Prezidentdən mühüm mesaj: yeni dönəm başlayır – Şərh

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə mühüm mesajlar verdi. Cənab Ali Baş Komandan Azərbaycanda müasir ordu quruculuğu prosesində yeni mərhələnin başlanmasından bəhs etdi. Yeni kontraktların imzalanması, müasir silahların, texnikanın, texnologiyaların əsasında silah-sursatın, hərbi texnikanın alınmasına başlanması ilə bağlı konkret addımların atılması vurğulandı. Eyni zamanda Silahlı Qüvvələrdə struktur islahatlarına başlanması, Ordunun say tərkibinin artırılması ilə bağlı da cənab Prezidentin səsləndirdiyi fikirlər ölkəmizin təhlükəsizliyi ilə bağlı məsələlərin bundan sonrakı dövr üçün prioritet olacağına əminlik yaradır.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O bildirib ki, cənab Prezident Dağlıq Qarabağ məsələsinin birdəfəlik həll olunduğunu, Ermənistanın bundan sonrakı dönəm üçün öz qonşuları ilə normal münasibətlər qurmaq yolu seçməsi reallığını önə çəkib:

“Ermənistan üçün ən düzgün yol Azərbaycanla sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmasıdır. Sərhədlərin dəqiqləşdirilməsi üçün delimitasiya üzrə işçi qrup yaradılmalıdır. Məhz bundan sonra sülh müqaviləsinə hazırlıq işlərinə başlanılmalıdır. Çünki bölgədə yaranan reallıq məhz sülhü, sabitliyi, əməkdaşlığı təşviq edir. Bunun əksinə olan bütün səylərin isə heç bir gələcəyi olmayacaq”.

Cavid Osmanov hesab edir ki, Azərbaycan bölgədə istədiyinə nail olub:

“Ölkəmiz qonşuları ilə bütün kommunikasiyaları qurub. Ermənistan isə itirdiyi 30 ildə nə qədər bu proselərdən kənarda qaldığını bir daha düşünməlidir. Çünki bu ölkə işğalçılıq, başqalarının ərazilərinə əsassız iddialarla 10 illiklərdir öz xalqını bölgədəki mümkün inkişaf imkanlarından məhrum edib. Bundan sonrakı dönəm üçün isə Ermənistan məhz qeyri-konstruktiv mövqedən birdəfəlik imtina eməklə region dövlətləri ilə əməkdaşlıq qurmaq imkanı əldə edə bilər. Bu isə Ermənistanın, erməni cəmiyyətinin sonrakı inkişafına təminat ola bilər”.

Hamısını Göstər

Related Articles

Back to top button