Şəmsəddin Əliyev – Mənim həyat hekayətlərim (II hissə)

Əvvəli

“Dövlət səltənəti məmur qələminin ədalətində
və əsgər qılıncında qərar tutur…”

Mütaliə etdiyim yaz günlərinin birində yer üzünün iki hissədən-sudan və torpaqdan ibarət olduğu təkrar rastıma gəldi.

Həyat mənbəyi sayılan suyun şənləndirilməsi və durulması balıqlarla; torpağın yaşaması və şənləndirilməsi isə göydən endirilən yağmur və günəşlə, insanların zəhmət qaynağı sayılan  öküz ilə mümkün olmuşdur. (Qədim zamanlarda öküzün gücü ilə torpağın xışlanmasına, əkib becərilməsinə işarədir). Zamanında Peyğəmbərimiz (ona salam olsun) “Ya Rəsulullah! Yer nəyin üzərində qərar tutur?” sualına  əminliklə: “Balıqla öküzün çiynində”-cavabını vermişdir. O vaxtdan uzun əsrlər keçdikcə bu dərin sualın, dərin cavabı bu gün də, düşündürməyə vadar edir. Heç bir kitab oxumayan Allahın Rəsulu nədən belə cavab vermişdi? Niyə “balıqla öküzün çiynində” cavabından sonra izahını soruşmağa cürət etməmişdilər, niyə? və s.

Bu sual və cavabdan başqa bir sual da yaranır. Dövlət və səltənət bəs nəyin üzərində durur?-sora bilsək, cavab yəqin ki,belə ifadə olunar! “Əsgər qılıncının  cəsarət və qüvvətində, məmur qələminin ədalətində!”

Deməli insanların məskəni yer üzü, komandan və canişini də insandır. Necə ki, ilk peyğəmbər yer üzünün əşrəfi və canişini kimi Aləmlərin Rəbbinin səltənəti ilə yaradılan Adəm (ə.s) dir.

 Dövlət qılınc və qələm üstündə durduğu kimi, yer üzü-dünya da öküz və balığın belindədir- deyə bilərik. Zira öküz çalışmasa, balıq milyonlarla kürüsünü ümmana buraxmasaydı (buraxmazsa) insanın həyatı, yaşaması çətinləşər, sual altında olardı.

Rəsulullah (s.ə.s) qısa cavabıyla insan həyatının,şüursuz varlığın həyatı ilə bağlılığına dair həqiqəti “öküz və balığın belindədir”-cavabını verməklə şübhələrə son qoymuşdu. Bəzən mənə elə gəlir ki, biz bu həqiqəti bürclərin adlarında da görə bilərik. Yer kürəsinin hər ay 12 bürcün birinin kölgəsində olması da çox şeydən xəbər verir.

İnsan Allahın yaratdığı şah əsərlərindəndir. İnsana yaşamaq və yaşamaq uğrunda mübarizə üçün ona ağıl və güc verilib. Lakin o, bu mübarizədə həddini aşmamalıdır. İnsanlar daha yaxşı həyat sürmək üçün bir firqədə və yaxud, müəyyən hüquq, ideologiya və din ilə möhkəmlənən qurumda birləşməli, insanları xidmətə seçərkən onlara dininə, əqidəsinə və düşüncəsinə görə fərq qoyulmamalıdır. Əgər, xalqa və vətənə sədaqətlə xidmət edilirsə, şəxsi maraqlar üçün yox, ümumi maraqlar uğrunda (Alturistlik-ümumi marağa üstünlük vermək) çalışırsa başqa cür rəftara ehtiyac qalmır.

Savadlı, oxuyan adamdan ziyan gəlməz bala, oxuyun!

Kasıblıq xəcalət təridir. O ancaq göz yaşları ilə yardım edə bilər. Kasıbın başqa nəyi olacaq ki?

Dünyaya hər gəlib gedənin bir hekayəsi olur. Bəzi hekayələr yaşasa da yazılmamışdır. Amma bəzən yazılan hekayələr oxunmamış, bəzən də yazılan hekayələr oxunmuş, amma diqqət çəkməmişdir. İnsan həyatı doğumu ilə ölümü arasındadır. Doğum ilə ölüm yalan olmur..

