Qarabağ üzərindən Rusiyaya qarşı böyük həmlə gözlənilir

Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Cozef Bayden arasında iyunun 17-də gözlənilən görüşdə Qarabağ məsələlərinə də toxunula bilər. Bunu bəzi ekspertlər ehtimal edirlər.

Belə fikirlər də var ki, ABŞ Qarabağdakı Rusiya hərbi kontingenti ilə bağlı müəyyən məsələ qaldıra bilər. Məsələn, həmin qüvvələrin beynəlxalq statusunun, mandatının olmadığını vurğulayaraq, Moskvaya təzyiq edə bilər. Ərdoğanın NATO sammitində ABŞ prezidenti Cozef Baydenlə görüşündə əldə olunası anlaşmaların da regiondakı qüvvələr balansına ciddi təsir edəcəyi gözlənir.

Qeyd edək ki, son günlər Azərbaycan-Ermənistan sərhədində yaranmış gərginlikləri təşkil etməklə Rusiya Zəngəzurda sərhəd xəttini öz hərbi nəzarətinə götürməyə nail oldu. Bununla da Qarabağda hərbi iştirakı əngəllənən Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də Azərbaycana gözlənilən səfəri ilə regionun təhlükəsizlik konfiqurasiyasında iştirakdan geri çəkilmədiyi, siyasi, diplomatik sahədə Rusiyanın birtərəfli nəzarət planları ilə barışmadığı mesajını verəcək. ABŞ-ın bu məsələdə Türkiyəyə dəstək verəcəyi də istisna deyil. Robert Köçəryan da RBK kanalına müsahibəsində deyib ki, bölgədə Türkiyənin təsiri artıb, amma buna baxmayaraq, Rusiya belə təsiri məhdudlaşdıra biləcək yeganə ölkə olaraq qalır.

Vəziyyətin bu istiqamətdə inkişafı Azərbaycana nə vəd edir? ABŞ-ın Qarabağ üzərindən Rusiyaya qarşı təzyiqlər etməsi Ankara və Moskva münasibətlərini gərginləşdirə bilərmi?

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev Ərdoğanın heç vaxt münasibətlərdə körpüləri yandırmadığını söylədi: “ABŞ əldə olan faktorlardan yararlanaraq, bütün vasitələrlə Rusiyaya qarşı təzyiqi gücləndirməyə çalışacaq. Bu faktorların içində Qarabağ məsələsi bəlkə də ən axırıncı yerdə gəlsə də, ehtiyac yaranacağı halda ondan da istifadə ediləcək. Hələlik proseslərin gedişatından gördüklərim bu məsələnin o qədər də öndə olmamasıdır. Bayden hazırda özündən öncəki prezidentlərdən fərqli siyasət yürütməyə çalışır. Rusiyaya qarşı mübarizədə onun üçün əsas müttəfiqləri Avropa İttifaqı olduğundan Avropa İttifaqı ölkələrini öz ətrafında sıx birləşdirməyə çalışır. Bildiyimiz kimi, Obama zamanında Avropa liderlərini gizli dinləmə skandalı ilə, Tramp zamanında isə ümumiyyətlə, Avropanı az qala iqnor etmə siyasəti ilə soyuq münasibətlər formalaşmışdı. Hazırda isə bu münasibətlərdə ciddi isinmə müşahidə olunur. Bir çox ekspertlər hesab edirdilər ki, Baydenin Rusiya layihəsi olan “Şimal Axını 2” layihəsinin artıq əleyhinə olmaması ilə bağlı bəyanatı Rusiyanın qarşısından çəkilməsi idi. Əslində isə bu qərar həmin layihədən yararlanmaq istəyən, amma son illər ABŞ-ın təzyiqləri ilə geri çəkilmək məcburiyyətində qalmış Aİ-yə yönəlik xoşməramlı bir jest idi. Yəni ABŞ bundan sonra da atacağı bu cür addımları ilə ətrafında ciddi koalisiya formalaşdıracaq. NATO da ABŞ-ın müttəfiqi olan Türkiyə ilə bağlı məsələlərdə Baydenin gündəmində var. ABŞ əslində heç zaman Türkiyə kimi bir müttəfiqi itirmək istəməz. Münasibətlərdə zaman-zaman gərginliklər yaransa da, Ərdoğan da körpüləri heç vaxt yandırmayıb.

elshen.JPG (54 KB)

Elşən Mustafayev: “ABŞ heç zaman Türkiyə kimi bir müttəfiqi itirmək istəməz”

