldı. Nikol Paşinyan İrana iqtisadi partnyor kimi necə yüksək qiymət verdiyini açıq şəkildə dedi, daha sonra isə Qarakilsə-Meğri yolunun tikintisində İran şirkətlərinin iştirakı, Şimal-Cənub avtomobil xətti, elektrik enerjisi sahəsində əməkdaşlıq və s. təkliflərini səsləndirdi. Sonra mədəniyyət, elm, təhsil, səhiyyə sahələrində əməkdaşlıq imkanlarını müzakirə edildi. Vəssalam!
Ermənistan baş naziri Paşinyan Rəisidən, əlbəttə ki, Qarabağla bağlı hər hansı açıqlama gözləyirdi. Xüsusilə İranın Ermənistandakı səfirinin ötən gün Azərbaycanla sərhədə gəlməsi, ölən ermənilərə görə başsağlığı verməsi, Ermənistanın ərazi bütövlüyünü müdafiə etdiyini canfəşanlıqla bildirməsi fonunda İ.Rəisinin də hər hansı siyasi mövqeyi mümkün görünürdü.
Ancaq İbrahim Rəisi ümumiyyətlə regional təhlükəsizlik, xüsusilə Azərbaycan dövlətinin artıq həll etdiyi Qarabağ münaqişəsi barədə bir kəlmə də demədi. Rəisinin dilindən çıxan yeganə söz bu oldu: “Bölgədə sülhün qorunması Tehran üçün əsas prioritet kəsb edir və İran bütün məsələləri dialoq yolu ilə həll etməyi zəruri sayır”.
Nə sərhəddə baş verənlər xatırlanır, nə Qarabağ yada salınır, nə də regionda təhlükəsizliyi təhdid edən “hansısa bir məqam”ın olduğu bildirilir.
Dövlət rəhbərləri arasında müzakirə edilən məsələlər əvvəlcədən razılaşdırılır və heç bir şübhə yoxdur ki, Paşinyan-Rəisi görüşünə hazırlıq gedərkən, İran regionla bağlı siyasi müzakirələr və bəyanat verilməsinə qarşı çıxıb. Buna görə də Nikol Paşinyan bu mövzuda hansısa açıqlama edə bilmədi.
İbrahim Rəisinin andiçmə günündə, Azərbaycan nümayəndə heyəti İranda səfərdə olarkən tutduğu siyasi mövqe Bakının maraqlarına uyğundur. Hər bir halda İran Ermənistanla yalnız kommunikasiyalar, yolların açılması, ticari əlaqələri müzakirə edir və bununla da İranın münaqişənin bitdiyi haqda Azərbaycanın qəti mövqeyini müdafiə etdiyi təəssüratı yaranır.
İ.Rəisi bu mövqeyi davam etdirərsə, Azərbaycan və İran arasında yeni prezidentin dövründə yeni imkanlar açıla bilər.
Ancaq bir sual açıq qalır: Paşinyanın İrana səfəri və Rəisi ilə görüşündən bir gün öncə İran səfirinin Azərbaycanla sərhədə gəlməsi Tehranla razılaşdırılmışdımı? Bu, Rəisinin Paşinyanla görüş gündəliyində siyasi məqamın olmaması barədə qəti mövqeyinin “kompensasiyası” idi, yoxa İran XİN-in Rəisinin andiçmə mərasiminə hazırladığı “sürpriz”?
Bu suallara İbrahim Rəisinin yaxın vaxtlarda atacağı addımlara görə cavab tapmaq mümkün olacaq.