Prezident Əliyevdən erməniləri gözləyən təhlükənin mesajı: Ermənistan mübahisəli əraziyə çevrilə bilər

Rəsmi Bakı Paşinyan hakimiyyətinə Ermənistanın Azərbaycana ən azı Qərbi Zəngəzur boyda ərazi borcunun olduğu barədə sərt xəbərdarlıq etdi; Rəsmi İrəvan üçün yeganə xilas yolu Ermənistanın ərazi iddialarından imtinası, qarşılıqlı şəkildə sərhədləri tanıması və ən qısa zamanda Azərbaycanla yekun sülh sazişini imzalaması ola bilər…

Ermənistan ətrafında bəzi oyunlar qurulmağa başlanıb. İndi bu uydurma dövlətdən “oyuncaq” kimi istifadə etməyə çalışırlar. Və rəsmi İrəvanın yenidən “regional pozuculuq faktoru”na çevrilməsinə cəhd göstərirlər.

Məsələ ondadır ki, II Qarabağ müharibəsinin nəticələri Cənubi Qafqazda geopolitik şərtləri tamamilə dəyişib. Bu region artıq yenidən dizayn edilməkdədir. Çünki yeni geopolitik şərtlər, yeni regional reallıqların ortaya çıxmasına səbəb olub.

9eb21a96d9831e41609087066.jpeg (90 KB)

44 günlük savaşa qədər Azərbaycan-Ermənistan münaqişəsindən Cənubi Qafqazda öz maraqlarını təmin etmək üçün yararlan bəzi dövlətlər artıq bu imkandan məhrum olublar. Bu regionda cərəyan edən geopolitik proseslərə təsir və ya müdaxilə şanslarını tamamilə itiriblər. Və nəticədə oyundankənar vəziyyətə düşüblər.

Bu baxımdan, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri hazırda çıxılmaz vəziyyətdə qalmış kimi görünürlər. Xüsusilə də, regionda hərbi iştirakı sayəsində Cənubi Qafqazda varlığını hələlik qorumağı bacaran Rusiyadan fəqrli olaraq, ABŞ və Fransa “regional hasar”ın əks tərəfində qalıb, kənardan boylanmaq məcburiyyətindədir.

Ona görə də, ABŞ və Fransanın son dövrlərdəki davranışları, eləcə də, mövqeyi regional proseslərin istiqamətlərini dəyişməyə yönəldilib. Bu məsələdə hər iki həmsədr ölkənin ümidi yalnız Ermənistana qalıb. Yəni, indiki halda, yalnız Ermənistanı “regional pozuculuq fəaliyyəti”nə sövq etməklə, Cənubi Qafqazda növbəti gərginliyin yaradılması mümkün ola bilər.

Maraqlıdır ki, ABŞ və Fransanın davranışları, vasitəçilik missiyası ilə uyuşmayan mövqeyi son vaxtlar Ermənistanı nisbətən yenidən cəsarətləndirməyə başlayıb. Rəsmi İrəvan ən azı iki həmsədr ölkənin özəl maraqlarına bağlı ermənipərəst manevrlərindən həvəslənərək, yenə də “uzaqgedən xəyallar” qurmağa çalışır. Və bu, artıq regionda yeni silahlı toqquşmalara səbəb ola biləcək ciddi faktor təsiri bağışlayır.

55b0c0dfd4589773a33818cb5088acba.jpeg (120 KB)

Məsələ ondadır ki, rəsmi İrəvan ABŞ və Fransanın aranı qarışdırmaq, üçtərəfli anlaşmaların icrasını əngəlləmək üçün ortaya atdıqları “davamlı sülh üçün status” tezisini artıq mənimsəməyə başlayıb. Hətta öz fəaliyyətini tədricən bu istiqamətə yönəltməkdədir. Və əslində, bu, avantürist xarakterli Paşinyan hakimiyyətinin Ermənistanın zəif yerlərini, uydurma dövlət kimi geopolitik əhəmiyyətsizliyini doğru dəyərləndirə bilməməsindən qaynaqlanır.

Paşinyan hakimiyyəti anlamaq istəmir ki, rəsmi Bakı “status” mövzusunu çoxdan qapadıb. Azərbaycan dövləti bu mövzuya daha heç vaxt qayıtmaq niyyətində deyil. Hətta Ermənistanın böyük ümidlər bəslədiyi ABŞ və Fransa belə, heç bir halda, rəsmi Bakını keçmişə qaytara bilməz. Bundan sonra rəsmi Bakı həmsədrlərin “olmayan problemin nizamlanmasına vasitəçilik” bəhanəsi ilə regional reallıqları dəyişdirmək cəhdlərinə şans tanımaz.

Maraqlıdır ki, Azərbaycan Prezidenti İlham Əlievin son açıqlamalarında bunun açıq mesajlarını görmək qətiyyən çətin deyil. Azərbaycan Prezidentinin özünün imzaladığı Fərmanı örnək göstərməklə, geriyə dönüş cəhdlərinin mümkün nəticələrinə eyham vurması qətiyyən səbəbsiz deyil: “İyulun 7-də imzaladığım Fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı, vəssalam… Bütün Qarabağa aid olan rayonlar orada birləşib. Şərqi Zəngəzur iqtisadi zonası yaradılıb. İndi Ermənistanda bu məsələ ilə bağlı isterikaya qapılırlar. Buna ehtiyac yoxdur, Şərqi Zəngəzur bizim tarixi torpağımızdır, Qərbi Zəngəzur bizim tarixi torpağımızdır”.