 Mənim həyata gəlməyim ikinci dünya müharibəsindən sonrakı dövrə təsadüf edir. 1948-ci ilin 26 avqust ayı, qızmar yay fəsli. Adımı atam deyibmiş. Ağlımın  bütövlənən və bülövlənən vaxtların birində atamdan: Bu adı mənə kim verib-soruşmuşam. Atam isə adımın mənasını belə izah etmişdi: “Sən dinin günəşi”sən. Şəms-günəş, din isə yəni Allahın bizə endirdiyi İslam dini, müsəlmanların dini.. Anladın? Susub heç nə söyləməmişəm. Az qala haray qoparacaqdım: “Mən, dinin günəşiyəm”. Bunu mənə atam deyib-qürrələnərdim.

İki yaşımda olduğum vaxtlarda atam; “Süd üzlü, göy gözlüdür. Ağzı dualı, baxışlarından isə mərhəmət yağır, balamın”-deyərmiş. Anam bu ifadələri tez-tez xatırlayar, uşaq həddimi aşdığımda, “Ax səni, gökgöz”-deyərkən, düşünərdim ki, nəyisə etməməliydim…

Həmyaşıdlarımla kəndin tozlu-torpaqlı küçələrində bir ağac parçasını ayaqlarımızın arasına alıb  “at kimi” o tərəf, bu tərəfə “çapmaqdan” yorulmazdıq.

Atam dərsimi soruşmamış yatmağa izin verməzdi. Yazıb, oxumağı bacarmayan valideynlərim 6 qardaşın hər birinin oxumasına ciddi nəzarət edərdilər.

“Oxuyan adamdan ziyan gəlməz bala, oxuyun! Kasıblıq xəcalət təridir, oxuyun! Oxusanız kasıblığı inşəallah görməzsiniz!..” – deyərdi

Niyəsini soruşmağa imkan verməzdi. Özü anladardı ki, savadı olan  xeyirxah olar, pis iş görməz, həddini aşmaz, el arasında hörmət, ad-san sahibi olar…

Mən, hüquq fakültəsinin dördüncü kursunda ikən,1974-cü ilin mart ayının 24-də atam 81 yaşında dünyasını dəyişmişdi… Rayonumuz sərhəd bölgəsində olduğu üçün doğulduğum kəndə getməyə  xüsusi icazə tələb olunurdu. Lakin, mən tələbə biletimlə kəndə gedə bildim. Doğma ocağa çatanda həyətimizdə böyük bir izdiham varıydı. Özümü itirmişdim…  Böyük qardaşlarımı da, izdihamın içində seçə bilmədim. İlk gördüyüm anam oldu. Onu ilk dəfə qara kalağayıda görürdüm… Gücüm yetsəydi ölümün başını qurbanlıq qoç kimi kəsib atardım…

 Uşaqlıq illərim arxada qalmışdı. Yaşım 23-cü ilin pillələrini atasız addımlayırdı… Hara gedəcəyimi bilmirdim… Mənim və evin sonbeşiyi, Tibb Universitetinin tələbəsi Fəxrəddinlə yetim günlərimiz başlamışdı…

Yuxarıda qeyd etdim. Mən, 1948-ci ilin avqustun 26- da paytaxdan 260 km aralıda, Lerik rayonunun dağ kəndində anadan olmuşdum.

Uşaqlığım kənddə, meşə ətrafındakı sahələrdə, yeniyetmə çağlarım da, həmin yerlərdə keçib. Yaşıdlarımla boş vaxtlarımızda heyvanlarımızı meşə ətrafındakı sahələrdə otarar, dərslərimizə  də vaxt tapıb  hazırlaşardıq. 14 yaşımda həmyaşıdlarımla birlikdə bizi kəndimizdən 10 km aralıda yerləşən Rayon Partiya Komitəsinə dəvət edib komsomola üzv qəbul etdilər. O zaman Pioner, Komsomol və Kommunist olmaq şərəf sayılırdı. Deməli, sən artıq gələcək üçün ehtiyatda olan lazımlı kadrsan, davranışlarına sahib çıx, arxanca nəzarət var-deməkdi.

