Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət müzakirə edilib


Mayın 19-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının Ali Məhkəməsinin və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda konfrans keçirilib.

Polise.az  xəbər verir ki, konfransda Azərbaycan Respublikasının Ali Məhkəməsinin, Vəkillər Kollegiyasının, Ədliyyə Nazirliyinin, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Mediasiya Şurasının vəzifəli şəxsləri, Bakı Dövlət Universitetinin, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin nümayəndələri, Bakı şəhəri üzrə icra hakimiyyəti orqanlarının hüquqşünasları, hüquq müdafiəçiləri, Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, hər bir dövlət mənəvi təməlləri sarsılmaz olan ailə institutunun formalaşdırılmasında maraqlıdır. Çünki yalnız möhkəm ailə fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirməklə güclü bir dövlətin, cəmiyyətin təməl rolunu oynaya bilər.

Ənənəvi dəyərlərin Azərbaycan üçün ən böyük sərvət olduğunu söyləyən Bahar Muradova qeyd edib ki, ölkəmizdə 2023-cü ildə 100 illik yubileyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin ailə məsələləri ilə bağlı müəyyənləşdirdiyi prioritet dövlət siyasəti uğurlu şəkildə davam etdirilir.

“Bizim üçün mənəvi və ailə dəyərləri hər şeydən üstündür. Həm müasirlik, həm demokratik dəyişikliklər, həm də inkişafın özünün gətirdiyi yeniliklərə hazır olmaq və öz milli mənəvi identikliyimizi qorumaq bizim əsas keyfiyyətlərimizdəndir”, – deyən Dövlət Komitəsinin sədri diqqətə çatdırıb ki, ölkəmizdə ailə dəyərlərinin qorunub saxlanılmasına və daha möhkəm ailələrin yaranmasına çalışılmalı, hər kəs bu məsələdə çox həssas və diqqətli olmalıdır. Müqəddəs ailə bağlarının daha da möhkəmlənməsini və sağlam köklər üzərində inkişafı üçün müsbət tendensiyaları əsas tutmaq vacibdir.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov müstəqil Azərbaycanda dövlətin ailə siyasətinin formalaşmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. O qeyd edib ki, məhz onun rəhbərliyi dövründə ailələrin sosial problemlərinin həlli istiqamətində prinsipial və davamlı tədbirlər görülüb, ailə münasibətlərini tənzimləyən müasir, milli dəyərlərə və beynəlxalq praktikaya əsaslanan qanunvericilik bazası yaradılıb.

Azərbaycanda ailə məhkəmələrinin yaradılmasının əhəmiyyətindən söz açan Anar Bağırov diqqətə çatdırıb ki, ailə mübahisələrinin spesifikliyini, mürəkkəbliyini nəzərə alaraq, bu sahədə ixtisaslaşan hakimlərin və ya ailə məhkəmələrinin yaradılması zəruridir.

Tədbirdə çıxış edən Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev ailənin mövcudluğunun və onun qorunmasının cəmiyyətin inkişafının zəruri şərtlərindən biri olduğunu, dövlətimizin hər zaman nikahın möhkəmlənməsi məsələlərinə xüsusi diqqət ayırdığını bildirib. Vurğulayıb ki, başda dövlətin əsas qanunu olan Konstitusiya da daxil olmaqla, ailə qanunvericiliyinin əsas məqsədi məhz ailənin qorunub-saxlanmasına yönəlib.

Sənan Hacıyev, həmçinin ailə qanunvericiliyində dərin təhlilə əsaslanan islahatın aparılmasının zəruriliyini qeyd edib. Deyib ki, Ailə Məcəlləsinin qəbulundan ötən 20 ildən artıq müddət ərzində ictimai münasibətlərin inkişafı, dünyada və ölkəmizdə baş verən qloballaşmaya meyilləri sosial-iqtisadi sferada görülməli işlərlə yanaşı, qanunvericilikdə müasir çağırışlara cavab verən ailə-nikah münasibətlərini qorumağa yönəlmiş yeni mexanizmlərin tətbiqini tələb edir.

Tədbirdə çıxış edən Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova, BDU-nun professoru Məhəbbət Dəmirçiyeva və vəkil Leyla Məmmədova bütövlükdə ailələrin sosial rifahını yüksəltmək, qadın və uşaqların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün dövlət tərəfindən mütəmadi olaraq zəruri tədbirlərin həyata keçirildiyini, bu sahədə dövlətin müsbət öhdəlikləri lazımi qaydada icra edildiyini diqqətə çatdırıblar.

Çıxışlarda, eyni zamanda, Azərbaycanda mediasiya prosesinin uğurlu nəticələrindən söz açılıb. Qeyd edilib ki, ötən il mediasiyaya müraciətin 950-si könüllü olub. 2023-cü ildə 3429 barışıq sazişi qeydə alınıb. Bu il isə mediasiyaya 891 könüllü müraciət daxil olub, barışıq sazişlərinin sayı 2913-dür. Onlar təkcə məhkəmənin iş yükünü azaltmır, həm də insanlarda hüquq mədəniyyəti formalaşdırır. Konfransda ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət, qarşıda olan çətinliklər, problemlər və həllini gözləyən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button