Göründüyü kimi, “status xəyalı”na qapılanlara yeni reallıq açıq mətnlə anladılır. Dövlət başçısı “status” mövzusunun müzakirə edilməsinə ehtiyac yarada biləcək hər hansı bir ərazi vahidinin mövcud olmadığını qabardır. Eyni zamanda, Ermənistan cəmiyyətini isterikaya salan Şərqi Zəngəzur iqtisadi zonasının xatırladılması qarşı tərəfi olduqca çətin vəziyyətə sala biləcək yeni reallığın gündəmə gətirilməsidir. Yəni, Prezident İlham Əliyev Paşinyan hakimiyyətinə Ermənistanın Azərbaycana ən azı Qərbi Zəngəzur boyda ərazi borcunun olduğu barədə sərt xəbərdarlıq edir.

yeni-zengezur_161019.jpg (63 KB)

Bütün bunlar o deməkdir ki, rəsmi Bakı Ermənistana Azərbaycanda ona aid heç bir şeyin olmadığını anlatmağa çalışır. Yəni, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası qətiyyən mümkün deyil. Əksinə, əgər, rəsmi İrəvan hansısa mübahisəli ərazi və onun statusu barədə müzakirələrin aparılmasına ciddi ehtiyac duyarsa, Qərbi Zəngəzur məsələsi bunun üçün ən uyğun mövzu ola bilər.

Təbii ki, bu, rəsmi Bakının Paşinyan hakimiyyətini tamamilə tərksilah etmək üçün etdiyi önəmli geopolitik manevrdir. Bundan sonra rəsmi İrəvan tamamilə əmin olmalıdır ki, “status” mövzusunu gündəmə gətirməkdə davam edəcəyi təqdirdə, məhz Qərbi Zəngəzur məsələsini müzakirə etmək məcburiyyətində qalacaq. Və bu, tarixi reallıqlar, faktlar, sənədlər baxımından Ermənistan üçün qətiyyən uduşlu mövzu deyil.

Prezident İlham Əliyev öz açıqlamasında bu barədə də Paşinyan hakimiyyətini artıq əvvəlcədən xəbərdar edib: “Biz tarixi unuda bilmərik. Kiminsə siyasi maraqlarının girovuna çevrilə bilmərik. Gəlsinlər, açsınlar tarixi sənədləri, xəritələri, baxsınlar, sovet hökuməti Zəngəzuru nə vaxt Azərbaycandan qoparıb, Ermənistana verib. Bu, yaxın tarixdir – 101 il bundan əvvəl… Yəni, biz deyək ki, bu, olmayıb? Nəyə görə? Biz həqiqəti deyirik. Bizim dədə-baba torpağımızdır: bütün Zəngəzur – Şərqi və Qərbi Zəngəzur…”

Azərbaycan Prezidenti bu sözləri ilə yalnız Paşinyan hakimiyyətinə deyil, eyni zamanda Ermənistanın xarici himayədarlarına da açıq mesajlar verir. Azərbaycanın mənafelərinin həmsədr ölkələrin siyasi maraqlarına qurban verilməyəcəyinə eyham vurur. Və bu, sonradan daha böyük itkilərlə üzləşməmək üçün rəsmi İrəvana həm də “həyəcan təbili” rolunu oynamalıdır.

c3063edf261245f6baa381eea39fb4e3.jpg (99 KB)

Əks halda, Azərbaycana qarşı yeni ərazi iddialarını davam etdirərsə, Ermənistan daha əvvəl ələ keçirtdiyi torpaqları da itirə bilər. Üstəlik, Azərbaycan Prezidenti Ermənistana bunun qanuni reallığını da xatırlatmağı vacib sayıb: “Üçtərəfli 10 noyabr Bəyanatında göstərilir ki, bütün qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə…”

Prezident İlham Əliyevin bu mövqeyi tamamilə ədalətli və haqlıdır. Çünki Ermənistan nə qədər qəribə də olsa, cəmisi 30-35 min erməninin yaşadığı Azərbaycan torpaqlarında “status” istəyir. Ancaq rəsmi İrəvan indi Ermənistan adlanan ərazidən 300 mindən çox Azərbaycanlının zorla çıxarıldığını xatırlamağa həvəs göstərmir. Əsl ədalət o olacaq ki, hazırda qaçqın olan həmin 300 mindən çox Azərbaycanlı vaxtilə kompakt yaşadıqları ərazilərə  – Zəngəzura, Göyçəyə, İrəvana qayıdacaqlar və məhz onlara status veriləcək.

Göründüyü kimi, Paşinyan hakimiyyətinin “status hay-küyü” tamamilə perspektivsizdir. Əksinə, bu iddialarda israrlı davranılması Ermənistanın özünün mübahisəli əraziyə çevrilməsinə səbəb ola bilər. Rəsmi Bakının qətiyyətli mövqeyi Ermənistanın gələcək taleyi üçün həlledici xarakter daşıyır. Bu situasiyadan Ermənistanı yayındıra biləcək yeganə doğru yol rəsmi İrəvanın ərazi iddialarından imtina edərək, qarşılıqlı şəkildə sərhədləri tanıması və ən qısa zamanda Azərbaycanla yekun sülh sazişini imzalaması ola bilər.

Hamısını Göstər

Related Articles

Back to top button