 Orta təhsilimi (11-ci sinfi) 1966-cı  ildə Masallı rayonun N. Nərimanov adına 2 saylı   tam orta məktəbində almışdım. Həmin ilin sentyabr ayında gənclik şəhəri olan Sumqayıta yola düşdüm. Cavan, sənaye şəhəri ilə qısa tanışlıqdan sonra Sumqayıt Kimya Zavodunun Yuyucu  Tozlar sexində fəhlə işləməyə başladım. Şəhər həyatı mənə nə qədər yeni və xoş təəssürat bəxş edirdisə, çalışdığım iş və əhatəsində olduğum kollektiv də, bir o qədər maraqlı idi. Xoş ovqatla işə və evə-yataqxanaya tələsərdim.  

  Diqqətimi cəlb edən Rusiyanın müxtəlif şəhərlərindən peşə və ali təhsilli gənclərin təyinat üzrə çalışdığım zavoda işləməyə göndərilənlər idi. Rus dilli gənclərlə bir yerdə işlədikcə qarşılıqlı və mehriban ünsiyyətimiz yaranırdı.

Sovet dövləti sosial dövlət idi

 Sovet ittifaqının ünvanına müxtəlif iradlar bildirilir, lənətlər yağdırılır. Amma, onun müsbət cəhətləri, yaddaşdan silinməyən mənəvi dəyərlərin qorunması ilə bağlı xatirələr də çoxdur. Zavodda iş rejimi üç növbədə qurulmuşdu. Bir həftə birinci növbə: səhər saat 8-dən 16:00-dək, ikinci növbə:saat 16:00-dan 22:00-dək, üçüncü növbə isə 22:00-dan səhər saat 08:00-dək davam edərdi. Hər növbənin növbə rəisi, növbə ustası, və növbə üzrə baş aparatçısı olardı. Hər növbə 8 saat ərzində zavodun ritmik iş ahəngini təmin edər, buraxılan məhsulun keyfiyyəti üçün məsuliyyət daşıyar və zəmanət verərdi.

Bu gün də yadımda qalan, unuda bilməyəcəyim günlər var. Növbəyə gələn hər bir işçiyə gündə bir dəfə (işə başlamazdan öncə) pulsuz (talonla) nahar verilərdi. Bu, ev-eşiyi olmayan və valideynlərsiz  yaşayan gənclərə, kənardan gələn mütəxəssislərə sosial qayğının əyani təcəssümü idi. Verilən şam və naharda  birinci-sulu yemək-şorba, borş, bir fincan kompot, kisel və ya qatıq, ikinci yeməyə isə qarabaşaq və ya düyü ilə mal ətindən hazırlanmış kotlet və 50 qr.kərə yağı verilərdi. Açığı, gün ərzində bir dəfə möhkəm nahar etməklə 8 saatlıq gərgin işin öhdəsindən gəlmək mümkün idi. Ay ərzində 30-31 günlük süd məhsulları almaq üçün isə yenə pulsuz talon verilərdi. Bunların hamısı uzağa getmədən, zavodun yeməkxanasında əldə edilərdi. Bir sözlə, sovet islahatları cəmiyyətin sosial rifahı üçün hər şeyi edər və cəmiyyətə zidd münasibətlərə imkan verilməzdi. Kosmopolit bir kollektivdə və cəmiyyətdə hamı çalışır, işləmək istəyənlər üçün həmişə iş tapılardı. Alınan əmək haqqı ilə bir ay ərzində sosial ehtiyaclarını ödəmək, hətta müəyyən məbləği də “dar günə”toplamaq olardı. Əmək haqqı ayda iki dəfə – hər ayın 18-22-də avans, (aylıq əmək haqqının təxminən 3%) növbəti ayın 3-5-də isə (poluçka) qalan məbləğ ödənilərdi. Etiraf edim ki, subay və gələcəyini axtaran bir gənc üçün aylıq orta əmək haqqı 240-320 manat təşkil edərdi. Həmin dövrün məmurlarının, partiya işçilərinin, rayon, şəhər prokurorlarının aylıq əmək haqqı 120 man. və yaxud 180-280 man. civarında olardı. Əmək kollektivi  ayın, rübün, yarım illiyin və ilin yekununlarının nəticələrindən asılı olaraq mükafatlar da alardı. Şən günlərimiz  çox olur, dedi-qodusuz və problemsiz həyat tərzi mənalı keçər, bayram günlərinə həsr olunmuş “əyləncəli gecələr”i təsvir etməkdə isə çətinlik çəkirəm. Belə, şirin günlərimiz təqvimdə çox olurdu. İndi həmin günlər xatirələrə çevrilsə də, təkrarlana biləcəyi üçün zəmin və həvəs də yoxdur. Güman etmək də, ən azı sadəlövhlükdən başqa bir şey deyil… Şüar olaraq səslənən “KOMMUNİZM” cəmiyyətini (Sosializm ictimai-iqtisadi formasiyasından sonra gözlədiyimiz sonuncu formasiya-kommunizm-sərvətin sel kimi aşıb daşacağı bir cəmiyyət, heç kimin, heç nəyə ehtiyacı olmadığı bir quruluş və s.) sən demə yaşamışıq…

