“MAKLER EVLƏRİ” İLƏ BAĞLI HANSI RİSKLƏR VAR? – Ekspertdən XƏBƏRDARLIQ

Son illər Bakı və Abşeron ərazisində “makler evi” kimi tanınan fərdi yaşayış evlərinin tikintisi geniş yayılıb. Tələbatın artması ilə bu evlərin ölçüsü və mərtəbəliliyi də dəyişib, lakin tikinti keyfiyyəti ilə bağlı suallar qalmaqdadır. Xüsusilə bəzi evlərdə istifadə olunan materialların keyfiyyəti, konstruksiyanın davamlılığı və tikinti standartlarına uyğunluq alıcıları düşündürür.
Bəs “makler evləri”nin tikinti keyfiyyəti və təhlükəsizliyi ilə bağlı hansı tələblər mövcuddur? “Makler evləri”nin keyfiyyətsiz tikildiyini hansı əlamətlərdən müəyyən etmək olar və alıcı ev almamışdan əvvəl nələrə diqqət etməlidir? Bu evlərin tikintisində qanunvericilik və tikinti normalarına nə dərəcədə əməl olunur, nəzarət mexanizmləri kifayət qədərdirmi?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, 2020-ci ildən sonra ölkədə daşınmaz əmlakın qiymətində kəskin artım müşahidə olunur.
Onun sözlərinə görə, qiymətlərin yüksəlməsi fonunda qanunsuz tikililərin dövriyyəsi və alqı-satqısı da artıb: “Daşınmaz əmlakın əlçatanlığının azalmasından müxtəlif işbazlar istifadə etməyə başlayıblar. Onlar daha çox qanunsuz tikililərin inşasına yönəlib, nəticədə xüsusilə büdcəsi məhdud olan vətəndaşlar bu cür evlərin alıcısına çevriliblər. Bahalaşma fonunda müxtəlif qanunsuz evlərin həm dövriyyəsi, həm də alqı-satqısı artıb. Daşınmaz əmlakın əlçatanlığı azaldığı üçün müxtəlif işbazlar bundan istifadə etməyə başlayıblar və qanunsuz tikililərin inşasına daha çox yol verilib. Təəssüf ki, nəticədə, xüsusilə regionlardan olan və büdcəsi məhdud vətəndaşların bir qismi belə evlərin alıcısına çevrilib”.

E.Azadov qeyd edib ki, 2023-cü ilin oktyabrında qanunsuz tikililərə kommunikasiya xətlərinin çəkilməsi ilə bağlı müvafiq normativ tələblər sərtləşdirilib: “Bu dəyişiklik müəyyən qədər işbazların fəaliyyətinin qarşısını alsa da, ölkədə əvvəldən mövcud olan çoxsaylı qanunsuz tikililər problemini tam aradan qaldırmayıb. Ölkədə qanunsuz tikililərin dəqiq sayı məlum deyil. Təxmini hesablamalara əsasən, belə tikililərin sayı 700-800 min arasında ola bilər və onların təxminən 500 mini Bakı və Abşeron ərazisində formalaşıb”.
Ekspert istehlakçıları qanunsuz tikililərlə bağlı risklər barədə də xəbərdar edib. Bildirib ki, bu cür evlərin əhəmiyyətli hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlarda, eləcə də tikintiyə məhdudiyyət qoyulan mühafizə zolaqlarında inşa edilir: “Bəzi evlər kommunikasiya xətlərinin altında və ya yaxınlığında, dəmir yolu xəttinə 60 metrdən yaxın ərazilərdə, su hövzələrinin mühafizə zolaqlarında və digər tikinti məhdudiyyətlərinin tətbiq olunduğu sahələrdə inşa edilir. Belə ərazilərdə tikinti aparılmasına qanunvericiliklə yol verilmir. İstehlakçılar bu riskləri nəzərə almalıdırlar”.
Ekspert qanunsuz tikililərlə bağlı digər mühüm problemin onların sənədləşdirilməsi olduğunu vurğulayıb: “Belə evləri alan şəxslər gələcəkdə mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi və qeydiyyat məsələsində problemlərlə üzləşə bilərlər”.
E.Azadov sonda bu tip evlərin tikinti keyfiyyəti ilə bağlı risklərə diqqət çəkib: “Bəzi tikililər tikinti norma və standartlarına əməl edilmədən inşa olunur. Hətta müəyyən hallarda evlərin bünövrəsiz və ya bir daşla tikildiyi, nəticədə nəmişlik və su sızması kimi problemlərin yarandığı qeyd edilir. Belə evlərin alınması zamanı istehlakçı həm maliyyə vəsaitini itirmək, həm də mülkiyyət hüquqlarını rəsmiləşdirə bilməmək riski ilə üzləşir. Bundan başqa, bəzi hallarda həmin evlərdə qeydiyyata düşmək də mümkün olmur”.
Oğuz Ayvaz
“AzPolitika.info”



