Kamran Əliyev: Prezident–xalq–ordu birliyi nəticəsində dövlətimizin ərazi bütövlüyü bərpa edildi

Azərbaycan Prezidentinin 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycanda 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib.
Polise.az xəbər verir ki, bunu Azərbaycan Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümünə həsr olunmuş tədbirdə Baş prokuror Kamran Əliyev deyib.
Onun sözlərinə görə, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 17–22 may 2026-cı il tarixlərində dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakı şəhərində keçirilməsi Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin, eləcə də etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisi olub:
“Qarabağ və Şərqi Zəngəzurda Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə çoxsaylı abadlıq, quruculuq və yenidənqurma işləri aparılıb, milli-mədəni dəyərlərin qorunmasına və təbliğinə mühüm əhəmiyyət verilib, əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə bir sıra iş yerlərinin açılışı həyata keçirilib”.
Kamran Əliyev bildirib ki, ökə başçısı cari il ərzində bir sıra mühüm xarici səfərlər həyata keçirib:
“Həmin səfərlər və beynəlxalq tədbirlər çərçivəsində Qazaxıstanda keçirilmiş Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə iştirakı və görüş çərçivəsində Türk Sivilizasiya Mərkəzinin təməlqoyma mərasimində iştirak etməsi, eləcə də “ŞƏT plyus” formatında keçirilən görüşdə çıxış etməsi xüsusi əhəmiyyət kəsb edib.
Bununla yanaşı, energetika sahəsində “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi – “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi – “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirakı, həmçinin Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış etməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində fəal iştirakının göstəricisi kimi mühüm əhəmiyyət daşıyıb”.
Kamran Əliyev qeyd edib ki, Prezidentin uzaqgörən və müdrik siyasəti, habelə prezident–xalq–ordu birliyi nəticəsində dövlətimizin ərazi bütövlüyü bərpa edilib:
“30 ildən artıq davam edən işğala son qoyulub. Əldə edilmiş tarixi Zəfərin məntiqi davamı olaraq, güclü siyasi iradənin nümayiş etdirilməsi və şəhidlərimizin qanı və canı bahasına 2023-cü ildə həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlətimizin suverenliyi tam bərpa edilib, ölkəmizdə separatizmə son qoyulub”.
Polise.az