Sumqayıt kimya zavodunda fəhlə kimi  işlədiyim günlərin nə vaxt başlayıb qurtardığının fərqində olmurdum. Hər günümün özünə xas maraqlı xatirələri olurdu.

Qarşıma hüquq fakültəsində oxumaq məqsədi qoymuşdum. Bu niyyətlə topladığım sənədləri Bakı Dövlət Universitetinin “Sənədlərin qəbulu şöbəsi”nə təhvil verdim. Sovet dövründə hüquqşünaslıq ixtisası üzrə təhsil almaq yalnız bir ali təhsil ocağında-(indiki Bakı Dövlət Universiteti) Sergey Mironoviç Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Bakı Dövlət Universitetində-əyani, axşam və qiyabi şöbələrinin rus və azərbaycan dillərində mümkün idi. İmtahanlara hazırlaşmaq üçün məzuniyyət götürdüm. Sumqayıt şəhərinin 45-ci məhəlləsində yaşayan dayım oğlu Vəkil ilə birlikdə hazırlaşmağa başladıq-o, şərqşünaslıq, mən isə hüquq fakültəsinə. İmtahan verəcəyimiz fənlər eyni idi. Tarix, Ədəbiyyat həm yazılı, həm də şifahi və bir də xarici dildən imtahan verməliydik. Hər gün az istirahətlə oxuyar, sonra oxuduğumuz paraqraflar əsnasında sualları cavablandırardıq. Sübh namazından sonra dəniz kənarı parka çıxıb oxuduqlarımızı təkrar bir-birimizə danışardıq. Beləcə bir ay 10 gün müddətində bəlli suallara uyğun hazırlaşa bildik. Qəbul olunmağa şansımız böyük idi. Vəkil dayı oğlunun iş stajı məndən çox olduğundan daha ümidli idi. Mənim isə iki illik “fəhlə əmək stajı”m qəbul zamanı üstünlük verə bilərdi. Hüquq fakültəsinin əyani şöbəsinə 25 nəfər, Şərqşünaslıq fakültəsinə isə 8 nəfər tələbə nəzərdə tutulurdu. İmtahanlar başlamışdı. İmtahan vərəqələrində şəkilimiz olsa da, giriş zamanı pasport tələb olunurdu. İmtahan vərəqələri  şəxsiyyəti təsdiq edən sənədlə birlikdə təqdim olunurdu. İlk imtahan “Tarix” fənnindən başladı və 4(yaxşı) aldım. Dayıoğlu da 4(yaxşı) almışdı. İkinci imtahan “Ədəbiyyatdan” yazılı olacaqdı. Yaxşı yadımdadır, “Azərbaycan sənaye mərkəzidir” başlıqlı sərbəst mövzunu yazmağa başlamışdım. Daha çox Sumqayıtın kimya sənayesindən, onun əmək kollektivindən, fərqlənən qəhrəmanlarından, şair qardaşım Zülfüqar Əliyevin Sosialist Əməyi qəhrəmanı Zəminə Həsənovaya həsr etdiyi “Zəminə”poemasından da bir neçə misra qeyd etmişdim. Bakı, Sumqayıt, Mingəçevir, Gəncə və Əli-Bayramlı (indiki Şirvan) şəhərlərindəki sənayenin inkişafına dair fikir və mülahizələrimi qələmə almışdım. İmtahandan sonra Sumqayıta, Zülfüqar qardaşımın evinə gəldim. İmtahanda yazdığım mətni ona demək olar ki, təkrar yazıb göstərdim. “Afərin! Qiymət almağına alacaqsan, amma yaxşı qiyməti, “Zəminə”yə görə yazacaqlar.”-dedi…5/4 qiymət almışdım. Xarici dildən isə orta məktəbdə bu sahədə tədris olmadığından heç nə soruşmadan 3(kafi)yazmışdılar. İki illik “fəhləliklə” bağlı iş stajım mənim hüquq fakültəsinə qəbul olmağıma kömək etdi. Diqqət edin, Sosialist dövləti fəhlə işləyənlərə və hərbi xidmətini bitirənlərə üstünlük verərdi.