ABŞ da, Rusiya da yaxşı bilir ki, Türkiyənin Rusiya ilə strateji məsələlərdə yaxınlaşması situasiyadan yaranmış məsələdir. Ruslar bunu açıq etiraf edir. Yəni bu yaxınlaşmaya məcbur edən səbəblər ortada da var ikən Türkiyəyə heç kim şərt qoya bilməz. Müharibədən sonra Türkiyənin Qarabağ məsələsində biz istədiyimiz səviyyədə olmasa belə mövcudluğu Rusiyanın regionda təkbaşına monopoliyasına qarşı olan bir güc hesab oluna bilər. Qərb və ABŞ bununla barışmağa məcbur olmalıdır. Düşünürəm ki, gözlənilən Bayden-Putin görüşündə əsas ön sırada olan müzakirələr, həmişəki kimi, yenə də Ukrayna, Yaxın Şərq, Rusiyada insan haqları olacaq. Təbii ki, bu danışıqlarda Putin geri çəkilməyəcək və təzyiqlər üçün yeni şərait yaranacaq. Bayaq dediyim kimi, vasitə olaraq bu təzyiqlərin içində Cənubi Qafqaz siyasəti də yer ala bilər. Burada həm Qarabağ, həm də Cənubi Osetiya və Abxaziya məsələsi ola bilər. Əgər bu məsələlər qaldırılsa belə, ancaq Rusiyaya təzyiq etməklə bağlı ola bilər. Etiraf etməliyik ki, ABŞ-ın Qarabağ siyasəti bir sıra Avropa ölkələrindən, məsələn, Fransadan həmişə fərqli olub. Fransa erməni lobbisinin təsiri altında qərarlar, bəyanatlar verirsə, ABŞ həmişə məsələyə aşağı-yuxarı praqmatik baxıb. Ola bilsin ki, məhz Aİ-nin bəzi rəhbərləri, Fransa prezidenti Qarabağla bağlı Baydenə müəyyən təsirlər etməyə çalışsınlar. Amma hansı səviyyədə buna nail olacaqlarını indidən demək olmur. Bütün bunlarla bərabər hazırda bölgədə ABŞ siyasətinin əleyhinə proseslər getdiyini Vaşinqton yaxşı bilir. Görür ki, Minsk Qrupu faktiki kənarda qalıb, Ermənistandakı seçkilərə Rusiya açıq müdaxilə edir. Qərb, ABŞ-a meylli Paşinyanın rusiyapərəst birisi ilə əvəzlənməsinə çalışılır. Azərbaycan-Ermənistan sərhədlərində yaranan provokasiyaları da Paşinyanı vurmaq üçün məhz rusiyapərəst qüvvələrin bilərəkdən yaratdıqları ilə bağlı böyük şübhələr var. Məlumdur ki, Ermənistan ordusunda, xüsusi xidmət orqanlarında Moskvadan təlimat alanlar kifayət qədərdir. Belə bir vəziyyətdə istənilən provokasiyanı görmək mümkündür”.

Elçin Mirzəbəyli: “Sülhməramlılarla bağlı bir sıra detalların aydınlaşmasına ehtiyac var” - Editor.az

Elçin Mirzəbəyli: “Rusiya və Türkiyə arasında hər hansı bir ziddiyyət yaranarsa…”

Politoloq Elçin Mirzəbəyli gedən proseslərin Ankara-Moskva əlaqələrinə təsir edəcəyini düşünmür: “Son günlər bir sıra ölkələrin, o cümlədən, qənaətimə görə, missiyasını biabırçı uğursuzluqla başa vurmuş ATƏT-in Minsk Qrupunun həmsədrləri Fransa və ABŞ-ın 44 günlük müharibənin nəticələri, o cümlədən Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası ilə bağlı baş verənlərin fonunda aşırı fəallıq nümayiş etdirmələri, Ermənistandan daha çox bu ölkədəki marionet fiqurlarının – Nikol Paşinyan və onunla eyni komandada təmsil olunan sorosçuların qorunmasına, hakimiyyətlərinin ömrünün mümkün qədər uzanmasına xidmət edir. Ermənistanda baş verən son istefaların əsasında da çox güman ki, bu amil dayanır. Nikol müharibədən öncəki ”siyasi kurs”unu davam etdirmək niyyətindədir və ola bilsin ki, komandasındakı bəzi şəxslər bu prosesin irəliyə doğru aparıla biləcəyindən əmin olmadıqları və özləri üçün təhlükə gördükləri üçün Paşinyandan ayrılmaq qərarına gəliblər. ABŞ və Fransanı Ermənistanda gələcək siyasi hakimiyyətin taleyinin istisnasız olaraq Rusiya tərəfindən müəyyənləşdiriləcəyi narahat edir. Çünki Paşinyan layihəsinin iflasa uğraması Ermənistanda küçədən hakimiyyətə gəlmək perspektivini heçə endirir ki, bu da son nəticədə Paris və Vaşinqtonun Ermənistandakı siyasi proseslərə yumşaq texnologiyalar vasitəsilə təsir etmək imkanının sıradan çıxması deməkdir. Amma bütün bunların Ankara-Moskva münasibətlərinə təsir edəcəyini düşünmürəm. Rusiya və Türkiyə arasında hər hansı bir ziddiyyət yaranarsa, bu, sözügedən ölkələrin uzlaşdıra bilmədikləri maraqlardan qaynaqlana bilər, Fransa və ABŞ-ın hər hansı bir məsələ üzərindən təzyiq etmək niyyətlərindən yox”.

Hamısını Göstər

Related Articles

Back to top button