Həmin gün, mənim həyat pillələrimin epiqrafıdır-deyərdim.

Əmim Əbülfəz və şair qardaşım Zülfüqar da mənimlə birlikdə universitetə gəlmişdik. Məlum oldu ki, 20-25 bal toplayanlar tələbəlik biletini ala bilərdi. Ondan aşağı bal toplayanların müsabiqədən keçməsi isə ağlabatan deyildi. Çox məyus idim. Düşüncələrə qapılmışdım: “İki nəfərin-Əmim və böyük qardaşımın yanında məni başıaşağı etmə, ya Rəbbim!”- duaları ilə səssiz-səmirsiz razü-niyaz etdim. Bu məqamda universitetin qapıları açıldı. Bizi, asılan lövhələrdəki siyahıya baxmaq üçün içəri dəvət etdilər. Sıxlıq olduğundan mən çətinliklə hüquq fakültəsinə aid lövhəni tapa bildim. Lövhəyə yaxınlaşa bilməsəm də, kənardan siyahının 17-ci sırasında soyadımı, adımı və atamın adımı oxuya bildim. Bir də baxdım və diqqətlə atamın adını təkrar-təkrar, bir də oxudum: “Mənsur oğlu”. Başqa şübhə yeri qalmamışdı. Tələbə biletimi qazanmışdım. Sevindiyimdən qeyri-ixtiyari: Qəbul olunmuşa..aamm, car çəkib bayıra qaçdım. Pilləkənləri nə vaxt və necə tullandığımı bilmədim. Əmim və qardaşıma ucadan: “Qəbul olunmuşam”! Hər ikisini qucaqladım. Şair qardaşım bu dəfə özü içəri keçdi. Bir az sonra gülə-gülə qayıtdı. Əhsən, Şəmi, əhsən! Əmin oldum ki, qəbul olmusan…

Sosialist dövlətinin heç vaxt unuda bilməyəcəyim başqa cəhətləri də olub. Adətən əyani təhsil alan tələbələrin işə götürülməsi yasaq olunardı. Bu, onunla izah edilirdi ki, tələbə oxumalı, dərsə davamiyyətində çətinlik olmamalı və fənlərin mənimsəməsini yetirməli idi. Aldığımız təqaüd və ödənişsiz yataqxana ilə təmin olunmağımız da “yalnız oxumaq və oxumağı” tövsiyə edirdi. Amma mən, hər gün Sumqayıt-Bakı marşrutunda hərəkət edən avtobuslarla səhər Bakıya, nahardan sonra isə Sumqayıta qayıtmalı olurdum. Aldığım təqaüd bəs etməzdi. Universitetdən əvvəl çalışdığım Sumqayıt Polimer Tikinti Materialları Kombinatında ikinci növbə fəhlə qismində işimə davam etməyə direktorluq icazə vermişdi. Kənddə böyüyüb başa çatmağım, uşaqlıq illərimlə uzlaşmayan əziyyətli günlərim burda dadıma çatmışdı. Kombinatda iş növbəli, həm də zərərli istehsalat prosesinə aid idi. İşin ağırlığından və zəhərli mühitindən heç vaxt qaçmadım. Mən, daha zəhərli –Linoleum sexində yalnız ikinci növbə çalışardım. Bu minvalla, müdiriyyət iki il məni həmin kombinatda 185 man. aylıq məvaciblə yola verdi. Tanrı o dünyalarını versin!…

Üçüncü kursa keçdiyim ərəfədə qardaşlarım-Zülfüqar və Ağaddinin köməyi ilə mən Sumqayıtın İnşaatçılar qəsəbəsində şərti məhkum olunmuşların məskunlaşdığı yataqxanaların birində “Tərbiyəçi müəllim” vəzifəsində çalışmağa başladım. Yataqxanalar 2-saylı Qırmızı Əmək Bayrağı Ordenli 1№-li Tikinti Trestinə məxsus idi. İşlədiyim yataqxanada mənə ayrıca bir otaq da təhkim olunmuşdu. “Tərbiyəçi müəllim” kimi işlədiyim yataqxanada həm də yaşayırdım. Vəzifəmin imperativ cəhətləri də olurdu. Yataqxanada Şərti məhkumların qohumları ilə görüşə biz mane ola bilərdik. Bu baxımdan gələcək hüquqşünas kimi sözüm yataqxanada  keçərli idi. İstirahət günlərində Tibb Universitetinin tələbəsi olan kiçik qardaşım Fəxrəddin də yanıma gələr, qardaş-dostcasına dərdləşər, varımızı bölüşərdik. İşimiz maraqlı idi. Məhkumların islah olunması məqsədilə yataqxanalarda kütləvi-mədəni, maarifləndirmə xarakterli tədbirlər həyata keçirərdik. Vəzifə funksiyalarımızın qayəsi məhkumları ictimai münasibətlərə zidd davranışlarından çəkindirmək, keçirilən tədbirlərlə baş verə biləcək təkrar cinayətlərin qarşısını almaqdan ibarət idi. Əslində bu missiya xeyirxah və vətəndaş borcu kimi səslənirdi.

Bir gün qardaşım Zülfüqar mənə dərsdən sonra Bakının Zevin küçəsində yerləşən “Ədəbiyyat və İncəsənət Qəzeti”nin (Konstitusiya Məhkəməsinin Azneftə düşən küçəsi) redaksiyasına getməyimi tapşırdı. Qəzetin Baş redaktoru xalq şairi və “İstiqlal” ordenli Nəriman Həsənzadənin Sumqayıt şəhərində, Şərti məhkum olmuşların məskunlaşdığı yataqxanada şair-ziyalılarla keçiriləcək görüşün dəvətnaməsi üçün 4 misralıq şerini götürüb ona  çatdırmalıydım. Dərsdən sonra redaksiyaya gəldim. Nəriman müəllimi soruşduqda, kabinetində olduğunu dedilər. Qapını döyüb içəri keçdim. Salamlaşdıq. “Mən Zülfüqarın qardaşıyam”-dedim. Ardını deməyə imkan vermədi. “Hə, hə, hüquq fakültəsində oxuyan qardaşı?”  “Bəli!” “Sən həm də o yataqxanada işləyirsən. Bir dəqiqə”-deyib qələmi əlinə aldı. “Elə bilirəm ki, bu, 4 misralıq şer bəsdir”. Kağızı iki qatlayıb mənə uzatdı. “Salam deyərsən və inşəallah yataqxanadakı tədbirdə görüşərik”-dedi. Hörmət əlaməti olaraq ayağa durub məni qapıya qədər yola saldı. Redaksiyadan çıxan kimi Nəriman müəllimin verdiyi iki qatlanmış vərəqi açıb çox sadə bir dildə yazılan və yaddaşa hopan 4 misralıq şerini oxudum:

Bəzən yolum üstə duman, sis oldu.
Mən dedim gecələr səhərsiz olmaz.
Dünyaya gəlməyim xəbərsiz oldu.
Dünyadan getməyim xəbərsiz olmaz!

Nəzərdə tutulan tədbirin keçirilməsinə hazırlanan dəvətnamənin üz səthinə həmin o dörd misra qeyd olunmuşdu. Bir də, “Sizi tanınmış şair Nəriman Həsənzadə ilə…. keçiriləcək görüşə dəvət edirik”…sözləri yer almışdı. Görüşdə şair Söhrab Tahir (Cənubi Azərbaycandan olub, Sovet Azərbaycanında mühacir həyatı yaşayan şair), nəğməkar şair Məmməd Rahim və Zülfüqar Əliyev iştirak edirdilər. Doğrusu şərti məhkum olunanlarla keçirilən poetik görüş gözləmədiyimiz dərəcədə maraqla dinlənildi. Verilən suallar və cavablar daha çox diqqət çəkdi. Əslən Kəlbəcərdən olan İsi dayının (onu belə adlandırardıq) Sohrab Tahirə: “Heç, İrana-Təbrizə getmək konlünüzdən keçirmi, yəni bir də ora qayıtmaq istərdinizmi?”- sualına Söhrab Tahir kövrələ-kövrələ : “Mən, gecələr başımı yastığa qoyan kimi o tayda oluram. Ayılanda görürəm ki,bu taydayam”-cavabını verdikdə….

(davamı)

Hamısını Göstər

Related Articles

Back to top button